Erdoğan etirazlara rəğmən planlarından dönməyəcəyini deyir
Rəcəb Tayyib Ərdoğan deyib ki, etiraszlara rəğmən Gezi parkındakı planlar həyata keçiriləcək.
Etirazçılar şəhərin mərkəzindəki Taksim meydanının Gezi parkında ticarət və əyləncə kompleksləri ucaltmaq planlarına qarşı 4-cü gündür ki, aksiya keçirirlər.
Bəziləri hesab edir ki, 2002-ci ildən hakimiyyət başında olan Ərdoğan avtoritarizmə meyllidir.
İstanbulda nümayişin dağıdılması nəticəsində 60 nəfərdən çoxu həbs olunub, onlarla nümayiş iştirakçıları xəsarət alıb.
Polis su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.
İstanbul məhkəməsi ötən gün hökumətin gəzinti parkına ticarət mərkəzi inşa etmə planını müvəqqəti olaraq dayandırıb.
Lakin yenidənqurmaya qarşı etirazlar tezliklə baş nazir Ərdoğana qarşı narazılıq təzahürü alıb, paytaxt Ankaraya və, Bodrumla İzmir daxil olmaqla, başqa şəhərləri də bürüyüb.
“Narazılıq yayı”
Etirazlara münasibət bildirən Rəcəb Tayyib Ərdoğan insanların "təhlükəsizliyini" təmin etmək üçün asayişin bərpa olunacağını deyib.
"Polis orada dünən də vardı, bugün də var, sabah da olacaq.”
Müxbirlərin məlumatlarına görə, ekoloqların aksiyası kimi başlayan etiraz tez bir vaxtda hökumətə qarşı etiraza çevrilib.
Yenidənqurmanın məqsədi meydanda avtomobil hərəkətini yüngülləşdiriməkdir. Lakin layihə üzrə Gezi parkında ticarət mərkəzinin ucaldılması da nəzərdə tutulur.
Ərdoğanın əleyhdarları parkın İstanbul mərkəzində nadir yaşıl yerlərdən biri olduğunu bildirirlər. Etirazçıların əllərindəki, baş nazirin soltan geyimində təsvir olunmuş, şüarlardan biri üzərində “İnsanlar sənə baş əyməyəcək” yazılmışdı.
Etiraz iştirakçılarından biri, politoloq Koray Kaliskanın sözlərinə görə, “bizdə hökumət yoxdur, bizdə yalnız Tayyib Erdoğan var”.
“Onlar bizi eşitmək istəmirlər. Bu, narazılıq yayının başlanğıcıdır”, - o deyib.
Yerli Hurriyet Daily News qəzetinin məlumatına görə, 10 nəfərdən çoxu baş travması və ayaq sınıqları ilə xəstəxanaya düşüb. Jurnalistlərdən birinin başına gözyaşardıcı qaz balonu ilə zərbə endirilib, qəzetin fotoqrafçısı xəsarət alıb.
Zərər çəkənlər arasında əcnəbilər olduğu haqqında məlumatlar alınır.
Ankarada etirazçılar “Hər yerdə müqavimət! Hər yer Taksimdir!” şüarları ilə həmrəylik aksiyası keçirilib.
Baş nazir Ərdoğan meydanda yenidənqurma işləri planından imtina etmək niyyətində olmadığını bəyan edib.
Etiraz
Amnesty International hüquq-müdafiə təşkilatı polisin hərəkətlərini pisləyib. “Türkiyə hökuməti polisin istənilən hədsiz güc tətbiq etməsini qadağan etməli və dərhal sui-istifadə etmə halları üzrə araşdırmalara başlamalıdı”, - təşkilatın Avropa və Mərkəzi Asiya proqramının direktoru John Dalhuisen bəyan edib.
Rəcəcb Tayyib Ərdoğan 2002-ci ildən hakimiyyət başındadır və Türkiyədə bəziləri hesab edirlər ki, ölkə avtoritarizmə doğru yuvarlanır.
Ötən həftə parlament alkoqol içkilərin satışı və istifadəsini məhdudlaşdıran qanun qəbul edib.
Tənqidçilərə cavab verən Türkiyə baş naziri bəyan edib ki, zorla müsəlman dəyərlərini qəbul etdirməyə çalışmır, “gənclərin sərxoş halda veyllənməsinə” son qoymaq istəyir.
Onun Ədalət və İnkişaf Partiyasının üzvləri özlərini mötədil mühafizəkar və siyasi islam tərəfdarları kimi təsnif edirlər. Ərdoğanın özü isə Türkiyədə hakimiyyətin dünyəvilik prinsipinə sadiq qaldığını vurğulayır.