Hindistanda eşşəklər zəhmətinə görə mükafatlandırılıb

Şəklin mənbəyi, AFP
Hindistanlı siyasətçi yaxşı iş və sədaqətinə görə iki eşşəyi mükafatlandırıb, mətbuat xəbər verir.
Cənubdakı Banqalor şəhərində müvafiq mərasim vaxtı mükafatı siyasi partiyanın yerli şöbəsinin rəhbəri Vatal Nagaraj təqdim edib, NDTV saytı xəbər verir.
"Mən insanlardan daha sadiq, üzü yola, və intizamlı olan eşşək, it, camış və öküz kimi bütün ev heyvanlarını mükafatlandırmağı qərara almışam”, - siyasətçi, mərasimdə qızılgül ləçəklərilə bəzədilmiş heyvanları nümayiş etdirərkən deyib.
Heyvanların şöhrətləndirilməsinə həsr edilən mərasim şəhərlərarası avtobus vağzalında keçirilib.
Cənab Nagaraj Hindistanda iş heyvanları kimi istifadə edilən eşşəklərə bir çox hallarda əhəmiyyət verilmədiyini deyib.
Belə görünür ki, Banqalorda yeni ənənə kök sala bilər.
Tədbir təşkilatçısı heyvanların “verdiyi töhvələrə görə” hər ay mükafatlandırılacağını deyib.
Cənab Nagaraj mətbuatın diqqətini çəkən qeyri-adi etiraz aksiyaları ilə tanınıb.
Misal üçün 2011-ci ildə yanacağın bahalaşmasına etiraz edən siyasətçi Çamaracanagar şəhərinin mərkəzində camış belində gəzib.
Məlumat BBC Monitorinq xəbəri əsasında hazırlanıb.




