Zimbabve prezidenti parlamentdə “səhv çıxışı” oxuyub

Şəklin mənbəyi, Reuters
Zimbabve prezidenti Robert Mugabe parlamentin açılışında yanlış çıxış mətnindən nitq etdiyinə görə, ertəsi gün millət vəkillərini xüsusi sessiyaya dəvət edib.
91 yaşlı Mugabe yeni fövqəladə sessiyada “əsl çıxışını” oxumalı idi.
Parlamentin açılışında səhvən oxuduğu çıxışı isə o, artıq avqustun 25-də xalqa müraciəti kimi oxumuş və müxalifət tərəfindən küyə basılmışdı.
Çıxışların prezident aparatında çaş-baş salındığı xəbər verilir.
Bu hadisə müxalifət arasında belə bir sualın gündəmə gəlməsinə səbəb olub ki, “üzü yüzə gedən” prezident ölkəyə başçılıq etmək üçün nə dərəcədə yararlıdır?
Hararedəki BBC müxbiri Brian Hungwe deyir ki, ötən çərşənbə axşamı çıxışın canlı yayımını yarımçıq dayandırmış dövlət televiziyası millət vəkillərini çərşənbə günü yenidən parlamentə toplaşmağa dəvət edib.
Cənab Mugabe çıxış etməyə başlayandan artıq az sonra iştirakçılar bunu əvvəllər eşitdiklərini başa düşüblər.
Demokratik Dəyişikliklər naminə Hərəkata (Movement for Democratic Change - MDC) daxil olan müxalifətçilər çıxış zamanı heç bir reaksiya verməsələr də, hakim Zanu-PF partiyasının tərəfdarları nitqi tez-tez təkrar olunan alqışlarla müşayiət ediblər.
Lakin MDC-nin sözçüsü Obert Gutu Reuters agentliyinə deyib ki, “ağlı az-çox başında olan adam yanlış mətni oxuduğunu dərhal başa düşməliydi”.
Bu, “tarixi bir yanlışlıq idi” – deyib müxalifətçi.
Cənab Mugabe ölkənin iqtisadi problemlərininin çözülməsi üçün 10 bənddən ibarət plan barədə nitqi birinci dəfə edərkən müxalifətçi millət vəlkilləri onun çıxışı zamanı mahnı oxumaqla prezidenti küyə basmışdılar.
Prezidentin sözçüsü George Charamba çıxışların qarışdırıldığına görə “səmimi təəssüf” bildirib. Prezident sonradan paytaxt Hararedəki otellərdən birində “lazımi” çıxışı oxuyub.
1980-ci ildən hakimiyyətdə olan cənab Mugabe Afrikanın ən yaşlı prezidentidir.




