Alimlər: Yer kürəsi yoxolma təhlükəsinin növbəti mərhələsindədir

Şəklin mənbəyi, BBC World Service
Yer kürəsində yaşayan canlılar yoxolma təhlükəsinin növbəti mərhələsindədirlər və insanlar birinci qurban ola bilərlər, Amerikanın ən nüfuzlu universitetləri Stanford, Princeton və Berkeley-dəki tədqiqatçılar bu nəticəyə gəliblər.
Alimlər belə hesab edirlər ki, onurğalılar adi şəraitdən 114 dəfə daha artıq sürətlə yox olurlar. Alimlərin nəticəsi belədir: “Biz altıncı böyük yoxolma erasına daxil oluruq.”
Buna oxşar hadisə 65 milyon il bundan əvvəl baş vermişdir. Alimlərin fikrincə, o vaxt bütün dinozavrlar Yer kürəsinin böyük meteoritlə toqquşması nəticəsində yox olmuşlar.
İnsanlar yox olmaq üçün birinci namizəddir

Şəklin mənbəyi, BBC World Service
“Əgər yoxolma təhlükəsinin qarşısı alınmasa, həyatın əvvəlki formada bərpasına milyonlarla il tələb olunacaq, və çox güman ki insanlar yox olmaq üçün birinci namizəddir,“ tədqiqatın müəlliflərindən biri Cerardo Tseballos belə hesab edir.
Tədqiqat zamanı onurğalıların yoxolma sürətinin hal-hazırda yer altındakı minerallara münasibətdə müqayisəsi aparılırdı.
Nəticələr isə onu göstərir ki, indiki yoxolma sürəti Yer kürəsinin kütləvi şəkildə yoxolma təhlükəsi yaşamadığı vaxtlardan 100 dəfə artıqdır.
Təkcə 1900-cu ildən bizim vaxtlara kimi 400-dən artıq onurğalılar növü yoxa çıxıb. Adi vaxtlarda belə yoxolmalar ancaq 10 minilliklər ərzində baş verir.

Şəklin mənbəyi, BBC World Service
Tədqiqatçıların fikrincə, iqlimdə baş verən dəyişikliklər, təbiətin çirkləndirilməsi və meşələrin məhv edilməsi buna səbəb kimi göstərilə bilər.
Ekoloji sistemlərin məhv edilməsi zamanı domino effektini nəzərə alaraq alimlər belə nəticəyə gəliblər ki, misal üçün bal arıları tərəfindən güllərin tozlanması artıq üç insan ömründən sonra baş verməyə bilər.
Oturduğumuz ağacın vurulması
“Bütün dünyada yoxa çıxmaq ehtimalı olan çoxlu növ canlı var, biz sözün əsl mənasında oturduğumuz ağacı baltalayırıq,” Stanford Universitetinin professoru Pol Erlix belə deyir.

Şəklin mənbəyi, BBC World Service
Təbiəti Mühafizə Beynəlxalq Birliyinin (İUCN) məlumatına görə hər il 50-yə yaxın heyvan növü yoxolma həddinə çatmaq dərəcəsindədir. Ümumiyyətlə, 41 faiz qurudakılar və 25 faiz məməlilər bu təhlükə ilə üzləşirlər.
Buna ən bariz nümunə kimi İUCN lemurların ən yaxın illərdə tamamilə yoxolma təhlükəsini misal çəkir. Lemurların 94 faizi yoxolma həddinə çatib, bu qupun beşdə bir hissəsi kritik vəziyyətdədir.
İUCN nümayəndələrinin dediklərinə görə, lemurların yaşadığı Madaqaskar meşələrinin qanundankənar qırılma təhlükəsi ilə yanaşı, bu heyvanların özləri ovçular tərəfindən hədəfə alınır.

Şəklin mənbəyi, BBC World Service
Bəşəriyyətin yoxolma təhlükəsinin altıncı erasına daxil olması barədə xəbərdarlıq hələ keçən il səslənmişdir. Lakin onda Şimali Karolinadakı Duke Universitetinin bioloq alimi və yoxolma üzrə mütəxəssis Stuart Pimm deyirdi ki, növlərin yoxolma sürəti adi vaxtdan 1000 dəfə çoxdur.
Bu dəfəki tədqiqat bir balaca daha təvazökar nəticəni ortaya qoyub – 114 dəfə, lakin bu da diqqətə layiqdir.
Tədqiqatın müəllifləri belə hesab edirlər ki, təbiəti qorumaq sahəsində daha aktiv addımlar nəticəsində yenə də növlərin katastrofik azalmasının qarşısını almaq mümkündür. Lakin bu işlər tez bir zamanda və qətiyyətlə həyata keçirilməlidir.





