İran: azərbaycan dilində məktəb, yoxsa azərbaycan dili fənni?

Şəklin mənbəyi, Presidnet.ir
İranda etnik azlıqların dillərində oxumaq hüququnun təsdiqlənməsi barədə hakimiyyətin bəyanatında yeni bir şey yoxdur, əslən iranlı fəal, Tribun saytının baş redaktoru Əlirza Ərdəbilli BBC Azərbaycancaya bildirib.
Həftənin əvvəlində İranın şimalındakı Qərbi Azərbaycan ostanına səfər edən İran prezidenti Həsən Ruhani əsasən kürdlərin yaşadığı Məhabad şəhərində çıxış edərkən deyib ki, milli azlıqlar öz dillərini öyrənmək imkanına sahib olmalıdırlar.
"Etnik qrupların, xüsusilə də kürdlərin ana dili tanınmalı və ona hörmət edilməlidir", prezident Ruhani Məhabad şəhərində yığışmış bir neçə min kürdün qarşısında bildirib.
Stokholm şəhərində mənzillənən Əlirza Ərdəbilli, hesab edir ki, İran rəsmiləri dil hüquqlarını tanıyınca onun icrasını milli azlıqların istəyindən fərqli şəkildə görürlər.
Onun sözlərinə görə hakimiyyət “etnik azlıqların dilində tədris” deyəndə Azərbaycan dilinin sadəcə bir fənn kimi öyrənilməsini nəzərdə tutur.
“Bunu Bakının rus sektorunda azərbaycan dilinin öyrənilməsi ilə müqayisə etmək olar”, - Tribun saytının baş redaktoru BBC Azərbaycancaya deyib.
“Millətin istədiyi isə budur ki, bütün tədris prosesi aparılsın türk dilində. Yerlilər belə bir şüar deyir: “Türk dilində mədrəsə olmalıdır, hər kəsə!”.
"Mən etnik diskriminasiyanı dəstəkləmirəm, yeganə qayda və meyar şəxslərin öhdəlikləri yerinə yetirmək qabiliyyəti olmalıdır", - Kürd mediası iyunun 1-də Məhabad şəhərinə baş çəkən prezident Ruhanidən iqtibas gətirir.
İran prezidentinin dini və etnik azlıqların məsələləri üzrə müşaviri Əli Yunusi etnik azlıqların yaşadığı bölgədə yerli dillərdə tədrisə dair artıq göstəriş verildiyini bildirib.
"Hökümət, xalqın ana dilinin türk ve ya kürd olduğu bölgələrdəki məktəblərdə bu dillərdə təhsil alınması üçün göstəriş verdi", IRNA agentliyinə danışan Yunusi deyib.




