Səfir Qurbanov: "Anar Məmmədlinin həbsinin ictimai fəaliyyətilə əlaqəsi yoxdur"
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov BBC Azərbaycancanın suallarını cavablandırıb.
O, Azərbaycanda hakimiyyətin avtoritar olması fikirlərlə və insan haqlarının vəziyyətinə dair hesabatlarla razılaşmadığını deyib və hökumətin öz tənqidçilərini həbsə almaq qərarlarını müdafiə edib.
Azərbaycanda oktyabr ayında keçirilmiş prezident seçkilərində qanunsuzluqlar barədə hesabatın müəllifi Anar Məmmədlinin səsverməyə təsir etməyə cəhd və vergidən yayınma ittihamları ilə həbsinin səbəbləri barədə isə səfir açıqlama verməyib.
"Məndə olan məlumata görə, Anar Məmmədlinin həbsinin onun ictimai fəaliyyətilə əlaqəsi yoxdur", səfir deyib.
O, "məhkəmənin qərarını gözləməyi" məsləhət görüb.
Səfir Qurbanov həmçinin BBC Azərbaycanca oxucularının sosial media vasitəsilə göndərdikləri suallara cavab verib. Müsahibənin həmin suallara cavablarla ikinci hissəsini növbəti günlərdə saytımızda izləyə bilərsiniz.