You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
London tualetlərinin tarixi: Temza sahilində “rahatlanma evi” və Büllur sarayda “meymun unitazı”
Bir çox şeyin ilki Londonda yaradılıb: birtərəfli yol, kommersiya satışı üçün hazırlanmış pazl, Britaniyada banan satılan ilk mağaza, sifonlu unitazlar.
Sonuncusu təkcə fizioloji tələbat yox, həm də gender bərabərliyi məsələsi sayılıb. Qadınlar evdən kənarda sivil şəkildə rahatlanmaq hüququ uğrunda uzun müddət mübarizə aparmalı olmuşdular.
Hazırda bu faydalı məkanların - ictimai tualetlərin sayı ildən-ilə azalmaqdadır. Köhnə tikililərdə olanların bir qismi dağılıb gedir, digər qismini müvəqqəti eksponatların nümayiş etdirildiyi sərgi salonları və kafe kimi istifadə etmək üçün satın alırlar.
İctimai unitazlara heyranlığımızı ifadə edək və onlarla bağlı gözlənilməz dərəcədə ibrətamiz ola biləcək bir necə tarixçə danışaq.
Dik Whittington-un nəhəng tualeti
XIX əsrin əvvəllərinə qədər Londonun ictimai tualetlər sistemi çox zəif inkişaf etmişdi. Bütün digər yerlərdə olduğu kimi, burda da kişilər tualet ehtiyaclarını təmin etmək üçün şəhərin arxa küçələrinə keçirdilər, qadınlarsa daha gizli yerlər tapmalı, ya da hansısa müəssisəyə getməli olurdular.
Ancaq bir istisna vardı. 1423-cü ildə Londonun ilk meri, filantrop və üç Britaniya kralının sarayına məxmər və brokar satan Richard Whittington-un təşəbüssüylə kiçik Walbrook çayının Temzaya töküldüyü yerdə 128 yerlik tualet tikilmişdi.
Onun haqqında əfsanələr dolaşırdı, məşhur yumoristik pyes də elə həmin əfsanələr əsasında yazılmışdı. Guya balaca yoxsul oğlan bir tacirin yanında aşpaz işləyirmiş, tacir onunla pis davrandığı üçün pişiyini də götürüb ordan qaçmaq istəyəndə heyvan ona "Dik, üçqat London meri, geri qayıt!" deyibmiş (Başqa bir versiyaya görə, Uittinqton kilsə zənglərinin cingiltisində gələcəkdən xəbər verən sözlər eşidib, ilk gəlirini isə ticarət gəmisindəki siçanları tutmaq üçün lazım olan pişiyini satmaqla qazanıb). Oğlan bu öncəgörməyə inanıb, sonralar tacirin qızıyla evlənib və və başgicəlləndirici karyera qurub. Əslində isə Dik varlı ailədə doğulmuşdu və pişiyi olmuşdusa belə, danışıb-eləməmişdi.
Whittington yoxsul qadınlara xüsusi qayğı göstərirdi. Onun dövründə Londonda tək analar üçün xeyriyyə məqsədli doğum klinikası açılmışdı.
Richard Whittington-un "rahatlama evi" adlanan tualetində hər birində 64 yer olmaqla, iki bölüm vardı - kişilər və qadınlar üçün. Bu, dünyada həm kişilər, həm də qadınlar üçün yerləri olan ilk tualet hesab edilir. Ekskrementlər gündə iki dəfə Temzaya axıdılırdı.
İctimai tualetdən işçi qadınlar istifadə edirdilər. Əsilzadə ledilərsə ya pəncərələri pərdəli karetalarda güvəz saxlamalı, ya da özlərinin və ya tanışlarının evlərinə çox yaxın olmağa çalışmalıydılar.
Büllur sarayda "meymun unitazı"
1851-ci ildə Londonun cənubunda - məşhur Büllur sarayda (Crystal Palace) Böyük sərgi keçirilir. Brighton-dan olan tanınmış santexnik George Jennings orda öz icadını - xarakterik dizaynına görə "meymun unitazı" adlandırdığı sifonlu tualeti nümayiş etdirir. Bir penni ödəməklə təkcə tualetdən yox, individual dəsmaldan, daraqdan və kremli ayaqqabı fırçasından da istifadə etmək olardı. Sərginin davam etdiyi müddət ərzində bu tualetlərə hər iki cinsdən toplam 800 mindən çox adam daxil olur.
Jennings sərginin təşkilatçılarını tualetlərin daimi istifadədə qalmasına inandıra bilir və sonralar onlar il ərzində 1000 funt (indiki məzənnəylə 100000-dən çox) gəlir qazandırır.
O vaxtdan etibarən Londonun ictimai tualetlər sisteminin həm uğurlu, həm də uğursuz dönəmləri olub.
Kişilər üçün ilk müasir şəhər tualeti 2 fevral 1852-ci ildə, Flit-strit,95 ünvanında fəaliyyət göstərməyə başlayıb, 9 gün sonrasa Bedford-strit, 51 ünvanında qadınlar üçün tualet istifadəyə verilib. Zərif bir şəkildə "gözləmə otağı" adlandırılan bu məkanlar dəbli yenilik hesab olunub və "Tayms" qəzetində reklam edilib. Tomas Kepper asılı qələmə birləşdirilmiş klapan-üzgəc hazırlayıb təminatlı su axımına nail olandan sonra onların sayı sürətlə artmağa başlayıb.
XIX əsrdəki ictimai tualetlərin yaradıcıları estetikaya xüsusi önəm veriblər. Məkanlar yer səthindən aşağıda yerləşib; mərmər, mis və rəngli plitələrlə bəzədilən otaqlara zərif metal məhəccərləri olan pilləkənlərlə düşüblər.
1895-ci ildə Cenninqsin yaratdığı şirkət Britaniyanın 36 şəhərində, o cümlədən, Parisdə, Florensiyada, Berlində, Madriddə və Sidneydə ictimai tualetlər açıb. Bundan başqa, Nelson sütununu ucaldan, Londondakı "Liseum" teatrını tikən podratçı ser Samuel Peto və rəngli Milad açıqcalarını dəbə mindirmiş ser Henri Koul də bu bizneslə məşğul olmağa başlayıblar.
Kişi üstünlüyü və "idrar qabları"
XIX əsrin sonlarında Londonda kişi tualetləri üstünlük təşkil edirdi, əsasən ona görə ki, unitazlarla müqayisədə pisuarların istehsalı və istifadəsi daha ucuz başa gəlirdi, üstəlik, onlar daha az yer tuturdu.
Kişi tualetlərinin bir qismi ödənişsiz idi, amma qadınlar təbii ehtiyaclarını ancaq pulla, həm də o dövrdə artıq 2 penniyə çatmış məbləği ödəməklə təmin edə bilərdilər. .
Bundan başqa, hesab edilirdi ki, qadın tualetlərinin çox olmasına ehtiyac yoxdur, çünki zərif cins evdə oturmalıdır; eyni zamanda, hətta bir-birilərindən bütöv divarla ayrılmış olsalar belə, qadın və kişi tualetləriylə yanaşı olması ayıbdır.
1850-ci illərdən etibarən Qadın Sanitar Assosiasiyası bu vacib məsələdə hüquq bərabərliyi uğrunda mübarizə aparıb, "tez-tez ziyarət edilən yerlərdə uyğun şərait yaratmağı" tələb edib. Təşkilatın katibi Rose Adams xanımların "kədərli əzablarını" bəlağətli şəkildə təsvir edib, bildirib ki, "məlum səbəblərə görə ictimaiyyətin diqqətini bu problemə cəlb etmək heç də asan deyil".
Paddinqton rayonun səhiyyə xidmətinin rəhbəri, məşhur və nüfuzlu həkim Stevenson publik şəkildə onu dəstəkləyərək deyib ki, "qadınlar da kişilər kimi yaradılıblar" və qadın tualetləri "həddindən artıq həssas olan birinin şıltaqlığı" deyil. Bu dəstəyi önəmli edən həm o idi ki, Stivenson təkcə tanınmış mütəxəssis yox, həm də kişi idi.
1898-ci ildə yaradılmış Qadın Liberal və Radikal Assosiasiyaları İttifaqının ilk tələblərindən biri Londonun Camden rayonunda qadın tualetinin açılması olub, harda ki, kişilər üçün belə məkanlar artıq yaradılmışdı.
Bu təşəbbüs müqavimətlə qarşılanıb. Ideyanın əleyhinə olanlar iddia ediblər ki, tualetin yaxınlığındakı binaların satış qiyməti düşəcək və onun qarşısındakı növbə nəqliyyat tıxacları yaradacaq. Bundan başqa, bəzi kişilər onların "rahatlama evinin" yanında qadın tualetinin olmasını istəməyiblər.
Məsələ böyük rezonans doğurub. Bələdiyyə ancaq 1905-ci ilin dekabrında buna icazə verib - həmin vaxt yerli kilsə idarəsinin üzvü olan Bernard Shaw qadınlar üçün tualetin müdafiəsinə qalxandan sonra.
Amma bu məsələdə gender bərabərsizliyi davam edib. Kişilər ictimai pisuarlardan pulsuz istifadə edə bildikləri halda, qadınlar daha çox yer tutan və daim texniki xidmət tələb edən unitazlı kabinlərə ancaq ödənişlə daxil olublar.
Texniki çətinlikləri azaltmaq üçün bir ara tualetlərdə qapıları pərdələrlə və unitazları "idrar qabları" - sifonlu mini-tualetlərlə əvəz ediblər. Amma "natəmiz istifadə" barədə çoxsaylı şikayətlərə görə onlardan tezliklə imtina etmək lazım gəlib. Kişi tualetlərində isə, əlbəttə ki, həmişə ancaq nəcib iylər olub.
Hər şeyi dəyişən müharibə
Birinci dünya müharibəsi kişilər cəbhəyə getdiyi üçün küçəyə tək çıxan və işləməyə başlayan qadınların sayında fantastik artıma gətirib çıxarıb. Kişi işçilərin sayı azaldığı üçün idarə və təşkilatlardakı tualetləri qadınların istifadəsinə veriblər.
Belə bir fikir olub ki, müharibədən sonra qadınlar evlərinə dönməli, iş yerlərini kişilərin əlindən almamalıdırlar. Amma belə olmayıb. Bu azmış kimi, 1919-cu ildə qəbul olunmuş qanun işəgötürmədə cinsi mənsubiyyətə görə diskriminasiyanı qadağan edib.
Hərçənd işverənlərə hər iki cinsin nümayəndələrini tualetlə təmin etmək öhdəliyi yaradan qanun ancaq 1992-ci ildə qəbul olunub. London Tarixi Muzeyinin məlumatına görə, ona qədər bəzi sahələrdə qadınları məhz "rahatlıq" çatışmazlığına görə işə götürməyiblər.
Britaniyanın indiki qanunları nə deyir?
- İctimai yerlərdə tualetlərə sərbəst giriş təmin olunmayıb, hüquqi baxımından yerli hakimiyyət orqanlarının bununla məşğul olmaq öhdəliyi yoxdur;
- müştərilər üçün tualetləri olan şirkətlər kənar şəxsləri ora buraxmamaq hüququna malikdirlər;
- işverənlər öz işçilərini tualetlə təmin etməlidirlər;
- mal və xidmət satışıyla məşğul olan müəssisələrdə fiziki əngəlli şəxslər üçün də tualetlərin olması məcburidir.
Təyinatı üzrə istifadə olunmayanda
Viktoriya dövründə və ondan sonra tualetlərdən heç də həmişə təyinatı üzrə istifadə olunmayıb. İngilis dilində bununla bağlı xüsusi söz də var - "cottaging" (Belə müəssisələrin bəziləri kənd koteclərini xatırladıb). Bu, kişilərin bir-biriylə müəyyən dərəcədə soyunmaq məcburiyyəti olan situasiyalarda görüşməsi deməkdir.
XIX əsrdə tikilmiş, sonralar memarlıq abidəsi elan olunaraq restavrasiya edilmiş məşhur Hampstead tualeti 2008-ci ildə müğənni George Michael-in kokain saxlamağa görə orda həbs olunmasıyla məşhurdur. "Historic England" abidələrin mühafizəsi təşkilatının məlumatına görə, bu, 1950 və 1960-cı illərdə dramaturq Joe Orton seksual partnyor axtardığı tualetlərdən hələ də fəaliyyətdə olan sonuncusudur.
1953-cü ildə aktyor və rejissor John Gielgud isə Chelsea-dəki kişi tualetində həbs edilib - o, pisuarın yaxınlığında dolaşan mülki geyimli polis işçisini görməmişdi.
İlk növbədə London həyatının qaranlıqları haqqındakı "Laymhaus gecələri" kitabına görə tanınan yazıçı Thomas Burke 1937-ci ildə Paull Pry təxəllüsüylə kişi tualetlərinin xəritəsi haqqında ikimənalı başlığı olan "Sizin rahatlığınız üçün" kitabını dərc etdirib.
"Nisbətən kobud birini Covent Garden koteclərində axtarın, daha yüksək səviyyəni Waterloo vağzalında. Teatr aləmiylə maraqlanırsınızsa, Jermyn Street-in arxa məhəllələrinə yollanın" - Berk kitabında belə yazırdı.
150 il əvvəl olduğu kimi
"Vacib olan xidməti əldə etmək üçün bəzi xanımlar restoranlara girib lazımsız qəlyanaltılar sifariş etməli olurlar, digərləri şirniyyat və ya qalanteriya mağazalarına gedir. İnamla təxmin yürütmək olar ki, bir neçə pens verilmiş olsa belə, bu, heç də həmişə ən yaxşı xərc variantı deyil" - 1878-ci ildə "Lanset" tibb jurnalının müəllifi belə yazırdı.
Bu situasiya bizim müasirlərimizə də yaxşı tanışdır, hansılar ki, üstünə "ancaq bizim müştərilərimiz üçün" yazılmış tualet qapısından içəri keçə bilmək üçün bir bardaq kofe almalı olurlar.
Aktivistlər buna qarşı bacardıqları qədər mübarizə aparırlar. "London Loo Codes" saytı həmin qapılardakı qıfılların kodlarını dərc edir. Britaniya Tualet Assosiasyası hökumətə yeni "rahatlama evləri" tikdirməyə çalışır. Kraliyyət Tibb Cəmiyyəti "ictimai tualetlərin küçələrin işıqlandırılmasından və zibillərin atılmasından daha az əhəmiyyətli olmadığına" inandırmağa çalışır və buna uyğun qanun qəbul olunmasını tələb edir.