Göz-gözə gələndə niyə hisslər qarışır?

göz kontağı

Şəklin mənbəyi, Getty Images

İzdihamlı bir mühitdə iki insanın göz-gözə gəlməsi romantik filmlərdə ən çox istifadə olunan səhnələrdən biridir. Lakin göz təmasında olduqca qarışıq və şüuraltı reaksiyaları təşkil edən bir vəziyyət mövcuddur.

Yəqin ki, hər kəsin başına gəlib. Səs-küylü və izdihamlı bir mühitdə bir insanla baxışlarınız kəsişir və ətrafdakı hər şey dumanlı şəkil alarkən siz bir-birinizə baxdığınız ortaq nöqtəylə bir anlıq aranızda bir əlaqə hiss edirsiniz.

Göz təmasi hər zaman bu qədər həyəcanlı olmasa da, gündəlik danışıqların təbii bir hissəsi olaraq əhəmiyyətlidir. Biriylə danışarkən, göz təmasına və ya baxışlarını qaçırmasına görə şəxsiyyətini qiymətləndiririk. Küçədə gedərkən insanlar bizimlə göz təması yaratmırsa rədd edilmək hissinə qapılırıq.

Öz təcrübələrimizə əsasən bunu onsuz da bilirik. Psixoloq və nervpotoloqların bu mövzuda illərdir apardığı araşdırmalar, baxışlarımızın nələri üzə çıxardığı və göz təması qurduğumuz insan haqqındakı fikirlərimizin necə dəyişdiyi də daxil olmaqla göz təmasının gücü və təsirinə dair maraqlı məlumatlar ortaya çıxarır.

Baxışlar diqqətimizi cəlb edir və ətrafımızda baş verən digər hadisələr dumanlı şəkil alır. Birinin bizə baxdığını görmək beynimizdə dərhal müəyyən fəaliyyətlərin başlamasına səbəb olur: bizə baxan digər bir insanın zehniylə məşğul olduğumuz düşüncəsi oyandırır. O insanın özünə məxsus bir perspektivi olduğu fikri, bizi öz halımızla bağlı daha diqqətli olmağa istiqamətləndirir.

göz kontağı

Şəklin mənbəyi, Getty Images

Göz təması diqqəti niyə yayındırır?

Zooparkda bir meymunla göz-gözə gəldiyimiz zamanda bu cür reaksiyalar hiss edə bilərik. Sizi görən və haqqınızda düşünən şüurlu bir canlı ilə qarşı-qarşıya olmaq hissi güclü təsir yaradır. Bizə baxan bu şey canlı deyil, rəsm və ya foto belə olsa beynimizdə sosial qavrayışla bağlı bir sıra fəaliyyətlərə səbəb olur.

Başqa bir zehinin mərkəzində oluğumuzu bilmək olduqca diqqəti cəlb edəndir, çünki göz təması ekrandakı yad biri olsa belə o qədər sıxdır ki beynimizdəki idrak ehtiyatlarını tükədir.

Bir başqa insanın birbaşa baxışlarına məruz qalmaq yaddaşa, təxəyyülə və lazımsız məlumatları kənarlaşdıracaq zehni nəzarət bacarığına da təsir göstərir. Biriylə danışarkən söylədiklərimizə daha yaxşı diqqət etmək üçün göz təmasını kəsib baxışlarımızı bir anlıq uzaqlara dikməyimizin səbəbi budur.

göz

Şəklin mənbəyi, Getty Images

İdeal göz təması müddəti

Araşdırmalar göz təmasının qarşımızdakı insanla bağlı fikirlərimizi də formalaşdırdığını göstərir. Məsələn, daha çox göz təması yaradan insanları daha ağıllı, daha uyğun və səmimi (ən azından Qərb mədəniyyətində belədir) qəbul edir və onların söylədiklərinə daha asan inanırıq.

Lakin həddən artıq davam edən göz təması, nüfuzedici baxışlar isə insanı narahat edir. Tədqiqatçılar üstünlük verilən göz təması müddətinin 3 saniyə olduğunu, doqquz saniyədən sonra mənfi təsir buraxdığını göstərirlər.

Qarşılıqlı baxışmanın insanlar arasında ortaq hiss yaratdığı müşahidə olunur. Bizimlə göz təmasında olan yad bir insanı şəxsiyyət və görünüşcə daha çox özümüzə oxşadırıq. Başqaları başqa şeylərlə məşğul olarkən göz-gözə gəldiyimiz insanla xüsusi bir anı paylaşmaq hissinə qapılırıq.

göz kontağı

Şəklin mənbəyi, Getty Images

Göz bəbəklərinin böyüməsi

Daha yaxın məsafədə göz-gözə gəldikdə isə göz bəbəklərinin bir-birindən təsirləndiyi, biri böyüdyü zaman, digərində də eyni reaksiyanın baş verdiyi məlumdur.

Bəziləri bunu şüuraltı sosial təqlid olaraq görüb romantik mənalar versələr də, bəziləri də gözün qarşıdakı insanın gözündəki parlaqlıq dəyişikliyinə təbii fiziki reaksiyası kimi qiymətləndirirlər.

Lakin göz bəbəyinin böyüməsinin psixoloji səbəbləri də vardır. Araşdırmalar intellektual, emosional, estetik və ya cinsi olaraq bir insanda maraq yarandığında göz bəbəklərinin böyüdüyünü göstərir.

Buna əsasən bəziləri göz bəbəkləri iriləşmiş üzləri daha cəlbedici qəbul etdiyimizi və beynin bu vəziyyəti avtomatik olaraq qəbul etdiyimizi iddia edir.

Hətta yüz illər əvvəl qadınlar cazibədar görünmək üçün göz bəbəklərini böyüdən bitki ekstraktlarından istifadə edirmişlər.

göz kontağı

Şəklin mənbəyi, Getty Images

Sağlam olmağa işarə

Lakin qarşımızdakı insana sadəcə göz bəbəkləri ilə mesaj vermirik. Qarışıq hissləri göz əzələlərindən oxuduğumuzu göstərən araşdırmalar var. Məsələn, diksinmə hissi gözlərimizi kiçiltməyimizə səbəb olur və bu yolla bu hissi qarşı tərəfə çatdırmış olur.

Bundan başqa göz bəbəklərinin üzərindəki halqalar sağlam insanlarda daha diqqətə çarpan və bunlar daha cəlbedici olur.

Qisacası "gözlər ürəyin aynasıdır" sözü boş yerə deyilməyib. Gözlər beyini ətraf dünayaya ifşa edir. Bu baxımdan bir başqası ilə göz-gözə gəlmək həmin o insanın beyninə və ruhuna toxunmaq üçün ən yaxın təcrübədir.

Uzun baxışmaların böyük təsiri də bununla bağlıdır.