Pokemon Suriya üçün göz yaşları axıdır

Şəklin mənbəyi, Moustafa Jano
Suriyada artıq beş ildir müharibə davam edir və maraqlı tərəflər üçün ətraf aləmin münaqişə barədə rəyini əldə etmək heç də həmişə asan olmayıb.
Bu müharibəyə kənardan baxanlar üçün də çəllək bombalarının partlayışı, intiharçı hücumlar, işgəncə və dinc sakinlərin keçirdiyi aclıq barədə xəbərlər sarsıdıcı təsirini itirməyə başlayıb.
Münaqişənin dünyanın yadından çıxmasının qarşısını almaq məqsədilə Suriya fəalları Pokemon Go kimi qlobal fenomenə əl atıblar.
İndi bu virtual realiti oyununun “pikachu”, “squirtle”, “weedle” və başqa obrazları müharibənin reallıqlarının əks etdirilməsində yardımçı olublar.
Bu həftə anti-Əsəd Suriya İnqilabi Qüvvələrinin (RFS) Media İdarəsi adlı media fəalları qrupu uşaqların çəkdiyi Pokemon obrazlarının fotolarını yayıb.
Şəkil sözlərində hər bir uşağın qiyamçıların nəzarətində olan hansı kənd və ya şəhərdən olması göstərilib. Şəkillərdən birinin altında yazılıb: “Mən İdlibdəki Kəfr Nəbl şəhərindənəm. Gəl və məni xilas et”.

Şəklin mənbəyi, Reuters
Fotoların hansı şəraitdə çəkildiyi bəlli deyil. RFS hələlik şərh üçün edilən ricalara cavab verməyib. Lakin Kəfr Nəbl əvvəllər də beynəlxalq diqqəti cəlb etmək və Qərbin Suriya hökumətinə qarşı hərbi dəstəyini almaq üçün bannerlərə çıxarılıb.
Sosial şəbəkələrdə minlərlə dəfə paylaşılmış Pokemon şəkillərinin arxasında dayanan mesaj bundan ibarətdir: Əgər siz fantastik xəyali məxluqları tutmağa bu qədər vaxt sərf edirsinizsə, nə üçün müharibə girdabında olan uşaqlar üçün heç nə etmirsiniz?

Pokemon obrazlarından Suriyadan kənarda yaşayanlar da istifadə edirlər. Bu məqalənin əvvəllində verilmiş şəkli hazırda İsveçdə yaşayan suriyalı Mustafa Jano hazırlayıb. Bu foto Facebook-da yayılmış minlərlə belə fotodan biridir. Bu şəkillərdə Pokemon qaçqınlarla birlikdə qorxulu dəniz səyahətindən keçərək Avropada qeyri-müəyyən gələcəyə səfər edir.

Şəklin mənbəyi, AFP
Postlarından birində Jano İsveç romançısı Jonas Gardell-dən iqtibas edib: "Baba, sən həmin o dünyanın yandığı 2016-cı ilin yayında nə edirdin? Eh, ay balalar biz onda öz telefonumuzdakı Pokemon personajlarına baxırdıq”.
Danimarkada suriyalı qrafika dizayneri Saif Tahhan Pokemon şəkillərindən istifadə etməklə Suriya Go xəyali oyununun səhnələrini yaradıb. O Pokemon axtarışlarındansa, müharibə girdabında olan insanlara təhlükəsizlik, təhsil və tibbi təchizat axtarışı aparmağa dəvət edir.

Şəklin mənbəyi, Getty

Şəklin mənbəyi, Getty
Tahhan Suriyanı 2011-ci ildə tərk etmiş qaçqındır. O Danimarkada məskən salanadək Misir və İtaliyadan keçməli olub.
"Mən bu şəkilləri insanların diqqətini Suriyanın bəlalarına çəkmək üçün yaratmışam. Qoy insanlar Pokemon oynamaqdansa, suriyalıların iztirablarına baxsınlar, – yazır Tahhan BBC Trending-ə mesajında, - Bu ideya minlərlə dəfə bəyənilib və paylaşılıb və düşünürəm ki, adamları ayıltmaq üçün yaxşı vasitədir. Ümid edirəm ki, insanlar tezliklə bu çağırışlara real həyatda reaksiya verəcəklər”.
Bloq BBC Trending tərəfindən hazırlanıb.




