İran neft hasilatını dondurmaq istəmir

Şəklin mənbəyi, Reuters
Tehran neft hasilatını məhdudlaşdırmaqda məntiq görmədiyini və çərşənbə axşamı OPEC təşkilatının üç üzv ölkəsilə Rusiya arasında bağlanmış razılığa qoşulmaq niyyəti olmadığını bildirib.
İranın OPEC ilə əlaqələrinə cavabdeh məmurların qeyd etdiyinə görə, Tehranın Qərb sanksiayalarına məruz qaldığı vaxt digər ölkələr neft istehsalını artırmışdı. Sanksiyalar ləğv olunandan sonra isə hasilatı artırmaq növbəsi indi də İrana çatıb.
Tehranın qərarı Dohada əldə olunmuş razılığın həyata keçirilməsini mümkünsüz edir, çünki həmin sazişin qüvvəyə minməsi üçün OPEC-ə üzv olan bütün ölkələrin razılığı tələb olunur - İran isə OPEC üzvüdür. Bu səbəbdən İranla danışıqların davam etdiriləcəyi istisna olunmur.
Bu arada bəzi OPEC üzvləri Doha müqaviləsinə qoşulmağa hazır olduqlarını bildiriblər.
Misal üçün, Küveyt gündəlik neft hasilatını hazırkı 3 milyon barel səviyyəsində saxlamağa razılığını verib. Lakin Küveyt öz razılığını qalan OPEC üzvlərinin də eyni addım atması ilə şərtləndirib.
Çərşənbə günü Doha şəhərində Rusiya, Səudiyyə, Qətər və Venesuela neft hasilatını yanvar ayı səviyyəsində dondurmaq qərarına gəliblər.
Birlikdə bu ölkələrin payına dünya neft ehtiyyatlarının təxminən dörddə biri düşür.
Doha sazişinin məqsədi getdikcə neftin ucuzlaşmasının qarşısını almaqdan ibarətdir. Hələlik həmin sazişin neft birjalarındakı vəziyyətə təsiri gözə dəymir. Ekspertlərin qeyd etdiyinə görə, həmin sazişin işə düşməsi üçün İran da daxil olmaqla OPEC-ə üzv olan 10 ölkənin razılıq verməsi gərəkdir.




