Hindistan: kütləvi qırğına görə hökm oxunub

Şəklin mənbəyi, AFP

2002-ci ildə Hindistanın Qucarat ştatında müsəlmanlara qarşı reydlərdə iştirakına görə 11 nəfər ömürlük həbs cəzasına məhkum edilib.

Qulbarq İcması qətliamı kimi tanınan kütləvi qırğında ittiham edilən 24 nəfərdən 12 nəfər yeddi illik, bir nəfər isə 10 illik azadlıqdan məhrum edilib.

Hücum zamanı 69 nəfər doğranaraq yandırılmışdı.

Həmin reydlər zamanı əsasən müsəlmanlar olmaqla, 1000 nəfərdən çox insan həlak olmuşdu.

Baş nazir Narendra Modinin tənqidçiləri bildirirlər ki, həmin vaxt o, reydlərin qarşısını almaq üçün kifayət qədər çalışmayıb.

Əhmədabadda xüsusi məhkəmə hadisəni “vətəndaş cəmiyyəti tarixində ən qaranlıq gün” adlandırıb.

Lakin ölənlər arasında olan tanınmış müsəlman siyasətçi Ehsan Jafrinin arvadı Zakia Jafri hökmlərdan narazı olduğunu deyib.

“Ehsan Jafri öldürüləndə mən ordaydım, bu ədalətli deyil,” o müxbirlərə bildirib.

Qulbarq qətliamından sağ çıxan insanların bildirdiyinə görə, o, kütlənin hücumu zamanı silahından özünümüdafiə üçün istifadə edib.

Zakia Jafrinin sözlərinə görə, əri cənab Modiyə kömək üçün zəng etsə də, kömək gəlməyib.

Cənab Modi bütün ittihamları rədd edib və reydlərə görə üzr istəməyib.

Ali məhkəmə həmçinin 2013-cü ildə kifayət qədər sübutun olmadığını bildirərək onu mühakimə etməkdən imtina edib.