Britaniya mətbuatı: Osmanlı imperiyasını şəriət məhkəmələri yıxıb?

“The Daily Telegraph” yazır ki, Rusiyanın Russia Today telekanalı Moskvanın Suriya müharibəsində yandırıcı silahdan istifadə etməsini faş edib.

Məqalədə deyilir ki, telekanal sonrakı buraxılışlarında ifşaedici fraqmenti videosüjetdən çıxarıb.

Kreml bundan əvvəl beynəlxalq konvensiyanın qadağan etdiyi bu bombalardan istifadəni israrla danırdı.

“The Telegraph” yazır ki, Russia Today telekanalının sözügedən videosu müdafiə naziri Sergey Şoyqunun Suriyadakı Hmeymim hərbi hava bazasına səfərindən bəhs edirdi.

Məqalədə deyilir ki, videosüjetdə bir pilotun nömrələnmiş bombalarla yüklü təyyarənin yanında dayandığı görünür.

Human Rights Watch və Rusiyada mənzillənmiş kəşfiyyat məlumatı qrupu Conflict Intelligence belə bir nəticəyə gəliblər ki, sözü gedən Su-34 təyyarəsi RBK-500 ZAB-2.5SM nömrəli yandırıcı bomba ilə yüklənmişdi.

Bu təşkilatlar bildiriblər ki, belə tipli bombaların içində termit kimi tanınan metal tozu olur. Yerə atıldıqda bu bombalar od kürəsi şəklini alır.

“The Telegraph” yazır ki, bu bəşəriyyətin ən yandırıcı bombalarından biridir.

Məqalədə deyilir ki, bu bombadan yaralanmış insanlar dəhşətli ağrılara düçar olur, yanğını isə söndürmək mümkün olmur.

Cenevrə Konvensiyasında deyilir ki, “yandırıcı silahların kimyəvi reaksiya nəticəsində yaranan alovundan ilkin məqsəd obyektlərin yandırılması və ya insanlara yanıq yaralarının vurulmasıdır”.

Termit tipli bombalardan Suriyanın şimalındakı Hələbin bombardmanı zamanı istifadə edildiyi barədə xəbərlər yayılmışdı.

Rusiya və prezident Bəşər əl-Əsədin aviasiyası bu ərazidə intensiv bombardman əməliyyatları aparır.

Suriya rejimi strateji şəhərin qiyamçılardan alınmasına çalışır.

“İşıq yağışı”

RT-nin sözü gedən yayınından bir gün sonra Hayan ətrafındakı yaşayış məskənlərinin “od kürəsi” bombaları ilə vurulduğu xəbər verilmişdi.

“Göydən sanki parlaq yağış yağırdı, - deyib Hələbdəki bir fəal “The Telegraph” qəzetinə, - Bombardman gecə baş vermişdi və bütün səma işıqlanmlışdı. Sonradan evlər saatlarla yanırdı”.

Bu fəal “The Telegraph” müxbirinə bombardman zamanı çəkilmiş videonu da təqdim edib.

Termit tipli bombalardan Hələbin bombardmanı zamanı istifadə edildiyi barədə xəbərlər yayılmışdı. Kreml bundan əvvəl bu bombalardan istifadəni israrla danıb.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Termit tipli bombalardan Hələbin bombardmanı zamanı istifadə edildiyi barədə xəbərlər yayılmışdı. Kreml bundan əvvəl bu bombalardan istifadəni israrla danıb.

Suriyadakı bir çox başqa fəalların ötən ay ərzində internetə postladığı videolarda da buna bənzər başqa hücumlar əksini tapıb.

“The Telegraph” yazır ki, yandırıcı bombaların havadan atılması Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Rusiya bu Konvensiyanı imzalamış ölkələrdən biridir.

Lakin Suriya rejimi bu protokolu imzalamaqdan imtina edir və 2012-ci ildən bəri yandırıcı silahlardan bir neçə hallarda istifadə edib.

5 saniyəlik seqment

“The Telegraph” yazır ki, yandırıcı bombanın göründüyü 5 saniyəlik seqment təhlilçilər bu fakt barədə xəbər verdikdən dərhal sonra RT kanalında yayılmış videodan çıxarılıb.

Russia Today telekanalının sözçüsü Anton Vorontsev videonun redaktəyə məruz qaldığını etiraf edib, lakin bildirib ki, bunu süjetdə görünən pilotun təhlükəsizliyinə görə ediblər.

Sözçü bildirib ki, redaktədən məqsəd senzura olmayıb. Telekanal sonradan videonun tam variantını öz saytında bərpa edib.

Buna baxmayaraq beynəlxalq təşkilatlar Rusiyanı hərbi cinayətləri ört-basdır etməkdə günahlandırıb.

Bu silahların identifikasiyasına kömək etmiş Bellingcat təhqiqat jurnalistikası saytının yaradıcısı Eliot Higgins “The Telegraph” qəzetinə deyib ki, yandırıcı silahlar Rusiya üçün böyük problem təşkil edir.

O deyib ki, bu silahlardan hələ münaqişədən əvvəl də istifadə olunmağa başlayıb, lakin yenilik bu bombalardan Rusiyanın istifadə etdiyini göstərən faktlardır.

Human Rights Watch təşkilatının direktorlarından Mary Wareham deyib ki, yandırıcı bombalardan dinc əhalinin yaşadığı ərazilərdə istifadə edilməsi yolverilməzdir.

Osmanlı imperiyası niyə çöküb?

“The İndependent” qəzetinin elm məsələləri üzrə müxbiri Ian Johnston yazır ki, Osmanlı imperiyasındakı şəriət məhkəmələrinin varlı vətəndaşlara tərəfkeşlik etməsi imperatorluğun çökməsində həlledici rol oynamış ola bilər.

Bir Amerika iqtisadçısı bu nəticəyə 1602-1799-cu illər arasında imperiyaya aid 200-dək məhkəmə sənədini öyrəndikdən sonra gəlib.

Alim bildirib ki, məhkəmələr “dəyərli insanların xeyrinə” ədalətsdiz qərarlar çıxarırımış və bu hal istər-istəməz böyük bir dövlətin iflasına yol açıb.

Professor Timur Kuran Economic Journal məcmuəsində dərc olunmuş məqaləsində yazır ki, Osmanlı elitası şəriət məhkəmələrinə güvəndiyindən burada iqtisadi-ticari mübahisələrdə onların xeyrinə çıxarılan qərarlara görə daha böyük faizlə pul ödəyirdilər.

Qadınlar və qeyri-müsəlmanlar

Məqlədə deyilir ki, kreditlərin faizləri Avropada başlayan Sənaye İnqilabı zamanı Osmanlı imperiyasına qoyulan investisiyalara boğucu təsir göstərib.

Şəklin mənbəyi, SPL

Şəklin alt yazısı, Məqlədə deyilir ki, kreditlərin faizləri Avropada başlayan Sənaye İnqilabı zamanı Osmanlı imperiyasına qoyulan investisiyalara boğucu təsir göstərib.

Məbləğinə görə bu ödəniş qadınların və qeyri-müsəlmanların kreditlər üçün ödədiyi faizlərdən də yüksək imiş.

Professorun fikrincə, bütün bunlar Avropada başlamış Sənaye İnqilabı zamanı Osmanlı imperiyasına qoyulan investisiyalara boğucu təsir göstərib.

Alim bildirir ki, bu gün Qərb ölkələrində də buna bənzər proseslər gedir, lakin bu, əsasən cəmiyyətin başqa sektorunda baş verir.

Professor Kuran izah edir ki, Qərbdə yoxsullar dövlət tərəfindən müdafiə olunsalar da, sıxıntı onları yüksək faizli kredit verən dəllallara möhtac edir, halbuki zənginlər kreditlər üçün cüzi faiz ödəyirlər.

Duke Universitetinin professoru Kuran deyir ki, şəriət hakimləri sosial statusu yüksək olanlara kömək etməyə çalışırdılar.

Alimin fikrincə, hakimlərin belə hökmləri ümumilikdə imperiya üçün əks-nəticələrə səbəb olub.

Belə vəziyyətə görə kreditorlar elitar insanlara kredit verməkdən çəkinirdilər.

Vyana qapılarında iflas

Varlılarla müqayisədə qadınlara verilən kreditlərin faizi daha aşağı olurdu, çünki onlar ödəyicilik qabiliyyətini itirəndə ölkədən qaça bilmirdilər, beləki şəriət qadınların kişisiz hərəkətini qadağan edirdi.

Bu isə qadınlara verilən kreditlərin faizini kişilərə verilən kredit faizlərindən də aşağı səviyyədə saxlayırdı. Kişilər üçün orta kredit faizi 26 idi.

Məhz belə bir vəziyyətdə şəriət hakimləri varlıların köməyinə çatırdılar.

Eyni vaxtda Avropada başlanan Sənaye İnqilabı fabrik və zavodların yaranmasına yol açırdı. Çünki burada investorlar daha böyük kreditlər alırdılar.

Bu həmin vaxtlar idi ki, Osmanlı imperiyası Qərbi Avropanın qapılarını döyürdü və ordu az qala Vyananı fəth edəcəkdi.

Lakin vaxtında sənayeləşə bilməyən Osmanlı imperiyasını artıq 19-cu əsrdə “Avropanın xəstə adamı” adlandırırdılar.

Başqa sözlərlə yüksək kredit faizləri imperiyanın inkişafına ciddi əngələ çevrilmişdi.

Lakin professor Kuran deyir ki, Qərbdə başqa xoşagəlməz meyl yaranmışdı. Yoxsulları qorumalı olan müflislik qanunları nəticədə yoxsullara qarşı yönəlirdi.

Çünki heç kəs dövlət tərəfindən qorunan borcluya pul vermək istəmirdi.