Panama sənədləri: David Cameron "riyakarlıqda" ittiham edilir

Şəklin mənbəyi, AFP

Leyboristlər partiyası Böyük Britaniyanın baş naziri David Cameron-u "riyakarlıqda" ittiham edib.

Bu, Baş nazirin atası tərəfindən yaradılmış ofşor fondda səhmləri olması barədə məlumatın aşkarlanmasından sonra baş verib.

Cümə axşamı cənab Cameron bildirib ki, o, 2010-ci ildə bu vəzifəyə təyin olmazdan öncə səhmləri satıb və 30.000 funtluq satışdan gəlir vergisini ödəyib.

Onun sözlərinə görə, Blairmore Holdings firması vergidən yayınmaq üçün yaradılmayıb.

Leyboristlərin liderinin müavini Tom Watson bildirib ki, oxşar sxemlərə cəlb edilmiş insanlar "mənəvi cəhətdən düzgün deyillər".

Biznes naziri Nick Boles deyib ki, Baş nazir bazar ertəsi ittihamlar ilk dəfə açıqlanarkən öz səhmlərinin detalları barədə məlumat versəydi, "yaxşı olardı", lakin cənab Cameron-un "atasının yanında olması da təbii insan instinktidir".

Əsas məsələ odur ki, Baş nazir ondan gözlənildiyi kimi bütün vergiləri ödəyib, o təkid edib.

2006-cı ilə qədər Blairmore Holdings firması, müştərilərinin şəxsi məlumatlarının qorunması məqsədilə "adsız səhmlər" işlədən investorlar üçün fond olub. Panamada mənzillənən Mossack Fonseca hüquq firmasına aid 11 milyon sənədin sızmasından sonra bu firma barədə mediada çoxsaylı yazılar yazılıb.

Camerondan bəyanatlar

  • Bazar ertəsi cənab Cameronun sözçüsü baş nazira məxsus olduğu iddia edilən səhmlər barədə deyib ki, "bu, şəxsi məsələdir"
  • Çərşənbə axşamı Baş nazir müsahibəsində deyib: "Mənim nə səhmim, nə də ofşor fondum var. Və mən düşünürəm ki, bu, çox aydın təsvirdir"
  • Sonra Downing Street-in bəyanatında deyilib: "Baş nazirin, onun həyat yoldaşının və uşaqlarının heç bir ofşor fonddan gəliri yoxdur. Baş nazirin heç bir səhmi yoxdur. Əvvəldən də məlum olduğu kimi, Baş nazirin həyat yoldaşı, xanım Cameron atasının torpağı ilə bağlı kiçik səhmləri mövcuddur. Xanım Cameron buradan gəlir vergisi ödəyir"
  • Çərşənbə günü Downing Street növbəti bəyanat verib: "Baş nazir, onun həyat yoldaşı və uşaqlarının gələcəkdə hansısa gəlir əldə edəcəyi ofşor fond yoxdur"
  • Cümə axşamı isə baş nazir ITV News proqramına deyib: "Blairmore Investment Fondunun (Trust) 5000 hissəsi bizim idi, amma 2010-cu ilin yanvarında onu satdıq"