Kepler teleskopu Yer ölçüsündə olan 100 planet aşkar edib

Rəssam həyat üçün yararlı ola bilən palneti belə görür.

Şəklin mənbəyi, nasa

Şəklin alt yazısı, Rəssam həyat üçün yararlı ola bilən palneti belə görür.

Nasa ABŞ Kosmik agentliyinin Kepler teleskopu uzaq ulduzlar ətrafında dövr edən Yer kürəsinə yaxın ölçülü 100-dən çox planet aşkar edib.

Teleskop eləcə də şəraiti suyun və demək həyatın mövcudluğu üçün yararlı sayılan zonalarda 9 kiçik ölçülü planetin olmasını müəyyən edib.

Tapıntılar Kepler teleskopu ilə kəşf olunmuş 1284 yeni planetlər kataloquna daxil edilib.

Nasa-nın bildirdiyinə görə bu, Günəş sistemi xaricində mövcud olan ekzoplanetlərin bir dəfəyə ən çox sayda aşkar edilməsi deməkdir.

Bundan əvvəlki kataloqda kəşf edilmiş planetlərin sayı təxminən 2 dəfə az olub.

Nasa ekspertləri Kepler teleskopu vasitəsilə əldə olunmuş yeni elmi nəticələri çərşənbə axşamı təşkil edilmiş tele-konfrans zamanı müzakirə ediblər.

Kepler teleskopu vasitəsilə uzaq ulduzlar barədə əldə olunan elmi məlumat astronomlara Yer planetinə bənzər obyektləri daha dərindən öyrənməyə imkan verir.

Nasa-nın Kepler teleskopu layihəsinin elmi qrupuna daxil olan Dr Natalie Batalha bildirib ki, hesablamalara görə kainatda 10 milyarda yaxın planetin mühiti həyat üçün yararlı ola bilər.