CES 2016 sərgisi: İldə bir dəfə təmizlənən "ağıllı tualet"

Tualetin sınaq nümunəsi bakteriyaları məhv edib təmiz qalmağa hesablanıb
Şəklin alt yazısı, Tualetin sınaq nümunəsi bakteriyaları məhv edib təmiz qalmağa hesablanıb
    • Müəllif, Zoe Kleinman
    • Vəzifə, BBC-nin texnologiyalar müxbiri

İstifadəçi yaxınlaşarkən özü açılan və hər bir su şırnağında özünü təmizləyən “ağıllı tualet” Las Veqasda keçirilən Məişət Elektronikası Sərgisində (Consumer Electronics Show - CES) nümayiş etdirilir.

Bu tualet təkcə özünü yox, ondan istifadə edəni də, “oturaq vəziyyətdə” xüsusi dəstəklə, habelə isti hava və isti su ilə təmizləyir, deyir sərginin sözçüsü.

Üstündəki yarlıqda 9800 dollar yazılmasına baxmayaraq, Neorest tualetlərinin erkən versiyalarından 40 milyon dəsti artıq satılıb.

Vanna otağı şirkəti olan Toto bildirir ki, yeni sınaq dəstləri üzərində hələlik iş davam edir.

Bu tualetin özünütəmizləmə prosesində dezinfeksiya maddəsi ilə sirkonium və titan oksidlərinin qarışığından ibarət şirin kombinasiyasından istifadə edilir. Şir hər dəfə tualet kasasının səthini örtür.

Bu tualet, istifadəçini xüsusi “dəstək”lə təmizləyir, öz gigiyenasını isə ultrabənövşəyi işıq buraxan lampanın köməyi ilə saxlayır
Şəklin alt yazısı, Bu tualet, istifadəçini xüsusi “dəstək”lə təmizləyir, öz gigiyenasını isə ultrabənövşəyi işıq buraxan lampanın köməyi ilə saxlayır

"Tualet elektroliz edilmiş su şırnağını oturacaq kasasına bir dəfə axıdır – deyir Toto şirkətinin sözçüsü Lenora Campos, - “Xüsusi proses” suyu zəif ağardıcı məhlula çevirir”.

"Ağardıcı məhlul oturacaq kasasındakı bütün mikrobları öldürür” – deyir sözçü.

Bu arada ultrabənövşəyi lampa səthi işıqlandırır. Bu, kasa divarlarını sürüşkən edir və beləliklə, ora heç nə yapışıb qalmır.

Kasa həm də fotoaktivləşir və oksigen ionlarının bakteriya və virusları məhv etməsinə şərait yaradır.

Qurğu oturacaq kasasının divarlarına yapışmış nəcis materialının parçalanmasını sürətləndirmək üçün oksigen ionlarından istifadə edir

Şəklin mənbəyi, Toto

Şəklin alt yazısı, Qurğu oturacaq kasasının divarlarına yapışmış nəcis materialının parçalanmasını sürətləndirmək üçün oksigen ionlarından istifadə edir

“Bu qayda ilə oturacaq kasasını bir ilədək təmizləməyə bilərsiniz” – deyir xanım Campos.

BBC Las Veqasdakı bir neçə oteldən belə bir tualetlə maraqlanıb-maraqlanmadıqlarını soruşub. Mehmanxanalar şərh verməkdən imtina edib.

Lakin bir ev avadanlığı eksperti deyib ki, bu məhsulu internetə buraxmazdan əvvəl, hələ üzərində bir qədər də təkmilləşdirmə işi aparılmalıydı. “Bu, belə bir fikri təsdiq edir ki, texniki nailiyyətlər təkmilləşdirmə tələb edir” – deyib Forrester Research konsaltinq firmasından Frank Gillett. “Burda söhbət daha nələrisə əlavə etməkdən getmir”.

Potensial alıcılara xəbərdarlıq edilməlidir ki, yeni qurğu onları tualet təmizləməkdən birdəfəlik xilas etməyəcək. Heç olmasa ona görə ki, burada kasadan ətrafa sıçrayan tullantıların təmizlənməsi ümüimiyyətlə, nəzərdə tutulmayıb.