Təbrizdə etnik azərbaycanlılar İran və Ermənistan arasında Norduz sərhəd məntəqəsinin bağlanması tələbilə etiraz aksiyası keçiriblər.
Twitter-də jurnalist Taha Kermani yazıb ki, "bu gün Təbriz şəhərində İranın Qarabağ siyasətinə etiraz edən aksiyalar çox çətin şəraitdə baş tutub.
Bir neçə saat əvvəl etirazçılar polis tərəfindən saxlanılıb.
Polis ciddi təhlükəsizlik tədbirləri görüb.
Aksiyalar başlayan kimi polis sərt şəkildə müdaxilə edib".
O bildirir ki, ən azı 3 şəhərdə - Təbriz, Məşginşəhr və Parsabadda həbs edilənlər olub. Bundan başqa etiraz aksiyaları başlamadan saxlanılanlar olub.
Yayılan videolarda İran polisinin etirazçılara plastik güllələrlə müdaxilə etdiyi bildirilib.
Etirazlarda “Norduz gərək bağlana” şüarları işlədilib, sakinlər həmrəyliyə səslənib.
Şüarlardan biri belə olub:
“Gəl qardaşım meydana, silah gedir Yerəvana
Azərbaycan yan-yana, Norduz gərək bağlana”.
Taha Kermani deyir ki, etiraz Təbrizin mərkəzi küçələri və tarixi Bazar ətrafında başlayıb və sonra ətraf məhəllələrə keçib.
Son günlərdə sosial şəbəkələrdə İrandan Ermənistana silah göndərilməsilə bağlı məlumatlar və buna aid olduğu deyilən videolar yayılıb.
İranın Azərbaycandakı səfirliyi sentyabrın əvvəlində İranın Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri təkzib edib
Azərbaycan Prezidenti İlham Əliyev bu həftə müsahibələrinin birində deyib ki, "İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə biz İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkürümüzü bildirmək istəyirik."