Şəmkir sakini: "millət vəkilimizin üzünü görməmişik"
Şəmkirdə Mirehli kənd sakinləri yaşadıqları şəraitlərindən - qazın olmamasından, işığın vaxtında verilməməsindən şikayət edərək "geridə qalmış bir kənd" olduqları deyiblər.
"Biz də istəyərdik insan kimi yaşayaq", kənd sakini Valeh Babayev kinorejissor Elvin Adıgözələ deyib.
Digər sakin isə deyib ki, daşqınlara görə evi su ilə basılandan sonra yardım üçün icra nümayəndəsinə müraciət etsə də, ondan sığorta kartı tələb edilib.
"Dedim, gəl kəndin başından çöldə dayanaq görək, bu kənddə hansı evin sığortası var?"
O, həmçinin Şəmkir rayonunun millət vəkili Mübariz Qurbanlının "üzünü görmədiyini" deyib.
Bu il BBC Azərbaycancaya müsahibəsində cənab Qurbanlı "il ərzində dəfələrlə" qış və yay tətillərində kəndləri gəzib seçicilərlə görüşdüyünü demişdi.
"İndi seçicilərlə təmas üçün imkanlar daha genişdir, ən çox elektron mübadilənin artması nəticəsində seçicilərlə əlaqənin yaranması çox əlverişli şərait doğurur. Əlbəttə, kəndlərdə elektron poçtlardan istifadə o səviyyədə deyil, amma mobil telefondan istifadə imkanı genişdir. Həm də millət vəkillərinin yerlərdə ofisləri var, orada köməkçilərimiz seçicilərin problemlərini dinləyirlər".