İraq və Suriya döyüşləri xəritələrdə

2014-cü ildə İslam Dövləti (İD) adlı qrupun Suriya və İraq boyunca yürüşləri bütün regionu xaosa qərq edib.
Bütün dünyadan döyüşçü cəlb edən bu cihadçı qruplaşma Suriyadakı Hələbdən İraqdakı Diyala əyalətinədək uzanan bir ərazidə “xilafət” adlandırdığı bir dövlət yaradıb.
ABŞ bu böhrana İD ilə vuruşmaq üçün öz koalisiyasını toplamaqla cavab verib. Koalisiya 2014-cü ilin avqust-sentyabrında İD-in İraq və Suriyadakı mövqelərinə hava zərbələri endirməyə başlayıb.
Suriya prezidenti Bəşər əl-Əsədə dəstək vermək istəyən Rusiya 2015-ci ilin sentyabrından Suriya üzərində hava reydləri və bombardmanları həyata keçirir.
Neçə zərbə endirilib və hədəflər nədir?
2014-cü ilin 8 avqustunda reydlərə başlayandan bəri ABŞ koalisiyası İraqdakı İD hədəflərinə 5500 raket zərbəsi endirib.
Qonşu Suriyada da ABŞ - Bəhreyn, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı 2014-ci il, sentyabrın 22-dən başlayaraq İD-in nəzarətində olan ərazilərə 2800 dəfə hücum edib.
Fransa Suriyada hava zərbələrinə 2015-ci ilin dekabrında başlayıb.


Rusiya ABŞ koalisyasının üzvü olmasa da, senyabrın 30-dan Suriya üzərində hava zərbələrinə başlayıb, həmçinin Xəzərdəki gəmilərdən bölgəyə raket zərbələri endirib.
Rusiya prezidenti Vladimir Putin iddia edir ki, onun qüvvələri İD döyüşçülərini hədəfləyir və onların Homs, Hama, Latakiya və İdlibdəki onlarca mövqeyinə raket zərbələri endirirlər.
ABŞ isə bildirir ki, Rusiyanın əsas məqsədi Əsəd rejimini qoruyub saxlamaq olduğundan onun zərbələri əsasən İD-in yox, Suriya müxalifətinin səngərləndiyi nöqtələrə endirilir.
ABŞ koalisiyasındakı hansı ölkələr hava zərbələri endirir?
İndiyədək koalisiya üçün Suriyadakı bütün hava zərbələrini, demək olar, ABŞ özü endirib.
İraqda başqa ölkələrin rolu daha çox olub. Lakin hətta burada da onların töhfəsi cüzidir. Birləşmiş Krallığın müdafiə naziri Michael Fallon bildirib ki, Kral Hərbi Hava Qüvvələri 2014-cü ildən bəri 330-dək İD döyüşçüsünü məhv edib.
Əcnəbi döyüşçülər
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatına görə regionda olan 31 min döyüşçünün sıralarında çox sayda xarici səfərbərlər var.
Londonda mənzillənmiş Radikallaşmanın və Siyasi Zorakılığın Tədqiqatı Beynəlxalq Mərkəzi (Centre for the Study of Radicalisation and Political Violence) və Nyu Yorkda mənzillənmiş Soufan Group kəşfiyyat araşdırmaları qrupunun məlumatları göstərib ki, Suriya və İraqdakı ekstremist qruplaşmalara qoşulmaq üçün 80 ölkədən 20 minədək əcnəbi döyüşçü gəlib.
Bu rəqəmlərə görə bütün cihadçıların 25 faizini Qərbdən gələnlər təşkil etsələr də, onların əksəriyyəti Tunis, Səudiyyə Ərəbistanı, İordaniya və Mərakeş kimi qonşu ərəb ölkələrindəndir.
Döyüş meydanları
13 noyabr 2015-ci il Paris basqınlarının ardınca fransızlar xilafətin Suriyada de fakto paytaxtı sayılan Raqqaya silsilə hava zərbələri endiriblər.
Bu hücumların nəticələri barədə nəsə demək çətindir. Bölgədə internetə çıxışa cihadçılar nəzarət edirlər.
Raqqadan alınan məlumatlarda bu şəhərin İD tərəfindən sükut içində qətliam edildiyi bildirilir. Yerlərdən gələn tvitlər göstərir ki, hava zərbələrinin arzuedilən nəticələri olmayıb.
İD tərəfindən may ayında zəbt edilmiş İraq şəhəri Ramadidə də koalisiyanın irəliləyişi azdır.
Şiə döyüşçülər tərəfindən dəstəklənən İraq hökumət qüvvələri və ABŞ koalisiyasının zərbələri tərəqqiyə imkan verməyib.
Tikrit döyüşü
İraqın Tikrit şəhəri 8 ay İD-in nəzarətində qaldıqdan sonra şiə döyüşçülərin köməyi ilə hökumət qoşunları tərəfindən aprel ayında geri alınıb. Bir ay davam edən əməliyyatdan sonra Bağdad hökuməti bunu İD üzərində “möhtəşəm qələbə” adlandırıb.
Kobanenin strateji əhəmiyyəti
Döyüşlərin başqa bir meydanı, Suriya-Türkiyə sərhədi yaxınlığında yerləşən kürd şəhəri Kobane olub.
Buradan minlərlə sakin Türkiyəyə qaçsa da, koalisiyanın hava zərbələri ilə İD yürüşünü dayandırmaq cəhdləri edilib.
Aylarla davam edən döyüşlərdən sonra ABŞ Mərkəzi Komandanlığı elan edib ki, şəhərin 90 faizi kürd qüvvələrinin nəzarətinə keçib.
2015-ci ilin iyununda Xalq Müdafiə Birlikləri (YPG) kimi tanınan kürd qüvvələri elan ediblər ki, İD-dən şərqdə yerləşən Tel Abyad sərhəd şəhərini ələ keçiriblər. Bu, əhəmiyyətli irəliləyiş idi, beləki İD-in baş qərargahı yerləşən Raqqaya gedən yolu açmış olurdu.
YPG qüvvələri həmçinin Suriyanın şimalında bir sıra məntəqələri nəzarət altına ala biliblər.
Qədim Palmira xərabələri
Yaraqlıların Suriyada hədəf etdikləri əsas məntəqələrdən biri də Palmira idi. İD UNESCO-nun Dünya Mədəniyyət İrsi siyahısında olan bu şəhəri 2015-ci ilin may ayında zəbt edə bilib. Qədim şəhərin yerindəki iki əsas məbəd və üç dəfn qülləsi cihadçılar tərəfindən məhv edilib.
Suriya hökumət təyyarələri Rusiyanın verdiyi raketlərlə sentyabrda İD-in mövqelərinə bir neçə həmlə ediblər.
İnfrastruktur
İslam Dövləti 2014-cü ilin aprelində öz hücumlarının erkən mərhələsində bir sıra İraq bəndlərini hədəfləyərək Fəllucadakı qurğunu ələ keçirib. Sonra cihadçılar 2014-cü ilin avqustunda Mosul bəndini tutmaq istəsələr də, Amerikanın hava zərbələri ilə geri oturdulublar.
İD döyüşçüləri ölkənin Hadisə yaxınlığındakı ikinci böyük su bəndini zəbt etməyə cəhd göstərsələr də, 2014-cü ilin sentyabrında İraq qüvvələri ərazini tuta biliblər.
Əsas bəndlər
Qrup həmçinin İraq və Suriyada neft infrastrukturunun əhəmiyyətli hissəsinə sahiblənib.
Bu ərazilərdəkli mədənlər və neftayırma zavodları İD hərbi birləşmələrinin güclənməsində və qrupun özünü maliyyələşdirməsində həyati rol oynayıb.
2015-ci ilin oktyabrında koalisiya bu ərazilər üzərinə “Qabarma dalğası-2” kod adlı (Tidal Wave II) hücuma başlayıb. Suriyada neft avtosisternlərinin karvanlarına iki ayrı-ayrı zərbə kampaniyası keçirilib. Bu hücumların ərəfəsində əraziyə mülki avtosistern sürücülərini maşınlardan aralı dayanmağa çağıran vərəqələr səpələnib.
Suriya və İraqda neft strukturu

Qaçqınlar

Suriyada döyüşlərdən 4 milyona yaxın insan xaricə qaçıb. Əksəriyyət Türkiyə və Livana pənah gətirib. Lakin əhəmiyyətli sayda qaçqın İraqa gəlib.
Suriya qaçqınları İraqdakı yerli sosial xidmətlər və infrastruktur üzərinə əlavə ağırlıq salıb.
Bundan əlavə BMT-nin təxminlərinə görə, İraqın öz daxilində məcburi köçkün olan 3 milyondan artıq insan var.
Suriyadan qaçanların bəziləri Avropaya çatmaq üçün Aralıq dənizi üstündən təhlükəli dəniz səfərlərinə çıxmalı olublar.
Bu axın Avropanın özündə də miqrant böhranı yaradıb.




