Şimali Koreya lideri "siqaret çəkməyi atıb"

Şəklin mənbəyi, Reuters
Cənubi Koreya mətbuatının xəbər verdiyinə görə, 33 yaşlı Şimali Koreya lideri Kim Jong-un siqaret şəkmək vərdişinə son verib.
Bundan əvvəl Kim Jong-un inadkar siqaret aludəçisi kimi ad çıxarmışdı.
Şimali Koreyanın bir çox rəsmi fotolarında Kim Jong-un əlində siqaretlə görünürdü.
Güman edildiyinə görə, o, siqareti tərgitmək qərarına bu ilin mart ayında gəlib və bu yolla ölkədə keçirilən siqaret əleyhinə kampaniyaya dəstək vermiş olub.
Cənubi Koreya mənbələrinə əsasən Kim Jong-un bu ilin mart ayından, Şimali Koreyada ballistik raketin sınağı keçiriləndən ictimaiyyət qarşısında siqaretlə görünməyib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Şimali Koreyada kişi əhalinin yarıdan çoxu siqaret çəkir.
Siqaret əleyhinə keçirilən kampaniya çərçivəsində vətəndaşlara nikotin saqqızları və həblər paylanması nəzərdə tutulur.
