Yardım Nepalın ucqarlarına çatmağa başladı

nepal

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Zəlzələdən ölkə əhalisinin dörddə biri zərər çəkib

Nepalda ötən şənbə baş vermiş dağıdıcı zəlzələdən sonra humanitar yardım nəhayət bu gün ölkənin ucqarlarına çatdırılmağa başlayıb.

Katmandu vadisində axtarış-xilasetmə işləri davam etdirilir və BMT bildirib ki, yardımın çatdırıldığı coğrafi ərazi genişləndirilib.

BMT-nin rəsmi səhifəsində məlumat verilir ki, təşkilat zəlzələdən zərər çəkmiş Nepala yardım olaraq 15 milyon dollar yönəldəcək.

Məlumatda qeyd edilir ki, vəsait zəlzələdən zərər çəkmişləri yaşayış yeri, su və qida ilə təmin etməyə yardım edən təşkilatlara ayrılacaq.

Aprelin 25-i 7,8 bal gücündə zəlzələ baş vermişdi. Nəticədə 5 mindən çox insan həyatını itirib, on minə qədər insan yaralanıb. Fəlakət zonasında infrastruktur dağılıb, rabitə və elektrik yoxdur.

BMT-nin məlumatına görə ən azı səkkiz milyon insan zəlzələdən zərər çəkib. Onların bir çoxu yaşayış yerini itirib. Bundan başqa regionda ərzaq və içməli su çatışmazlığı müşahidə olunur.