Fransada evliləri "yoldan çıxaran" sayt məhkəməyə verilib

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, Hugh Schofield
- Vəzifə, BBC News, Paris
İnternet tanışlıq saytlarından biri evli adamlara xidmət göstərdiyi üçün qanunu pozmaqda ittiham edilir. İndi Fransa məhkəməsi bu tanışlıq saytının evliləri “yoldan çıxardığı” barədə iddiaya baxmalıdır.
Əgər ər-arvad sədaqəti Fransanın qanunlarında əks olunubsa, internet saytının ailə xəyanətinə imkan yaratması qanuni sayıla bilərmi?
Hakimlər Fransanın “Gleeden” şirkətinin məsələsinə baxarkən bu məsələyə diqqət yetirəcəklər. Axı, şirkət özünü “evli qadınların ən yaxşı saydıqları tanışlıq saytı” kimi təbliğ edir.
“Gleeden” şirkətinin məhz belə bir təxribatçı reklamını ictimai nəqliyyatda görərək qəzəblənən Katolik Ailələrin Assosiasiyası (Association of Catholic Families - ACF) mülki qaydada məhkəməyə müraciət edib.
Bu, ifrat azadlıqlar verən müasir əsrimizdə bir qədər qəribə görünə bilər, lakin hüquqşünasların fikrincə, ACF-in iddiası məhkəmə tərəfindən təmin edilmək üçün mötəbər bir şansa malikdir.
Ona görə ki, nikahın tərkib hissəsi olan sədaqət Fransanın vətəndaş məcəlləsində xüsusilə qeyd olunub.
Xalq və parlament
Fransada bütün qanunlar parlament tərəfindən düzəlişlər edilə bilən yazılı məcəllələrə söykənir (cinayət məcəlləsi, əmək məcəlləsi, kommersiya məcəlləsi və sair).
Buna görə də, hakimlər məcəllələrin təfsirində sərbəst olsalar da, onların manevr üçün məkanı, məsələn Britaniyanın ümumi qanunlar sistemindəki kimi geniş deyil.

Vətəndaş Məcəlləsinin 212-ci maddəsində deyilir: “Nikah tərəfləri bir-birinə hörmət, sədaqət, kömək və yardım göstərməyə borcludurlar”.
“Fərdlər arasında seksual əlaqələrə imkan yaradan internet saytları çoxdur, lakin “Gleeden”i bu sırada xüsusi edən onun biznesinin nikah sədaqətsizliyi üzərində qurulmasıdır” – Katolik Ailələr Assosiasiyasının prezidenti Jean-Marie Andres deyir.
“Sayt açıq şəkildə bildirir ki, ərli qadınlara nikahdankənar seks imkanı yaradır – Andres deyir – Lakin burada, Fransada xalq və parlament belə bir mövqedə razılığa gəliblər ki, nikah ictimai borcdur. Bu qanunda da belə yazılıb. Biz isə bu iddia ilə isbat etmək istəyirik ki, vətəndaş məcəlləsinin də bir qanun kimi mənası var”.
“Ay siz öləsiniz…”
“Gleeden” ərli qadınları hədəfləməsinə görə ona qarşı irəli sürülən ittihamlardan çəkinmir. Əksinə. Məhz ərli qadınlar bu şirkətin əsas biznesidir.
Mühafizəkarları və katolikləri dəhşətə gətirən belə reklamlar ərli qadınlara təlqin edir ki, sədaqətsizlik nəinki mümkündür, hətta kef eləməli bir şeydir.
Avtobuslara və metro stansiyalarına yapışdırlan reklamlardan birində gəlinlik paltarı geyinmiş cazibədar bir qadın əks olunub. Qadın gizli olaraq arxasında iki barmağını çarpazlayıb. Bu “ay siz öləsiniz” mesajını verir.
2009-cu ildə təsis edilmiş şirkətin saytında deyilir ki, onun 1 milyonu Fransada olmaqla, bütün Avropada 2, 3 milyon üzvü var. Şirkətin ABŞ və başqa ölkələrdəki biznesi daha az əhəmiyyətlidir.
Həyatı mürəkkəbləşdirməyə dəyməz

“Gleeden”in qaydalarına görə qadınlardan üzvlük haqqı alınmır. Kişilər isə burada açdıqları kredit hesabı əsasında qeydiyyatda olan qadınlarla müxtəlif dərəcələrdə təmasda ola bilərlər. Bu barədə mötəbər rəqəmin əldə edilməsi çətin olsa da, “Gleeden” iddia edir ki, onun müştərilərinin 80 faizi evli adamlardır.
44 yaşlı parisli Margot belə istifadəçilərdən biridir. O, uzun illərdir nikahda olsa da, seksual baxımdan təmin olunmadığını söyləyir. Bununla belə o, ərini də tərk etmək fikrində deyil.
“Mən “Gleeden”i elə evli adamlar üçün olduğuna görə seçmişəm. Bu o deməkdir ki, görüşəcəyiniz adam sizin vəziyyətinizdən xəbərdardır. Burada hiylə yoxdur. Biz ərlər, arvadlar, uşaqlar barədə açıq danışa bilərik – deyir Margot, - Bundan başqa belə münasibətlərdə ikimiz də ailəliyik və hara qədər gedə biləcəyimizi də başa düşürük. Belə məsələləri mürəkkəbləşdirməyə dəyməz. Biz hər birimizin şəxsi həyatına hörmət edirik”.
Hərçənd Margot etiraf edir ki, “Gleeden” vasitəsilə görüşdüyü kişilərin əksəriyyəti bir şey deyil. “Onların demək olar ki, hamısı vələddüznadır” – qadın deyir.
Nikahı xilas edən sədaqətsizlik
Margot deyir ki, “Gleeden”in özünü bu sayaq reklam etməsindən bəzilərinin niyə dəhşətə gəldiklərini başa düşür.
“Açıq danışaq. Bu internet saytı sədaqətsizliyi reklam edir. Adamlar belə reklamlara uyub çox asanlıqla sədaqətsiliyə yuvarlana bilərlər – deyir Margot, - Lakin gəlin, riyakar da olmayaq. Həyat ağ və qaradan ibarət deyil. Hər bir evlilikdə müəyyən mərhələdə sədaqətsizlik olur, lakin bu o demək deyildir ki, nikah bununla da dağılır. Bəzən nikahın özünü də sədaqətsizlik qoruyub saxlayır”.
“Gleeden”in nümayəndələri də belə dəlillərə əl atırlar. “Bizim çox sayda müştəriləmiz var ki, ailələrinin qorunub saxlanmasında “gizli bağ”ın əsas rol oynadığını söyləyirlər” - şirkətin sözçüsü Solene Paillet deyir.
Lakin sözçünün əsas arqumenti söz azadlığıdır. “Sədaqətsizliyi biz icad etməmişik. Biz olsaq da, olmasaq, sədaqətsizlik həmişə olacaq” – xanım Paillet deyir.
Adamın öz ağlı
“Biz yalnız tələbata cavab veririk. Əgər kimsə bizim reklamlarımıza baxıb şoka düşürsə, onu heç kim bizə müraciət etməyə zorlamır. Əgər siz reklamda gözəl bir maşın görürsünüzsə, bu o demək deyildir ki, onu mütləq almalısınız. Adamın öz ağlı olmalıdır”.
Hüquqşünaslar deyirlər ki, AFC-nin iddiası o qədər də sadəlövh deyil, çünki qanunun 212-ci maddəsi hələ də qüvvədədir.
“Hüquqi baxımdan bu məhkəmə işinin möhkəm əsası var. Evli adamlar arasında münasibətlərin qurulmasına imkan yaratmaqla “Gleeden”, cütləri öz vətəndaş borclarını pozmağa sövq edir” – ailə hüququ üzrə vəkil Stephane Valory deyir.
“Lakin buna tam əminlik yoxdur. Buna bənzər məsələlərə baxarkən, məhkəmələr həm də müasir cəmiyyətin dəyişmiş mənəvi dəyərlərinə əsaslanır. Sədaqətliliyin borc olması anlayışı kifayət qədər yayğındır, - Stephane Valory deyir, - 50 il bundan əvvəl “Gleeden”in etdiyi, adamları şoka salardı. Bu gün isə çox az adamlar buna fikir verirlər. Odur ki, məhkəmələr də indi 50 il bundan əvvəl ola biləcəyindən fərqli bir şəkildə hökm çıxaracaq”.
Qadına həbsxana, kişiyə cərimə
Burada müəyyən həqiqət var, çünki 50 il bundan əvvəl qüvvədə olan cinayət məcəlləsi sədaqətsizliyi cinayət hesab edirdi. 1810-cu maddəyə görə sədaqətsizlik aktında tutulmuş qadına iki il müddətinə azadlıqdan məhrumetmə cəzası verilə bilərdi, kişilərə isə yalnız cərimə şamil edilirdi!
Əslində, bu maddə 1975-ci ildə ləğv olunana qədər də ölü mətndən başqa bir şey deyildi.
Bu gün Fransada, xüsusən də “Charlie Hebdo” basqını ilə əlaqədar, dinin ictimai həyata sirayət etməsi incə məsələyə çevrilib.
Din və dövlətin bir-birindən ayrı olması yüksək qiymətləndirilir, lakin digər tərəfdən məhkəmələr hökm çıxararkən kilsənin hər hansı bir məsələyə münasibətindən təsirlənə bilərlər.
Burası da var ki, 21-ci əsrin hər şeyə icazə verən dikbaşlığının cilovlanmaması bəzilərini dini təməlçiliyə yuvarlada bilər. Nə isə. Bu barədə hökmü hakimlər verəcəklər.




