Almaniya: super-varlıların super-təvazökarlığı

Almaniya

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Karl Albrecht və Aldi imperiyasına təkan vermiş dükan.
    • Müəllif, Stephen Evans
    • Vəzifə, BBC News, Berlin

Almaniyada zənginlər var-dövlətlə öyünmür ki kimsə onları buna görə tənqid də etsin, əslində bunun tam əksi müşahidə olunur.

Misal üçün dünyanın ən iri supermarket şəbəkəsinə çevrilmiş Aldi şirkətinin almaniyalı sahibi, Karl və Theo Albrecht qardaşlarından biri olan Karlın bu yaxınlarda vəfat etməsindən dünya yalnız mərhum torpağa tapşırılandan sonra xəbər tutdu.

Hadisə ilə bağlı nekroloq yazmaq üçün alman mətbuatı maqnatın 1953-1971-ci illərdə dərc olunmuş təmtəraqsız bəyanatları ilə kifayətlənməli oldu.

O, camaat qarşısına çıxıb danışmaq həvəskarı olmayıb, asudə vaxtlarında gül becərmək və şəxsi meydançasında qolf oynmaqla məşqul olub.

Keçmiş işçilərinin sözlərinə görə, qardaşlar mühasibat dəftərinin tutulması üçün qələm kötüklərindən istifadə edibrlərmiş, yeni supermarketlər layihələşdirən memarlara isə eskizləri üçün istifadə etdikləri kağızın xeyli qalın olduğunu deyirlərmiş. Albrecht qardaşlarının var-dövlətinin əsası bu cür xəsisliklə qurulubmuş.

Amaniya

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Aldi supermarketlər şəbəkəsi Theo və Karl Albrecht qardaşlarına analarından qalmış Ruhr ərzaq mağazasından başlayıb.

Aldi dükanlar şəbəkəsini Theo və Karl onlara analarından qalmış "Ruhr" adlı ərzaq mağazasını işlətməklə qurmağa başladılar.

Müharibədən sonra işini bərpa etmiş həmin mağazaya Aldi - Albrecht Diskont - adı verildi.

Həmin mağazada, sonra isə eyni adlı şəbəkədə qiymətlər mümkün qədər aşağı salınırdı, qənaət məqsədilə hətta reklamdan da imtina edildi, supermarketlərdə rəflər ləğv olundu, əvəzində mallar mağazalara gətirldiyi qablarda satılırdı.

Əsasən konservləşdirilmiş qida məsullarına üstünlük verilirdi ki, ərzaq saxlanması probleminə vəsait və əlavə sahələr tələb olunmasın.

Hətta Theo 1971-ci ildə oğurlandıqdan və onun azad olunması üçün məbləği məlum olmayan rüsum ödənildikdən sonra, alman qəzetlərində dolaşan əfsanəyə əsasən, Karl qardaşına görə ödədiyi pulun vergi kimi hesablanması üçün cəhd göstəribmiş.

Digər məşhur alman supermarketlər şəbəkəsi - Lidl şəbəkəsi də ictimai diqqətdən kənarda qalmağa çalışır.

Şəbəkənin sahibi Dieter Schwarz-ın yalnız 2 fotosu var, onlardan da biri ağ-qaradır.

Almaniya

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Lidl supermarketlər şəbəkəsi Aldi şəbəkəsilə rəqabət aparmaqdadır.

Dieter Schwarz dünyanın sayca 25-ci ən varlı adamı sayılmasına baxmayaraq yaxın ətrafından savayı onu heç kim tanımır, eynilə BMW şirkətinə rəhbərlik edən Quandt ailəsi kimi.

BMW-ni avtomobil nəhənginə çevirən sənayeçi Herbert Quandt BMW şirkətinin səhmlərinin 12.5 %-i qızı Susanne Klatten-ə verib.

Digər biznes maraqları da nəzərə alınmaqla Susanne Klatten bugün dünyanın sayca 44-cü ən varlı adamı sayılır.

O, sahibkar karyerasına BMW zavodunda şagirdlik edən usta kimi, həm də öz adını gizlədərək başlayıb.

Onun gələcək əri isə münasibətləri ciddi mərhələyə qədəm qoymayana qədər, gələcək həyat yoldaşının gerçək kimliyi barədə xəbərsiz olubmuş.

ABŞ və Britaniyada iş adamlarının ictimai həyatda fəallığı göz qabağındadır.

Almaniya

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Susanne Klatten bugün dünyanın sayca 44-cü ən varlı adamı sayılır.

Warren Buffett mətbuat konfransları təşkil edir, Bill Gates dünyanı gəzib-dolaşır, yoluxucu xəstəliklərə qarşı kampaniyalar təşkil edir.

Demək olar kı, Amerikanın hər bir şəhərində, yerli zənginlərin adını daşıyan muzey, tibbi-tədqiqat mərkəzi və ya universitet fakültəsi var.

Lakin Almaniyada varlılar ictimai diqqəti cəlb etməməyə çalışırlar.

Bu cür halın səbəblərindən biri də həmin keyfiyyətin alman əxlaqı və tərbiyəsinin tərkib hissəsi olmasındadır.

Almaniyada varlılar bahalı avtomobil sürməklə öyünmürlər - baxmayaraq kı, dəbdəbəli və bahalı avtomobillər məhz bu ölkədə istehsal olunur.

Lakin həmin maşınları başqa adamlar başqa ölkələrdə sürüb öyünür.

Statistikaya görə avrozonaya aid ölkələr arasında əhalinin yaşayış səviyyəsi və rifahı baxımından ən kəskin qeyri-bərabərlik məhz Almaniyayının payına düşür.

Bu ölkədə əhalinin 1%-nin varidatı orta hesabla təxminən 1 milyon avro təşkil etdiyi halda, yaşlı təbəqənin dörddə birinin nəinki malı-dövləti, heç qara günü üçün yığıb kənara qoyulası qəpiq-quruşu da yoxdur.

Lakin alman varlıların təvazökarlığı bu qeyri-bərabərliyin gözə dəyməməsinə kömək edir.