Oqtay Hüseynov
Moskvada polis orqanlarının bazarlarda keçirdidiyi reydlərin Moskvada yaşayan və çalışan azərbaycanlılara "ciddi təsiri olmayıb".
Bunu BBC Azərbaycancaya müsahibəsində Moskvada fəaliyyət göstərən "Azərbaycan" cəmiyyətinin başçısı, Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq hüquq kafedrasının dosenti Oqtay Hüseynov bildirib.
Oqtay Hüseynovun təbirincə, Rusiyada, o cümlədən, Moskvada yaşayıb çalışan azərbaycanlıların durumu 15-20 il bundan əvvəl müşahidə olunan vəziyyətdən "xeyli fərqlənir".
"Azərbaycanlıların iş tapmaq üçün Rusiya və Moskva bazarlarına üz tutması dövrü çoxdandır kı geridə qalıb, Moskvada azərbaycanlıların bazarla bağlılığı barədə stereotip artıq dağılıb", O.Hüseynov vurğulayıb.
"Azərbaycan" cəmiyyətinin rəhbərinin sözlərinə görə, "bu gün Moskva bazarlarlarında işləyən yalnız tək-tük azərbaycanlıya rast gəlmək mümkündür, onlar da ki, polis reydləri zamanı saxlanılırsa, bir neçə saatdan sonra buraxılırlar".