Twitter-də sıxışdırılan İslam Dövləti yeni media platformasına keçir

Şəklin mənbəyi, dispora.com
İslam Dövləti təşkilatının Twitter-dən istifadə etməsi ciddi şəkildə çətinləşdirildikdən sonra ifrat cihadçı qruplar nisbətən az tanınan sosial media platformalarına keçərək istifadəçilərin kimliyini daha möhkəm qoruyan Diaspora internet şəbəkəsində çoxsaylı hesablar açıblar.
İD ötən iyun ayında İraqda heyrətamiz miqyasda torpaqlar qəsb etdikdən sonra, güman ki, onun sosial mediadakı uğurlu hücumlarını buxovlamaq məqsədilə bu qrupun üzvlərinə məxsus çox sayda Twitter hesabları bağlanıb.
Cihadçılaırn Twitter-də sıxışdırlması ötən həftə, qrup üzərinə beynəlxalq təzyiqin artması ilə eyni vaxtda ən yüksək həddə çatıb və təşkilatın ehtiyat hesabları demək olar ki, açılan kimi də bağlanıb.
Belə görünür, Twitter-dən əlini üzən İD Diasporada çoxlu sayda hesab açaraq İraq və Suriyadakı müxtəlif əyalətlərindən xəbərlər yaymağa başlayıb. Bu xəbərlərin postlanmasına avqustun 14-də başlansa da, onlar yalnız iki gün sonra geniş yayılıb.

Şəklin mənbəyi, diaspora
O zamandan bəri Diaspora hesablarından İD bəyanatlarının, şəkillərin və əməliyyatlar haqqında son məlumatların yayılması üçün istifadə edilir. Qrupun tərəfdarlar ordusu sonradan bu materialları Twitter-də dövriyyəyə buraxaraq isbat ediblər ki, təşkilatın geniş auditoriyaya çıxışı üçün öz hesablarının olması mühüm deyil.
İD Diasporada ilk sınaqlarını bir ay əvvəl başlayıb və onun mərkəzi media qanadı “əl-İltisam” və çoxdilli media qurumu əl-Həyat Media Mərkəzi Twitter-dən çıxarıldıqdan sonra onlar üçün burada yeni hesablar açılıb.
Təxminən eyni vaxtda İD həmçinin, Friendica və Quitter kimi marginal sosial media platformalarında da hesablar açıb. Hər iki platforma istifadəçilərin kimliyinin və onlara aid məlumatın qorunmasına Twitter-dən daha çox imkan yaradır.
Əl-Həyat Media Mərkəzi Diasporadan hay-küylü videoların yayınlanması üçün istifadə edir. İD-ə aid hesablar burada da Twitter-dəki problemlərlə üzləşiblər, amma buna baxmayaraq onların Diasporadakı fəaliyyəti az qala bir ay davam edib.
Bununla belə, Diaspora inadkarlığına görə İD tərəfindən Twitter-ə yaxşı alternativ kimi qiymətləndirilib və son bir neçə gündə burada yeni hesablar açılıb.
Diaspora 2010-cu ildə Nyu York tələbələri tərəfindən, əsasən ianə toplanması üçün təşkil edilmiş və tabeçiliyi olmayan internet sosial şəbəkəsi kimi yaradılıb. Bu şəbəkə istifadəçilərinin onun proqramından istifadə etməklə özlərinə aid server və “podkastlarda”icmalar yaratmasına əsaslanır.

Şəklin mənbəyi, DIASPORA
Məhz buna görə də bu şəbəkə mərkəzi internet saytından yox, aralarında bağlantı olan saytlar şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Öz növbəsində bu saytların üzvləri ünsiyyət üçün başqa podkastlardakı hesablardan istifadə edə bilirlər. İD isə provayderi ABŞ-da olan ən aktiv podkastlardan birində fəaliyyət qura bilib.
Əlbəttə, öz materiallarını birbaşa dərc etdiyi Twitter kimi şəbəkənin itirilməsi İD-ə böyük zərbədir, lakin bu, onu öz mesajlarını yaymaq imkanından məhrum etməyib.
Qrupun Twitter-dəki minlərlə tərəfdarı fəal şəkildə onun mesajlarını tirajlayır, dəstək nümayiş etdirir və psixoloji müharibə aparırlar. Məsələn, onlar Braziliyada keçirilən 2014-cü il dünya çempionatı zamanı, populyar futbol həştəq-lərini ələ keçirirərək İD-in mesajlarını geniş yaymaq üçün istifadə ediblər.
Qrupun ən son kampaniyası əsasən ingilis dilində aparılır və Qərbin məsxərəyə qoyulması məqsədini güdür. Qrup bunun üçün qara yumordan, tükürpədici görüntülərdən istifadə edir və bildirir ki, cihadçıların əleyhinə döyüşlərdə istifadə olunmaq üçün kürdlərə göndərilən hər bir silah axırda İD-in əlinə keçəcək.
BBC Monitoring dünya boyunca televiziya, radio, internet və mətbuatdakı xəbərlər barədə təhlil və məlumatlar verir. BBC Monitoring-dən daha çox məlumat almaq üçün buranı basın. Siz BBC Monitoringi Twitter və Facebook-da da izləyə bilərsiniz.




