Azərbaycanın Britaniyadakı səfiri nazir oğullarının London mülklərindən xəbərsizdir
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov BBC Azərbaycanca oxucularının suallarına cavab verib.
Oxucuların sualları Azərbaycanda siyasi məhbuslar, viza məsələləri, Britaniya və Azərbaycan arasında fərqlər və Azərbaycan nazirlərinin oğullarının Britaniya vətəndaşlığı haqqında olub.
Anar Məmmədli və digər suallar
Səfir Qurbanov həmçinin BBC Azərbaycancanın suallarını cavablandırıb.
O, Azərbaycanda hakimiyyətin avtoritar olması fikirlərlə və insan haqlarının vəziyyətinə dair hesabatlarla razılaşmadığını deyib və hökumətin öz tənqidçilərini həbsə almaq qərarlarını müdafiə edib.
Azərbaycanda oktyabr ayında keçirilmiş prezident seçkilərində qanunsuzluqlar barədə hesabatın müəllifi Anar Məmmədlinin səsverməyə təsir etməyə cəhd və vergidən yayınma ittihamları ilə həbsinin səbəbləri barədə isə səfir açıqlama verməyib.
"Məndə olan məlumata görə, Anar Məmmədlinin həbsinin onun ictimai fəaliyyətilə əlaqəsi yoxdur", səfir deyib.
O, "məhkəmənin qərarını gözləməyi" məsləhət görüb.