Hansı ölkələrin sakinləri daha yardımsevərdir?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Pablo Uchoa
- Vəzifə, BBC World Service
Əldə olunan son məlumatlar göstərir ki, altruistik olmaq üçün varlı olmağa ehtiyac yoxdur. Bəs, sizin ölkədə insanlar nə qədər əliaçıqdır?
Niyə Myanmanın sakinləri - adambaşına düşən ÜDM 2295 manatdır (1350 dollar) - xeyriyyə təşkilatlarına, altmış dəfə daha varlı olan Norveçin vətəndaşlarından daha çox ianə verirlər?
Və niyə dünyanın ən uzun iş saatına malik ölkələrindən biri İndoneziyanın vətəndaşları, dünyanın ən qısa iş saatına malik ölkələrindən olan Almaniyanın sakinlərindən daha çox könüllü iş görürlər?
Hamımız yaxşı əməl etmək iqtidarındayıq, amma bəzi cəmiyyətlərdə qayğı özünü digərlərindən daha çox büruzə verir, yeni bir hesabatda deyilir.
Tanımadığın insanlara kömək etmək
Gallup-un Ən Səxavətli Ölkələr - 2018 hesabatına əsasən (Most Generous Countries 2018), braziliyalılar və türklər yardımsevərlik imicindən ləzzət alsalar da, Liviya və İraq sakinləri tanımadıqları insanlara qarşı daha mehribandırlar.
Gallup 2017-ci ildə 146 ölkədən 150 mindən çox insan arasında sorğu keçirib.
İştirakçılara belə bir sual təqdim olunub: ötən ay ərzində xeyriyyə təşkilatına pul ianəsi vermisinizmi, hansısa təşkilatda könüllü kimi işləmisinizmi və ya tanımadığınız bir kəsə kömək etmisinizmi?
Planetimizin 7.6 milyard əhalisindən 2.2 milyardı yad birinə kömək etdiyini, 1.4 milyard pul ianəsi etdiyini və 1 milyardı könüllü kimi işlədiyini deyib, şirkət hesabatında bildirib.
Bəs ölkələr arasındakı bu fərqi nə ilə izah etmək olar?
İnsanları digərlərinə kömək etməyə nə vadar edir?
Uzun illər ərzində tədqiqatçılar başqalarının rifahını yaxşılaşdırmaq addımı olan bu pro-sosial davranış barəsində müxtəlif nəzəriyyələr irəli sürüb.
Birləşmiş Krallıqda (BK) yerləşən Exeter Universitetinin Psixologiya Məktəbindən professor Peter B. Smith BBC-yə deyib: "Millətlər arasındakı fərqlərin səbəblərini aşkara çıxarmaq çox mürəkkəb bir işdir."

Şəklin mənbəyi, Reuters
"Bəzi ölkələr pro-sosial davranışın hər üç növü üzrə yüksək göstəriciyə malik olublar və bəziləri isə əksinə, hər üç növdə aşağı nəticə sərgiləyiblər. Lakin yerli vəziyyət də bu ortaq tendensiyanın zəifləməsində rol oynayır."
2015-ci ildə Journal of Cross-Cultural Psychology (Mədəniyyətlər Arası Psixologiya Jurnalı) üçün yazdığı məqaləsində professor Smith rifah, var-dövlət, inam, gəlir bərabərsizliyi, qəbul edilən korrupsiya, qorxu, qrupun mədəniyyəti və din kimi sosial, iqtisadi və mədəni faktorlara təsirinin mühümlüyünü vurğulamışdı.
Məsələn: bəzi cəmiyyətlər kollektiv mədəniyyətə malikdir və bu da fərddən daha çox qrupun əhəmiyyətini irəli çəkir. Lakin həmin qrupdan kənardakı insanlara bəzən inanmaq olmur.
İqtisadiyyat da rol oynaya bilər: yüksək birdəfəlik gəlir xüsusilə də Qərbdə pul ianə etmək qabiliyyəti ilə əlaqələndirilir.
Amma Myanmanın xeyriyyəçi mədəniyyəti Theravada Buddist ənənələri sayəsində bu qədər inkişaf edib.
Professor Smith deyir ki, gəlir bərabərsizliyi yüksək olan ölkələrin sakinləri də yadlara kömək etməyə meylli olurlar, lakin bunu etməklə riskə girmək təhlükəsi hiss edilən zaman istək azala bilər.
Hər millət və cəmiyyətə məxsus xüsusiyyətlərdən əlavə, pro-sosial davranışlara kontekst təsiri də ola bilər - məsələn, son illərdə yaşanan qaçqın böhranı və sağlamlıq epidemiyaları.

Şəklin mənbəyi, Getty Images
Böhran zamanı bir olmaq
"İllər ərzində aparılan Gallup anketi nəticələrinə nəzər yetirdikdə, pro-sosial davranışları artıran bəzi səbəblər müəyyənləşdirə bilmişəm. Buraya müasirləşən dünyada insanların dəyərlərinin dəyişməsi və spesifik fövqəladə halların təzahürü daxildir," professor Smith deyib.
Son illərdə yaşanan (Avropa, Afrika və Myanma) qaçqın böhranı insanları yadlara kömək etmək və pul ianə etməyə daha çox həvəsləndirib, misal üçün.
"Ebola epidemiyasına düçar olan millətlər arasında vətəndaş cəmiyyətinin yüksək göstəricilər nümayiş etdirməsi xüsusilə maraqlıdır," professor Smith söyləyib.
Gallup-a əsasən, 2017-ci ildə xeyriyyə təşkilatlarına könüllü kimi yazılan insanların ən çox olduğu ölkə İndoneziya olub.
Vətəndaşların etinasızlığı
Spektrın digər başında isə Gallup anketi xeyriyyəyə daha az maraq göstərən ölkələr qrupunu salıb.
Buraya 2017-ci ildə "iqtisadi və siyasi qarışıqlıdan əziyyət çəkməyə davam edən" Yəmən, Fələstin əraziləri və Yunanıstan daxildir.
Mərkəzi və Şərqi Avropa boyunca isə Kommunist dövrünün təsirini yaşayan cəmiyyətlərdə xeyriyyəyə rəğbət azdır.
Və Çində vəziyyət, 2016-cı ildə xeyriyyə ianələrinə qarşı məhdudiyyətlərin yumşaldılmasından sonra, daha yaxşılaşıb.

Şəklin mənbəyi, EPA
Kömək etmək insanı daha xoşbəxt edir
Fresno-da yerləşən California Dövlət Universitetində Psixologiya professoru və yad insanlar üzrə mütəxəssis Dr Robert Levine deyir ki, cəmiyyətlərin xeyriyyəçi individualları cəmiyyətlər haqqında bizim düşündüyümüzdən də çox məlumatları üzə çıxarır.
Bəzi mədəniyyətlər könüllü işləmək və ianələr etməklə insanların yaxşı niyyətli işlərini aktiv şəkildə "normallaşdırıblar".
"Bu isə sosial siyasət və bəzən də ölkəni idarə edən idarə-üsuldan asılıdır," Dr Levine BBC-yə deyib.
"İnsanları könüllülüyə və başqa insanlar üçün yaxşı işlər görməyə həvəsləndirən sistem qurmaq lazımdır. Elə bir sistem ki, insanlar kömək etdikləri fərdlərlə münasibətdə ola bilsinlər və eyni zamanda özlərini təhlükəsiz hiss etsinlər.
Altruistik yanaşma təkcə kömək olunan insanlara yaxşı təsir etmir, Dr Levine deyir. Bu həm də kömək əlini uzadan insanlar üçün xoş təsir bağışlayır.
"Başqaları üçün pul və ya vaxtını xərcləyən insanlar sonralar həyatlarının yaxşılığa doğru dəyişdiyini deyirlər," o söyləyir.
"Bu isə davam edən bir hissdir: həmin anda, yardımı etdikdən dərhal sonra və bir neçə həftə sonra."







