O yağış kəsməsəydi, Kennedy ölməsəydi...

- Müəllif, Zülfüqar Rüfətoğlu
- Vəzifə, bbcazeri.com
Amerika Birləşmiş Ştatlarının 35-ci prezidenti John Fitzgerald Kennedy-nin qətlindən 50 il keçir.
Kennedy qətlə yetiriləndə mənim 5 yaşım olub. Bununla belə bütün sonrakı illərdə böyüklərdən, əlbəttə daha çox valideynlərimdən onun adını tez-tez eşidərdim.
Atam və onun 1960-cı illərdə çox gənc olan dost-tanışları bir məclisə toplaşanda da bu ad vaxtaşırı yada düşərdi. Bir də görərdin, hansısa müəmmalı qətl barədə mübahisə edəndə, kimsə bu müzakirələri yekunlaşdırardı: “Əşi nəyi qoyub, nəyi axtarırırsınız? O boyda Kennedy-ni vurub öldürdülər heç sifarişçini tapan olmadı”...
İndi-indi fikir verirəm ki, atamın yaşıdları - 1960-ların sovet gəncləri üçün Kennedy təkcə düşmən ölkənin prezidenti deyildi. Onlar Kennedy kimi geyinməyə çalışar, saçlarına onun saç düzümünü verərdilər. Artıq Amerikanın özü də bir o qədər düşmən ölkə kimi qəbul olunmurdu (ən azı Karib böhranına qədər).
SSRİ-də Stalinin şəxsiyyətinə pərəstişin evini yıxan Nikita Xruşşov hakimiyyətdə idi. On minlərlə dissident Sibirin düşərgələrindən evlərinə qayıdırdı, 1937-39-cu illər repressiyalarının yüz minlərlə qurbanlarına ölümlərindən sonra bəraət verilirdi.
Qərbin “xalqlar həbsxanası” adlandırdığı Sovet İttifaqında pəncərələri açmışdılar. İçəri azadlığın ilıq havası ilə birlikdə caz sədaları, roknrol gurultuları və “Beatles” qrupunun bənzərsiz təranələri dolurdu. Belə bir dövrdə düşmən ölkənin prezidenti nümunə götürüləcək bir model ola bilərdi və olmuşdu da...
Hətta qısaldılmış adı da romantik bir təntənə ilə səslənən JFK bu payız Qərb mətbuatının ən geniş işlənən mövzusu olub. Həm də ona görə ki, 1963-cü ilin 22 noyabrında Dallasda törədilmiş ağlasığmaz sui-qəsdin üstündən tam yarım əsr keçir.
Kennedy əfsanəsi necə yarandı?
Cavan yaşında qətlə yetirilməsi Kennedy-ni əfsanəyə çevirdi, lakin o, hətta bu sui-qəsdsiz də, tarixçi professor Mark White demişkən, “yeni parlaq zəmanənin təcəssümü idi”.
Britaniyanın İndependent qəzetində ötən bazar günü dərc olunmuş məqaləsində Mark White qeyd edir ki, prezidentin şəxsi həyatında o dövrün cavanlarına xas zəiflikləri də vardı: Macəraçılıq, arvadbazlıq, narkotik maddələrdən istifadə, hətta qanqster dünyası ilə əlaqələr kimi...
İndi, ölümündən yarım əsr ötəndən sonra bir çox tarix tədqiqatçıları “əfsanənin astar tərəfinə” də diqqətlə baxmağa başlayıblar.
Bununla belə, siyasət aləmində JFK elə bir əhəmiyyətli fiqur idi iki, o, hətta ölkəsinin müasir prezidentləri üçün nümunə modeli olaraq qalır.
Gənc, yaraşıqlı, xarizmatik Kennedy öz amerikalı yaşıdlarına parlaq gələcək vəd edirdi.
Onun prezidentlik müddəti çox qısa olmuşdu: 2 il, 10 ay. Lakin bu qısa müddətdə dünya öz tarixinin həlledici zamanını yaşamışdı.
Kennedy Kuba və Berlinə görə şiddətlənməkdə olan Soyuq Müharibənin təhlükəsini dəf edə bilmişdi, vətəndaş haqlarını ölkənin milli məqsədi elan etmiş, hətta sülhyaradıcı qüvvələrin ilk təşəbbüsçüsü olmuşdu.
İldən-ilə keçirilən rəy sorğularında Amerika ictimaiyyəti John Kennedy-ni Lincoln və Rooseveltlə yanaşı ölkənin ən görkəmli liderləri kimi qiymətləndirir.

Əfsanənin astarı
Lakin peşəkar tarixçilər arasında keçirilmiş rəy sorğularının nəticələri Kennedy üçün o qədər də ürəkaçan deyil. Bu rəy sorğularında o “ortabab” mövqedədir və hətta Harry Trumandan da aşağıda yer alıb.
Mark White yazır ki, buna səbəb Kennedinin irsinə 1970-ci illərdə başqa bir baxışın ortaya çıxmasıdır. O, özünün xalq səhiyyəsi, təhsil, yaşlılara qayğı və vətəndaş haqlarına dair qanun layihələrini Konqresdən keçirməmişdi. Afrika əsilli amerikalılar tərəfindən ilahiləşdirilməsinə baxmayaraq, ölkənin cənubunda irqi ayrı-seçkiliyə son qoyan qanun növbəti prezidentin - Lyndon Johnsonun məşəqqətli əməyi sahəsində qüvvəyə minmişdi.
Kennedy Fidel Castronu devirmək üçün uğursuz cəhd etmişdi və onun Vyetnam müharibəsinin qızışmasında da töhfəsini görmək olar. Kennedy-nin Ağ Evdəki sakinliyi dövründə Vyetnamdakı ABŞ hərbi kontingentinin sayı 800-dən 16 minə çatmışdı.
Elə isə nə üçün cəmiyyət bu gün də Kennedy-ni ilahiləşdirməkdə, əfsanələşdirməkdə davam edir?
Britaniyalı tarixçi Mark White yazır ki, Kennedy öz əfsanəsini hələ prezident olmamışdan əvvəl özü yaratmışdı.
Yazıçı, sərkərdə, cəngavər və seks simvolu
Kennedy 1940-cı ildə, hələ Harvard Universitetinin tələbəsi ikən “İngiltərə niyə yatmışdı” kitabını yazmışdı. Bu kitabda o, Londonu İkinci Dünya Müharibəsinin ilk illərində “Almaniyanın qılığına girdiyinə görə” tənqid edirdi. Onun ikinci – “İgidliyin cizgiləri” kitabı 1956-cı ildə Pulitzer mükafatına layiq görülmüşdü. Yazıçı Kennedy beləcə yaranmışdı.
Onun 1940-cı ildə sualtı qayıqda xidmət edərkən yaponların hücumuna igidliklə cavab verməsi Kennedy-ni hərbi qəhrəmana çevirmişdi.
Kennedy Konqresə seçilərkən iyirmi yaşlarında idi. Gənc siyasətçinin 1953-cü ildə ecazkar Jacqueline Bouvierlə evlənməsi isə nağıla bənzər bir əhvalat kimi nəql olunurdu. Mətbuat Jacquelini “şahzadə”yə bənzədirdi. Deməli, John da avtomatik olaraq krala, şahənşaha, monarxa çevrilirdi və bir nağıl da beləcə yaranırdı.
Maraqlı cəhətlərdən biri də bu idi ki, Kennedy Amerikanın tarixində ilk katolik prezident olacaqdı. Bu isə onu dindar və Allah adamı kimi təqdim edirdi.
O həm də qaradərili Amerikanın prezidenti idi. Mətbuat onun ailəsinə, uşaqlarına, baş prokuror olan qardaşı Robertə geniş yer ayırırdı…və beləcə Amerikanın müstəsna sülalə ailəsi kimi daha bir əfsanənin daşlarını hörürdü.
Prezident hətta millətin qadınları üçün seks simvoluna çevrilmişdi. Məşhur aktrisa Marilyn Monroe Nyu Yorkdakı Madison Meydanı Bağında onun üçün “Ad günün mübarək” mahnısını oxumuşdu. Həmin Monroe ki, prezidentin onunla eşqbazlığı da dillərə düşəcəkdi.
Əfsanə prezidentin ölümündən sonra xüsusi vüsət kəsb etmişdi. Ərinin xəyanətləri barədə qiybətlər gəzən Jacquelin qətldən bir neçə gün sonra verdiyi müsahibəsində Johnu qədim anqlo-saks cəngavərlərinə bənzədirdi.

Bir sözlə, bütün millət elə bir milli qəhrəman abidəsi yaratmışdı ki, bu abidəni qiybətlə (hətta faktlara söykənən qiybətlə) yıxmaq mümkün deyildi.
Kennedy ölməsəydi...
Bu məqamda belə bir sual ortaya çıxır: Kennedy öldürülməsəydi, necə olacaqdı?..
Yeri gəlmişkən, son günlər Britaniya mətbuatı “əgər” janrında da yazılarla zəngin olub. Bu “janr”da bu günlərdə hətta kitab da çap olunub. Yazıçı və siyasi analitik Jeff Greenfieldin kitabı elə belə də adlanır: “Əgər Kennedy qalsaydı” (If Kennedy Lived).
Greenfield yazır ki, 1963-cü il noyabrın 22-də Dallasda səhər o başdan güclü yağış yağırdı, lakin prezidentin gəlişi ilə buludlar dağılıb və gün çıxıb. Və əgər yağış kəsməsəydi, John Kennedy maşının zirehli damını açmağı əmr etməyəcəkdi. Beləliklə, Lee Harvey Oswald onu kitab anbarının 6-cı mərtəbəsindən nişan ala bilməyəcəkdi.
Jeff Greenfield hətta belə bir variantı da araşdırır: Güllələr atılır və prezident yaralanır, lakin ölmür. Belə olduğu halda ölümdən möcüzə ilə qurtarmış JFK 1964-cü ildə ikinci müddətə şıdırğı ilə seçiləcəkdi, hətta “Beatles” qrupuna Ağ Evdə ziyafət də verəcəkdi.
Greenfieldin ehtimalına görə, Vyetnam müharibəsi qələbə ilə qurtaracaq, vətəndaş haqları barədə anti-irqçı qanun Kennedy tərəfindən qəbul ediləcəkdi. Yazıçı qeyd edir ki, xırda hadisələrin tarixin məhvərini dəyişə bilməsi onun fantaziyasını gənc yaşlarından məşğul edib.
Greenfield yazır ki, prezident Dallasda öldürülməsəydi, prokuror qardaşı ilə birlikdə vitse-prezident Lyndon Johnsonun korrupsiyaya bulaşması barədə iddiaları ciddi araşdıracaqdı…
Qəhrəmanın düşmənləri
Bu məqamda başqa bir suala yaxınlaşırıq: Kennedy-ni tənha qatilmi öldürüb, yoxsa bu qətlin arxasında daha böyük qüvvə və ya təşkilatlar olub?
Bu sualı indiyədək nəinki Amerika, bütün dünya səsləndirməkdə davam edir. JFK, necə deyərlər, “müsbət qəhrəman” idi, müsbət qəhrəmanların isə bolluca düşmənləri olur.
Həqiqətən də Amerika və dünyada Kennedy-ni sevməyənlər və sevməməyə kifayət qədər əsası olanlar vardı.
Britaniya jurnalisti Rupert Cornwell “JFK işi amerikalılar üçün heç vaxt bağlanmayacaq” məqaləsində yazır ki, “əsrin qətli”nin yubileyi ərəfəsində “konspirasiya nəzəriyyələrinin istehsalı” xüsus vüsət alıb.
O qeyd edir ki, təkcə son üç ayda 35-cı prezidentə həsr olunmuş 100-dək kitab nəşr olunub.
Halbuki, bütün qəsd nəzəriyyələri prezidentin qətlindən 11 ay sonra açıqlanmış rəsmi təhqiqat nəticələrini təkzib edə bilmir.
ABŞ-ın o vaxtkı baş hakimi Earl Warrenin rəhbərliyi altında komissiyanın hazırladığı 888 səhifəlik hesabatda birmənalı şəkildə deyilir ki, Oswald prezidenti təkbaşına qətlə yetirib.
Buna baxmayaraq, bu 888 səhifə çoxlarını qane etmir. Onlar bu qənaətdədirlər ki, Oswald mütəşəkkil qəsdin icraçılarından yalnız biri olub.
Konspirasiya nəzəriyyələri
“Qəsd nəzəriyyəçiləri” qətlin sifarişçisi qismində Sovet İttifaqından tutmuş Fidel Castroya, hətta anti-Castroçulara, Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosuna, mafiyayadək müxtəlif qüvvə və təşkilatların adlarını çəkirlər.
Sovet İttifaqını ittiham edənlər üçün əsas faktor budur ki, qatil SSRİ-yə qaçıb, bir müddət orada yaşayıb, hətta rusla evlənib. Üstəlik, onların fikrincə, Kuba raket böhranı zamanı Kreml alçaldılmışdı və bunun qisasını alıb. Lakin konspirologiya tərəfdarları düşünmürlər ki, üstü açılsa idi, Kremlin qəsdi nüvə müharibəsinə gətirib çıxarardı.
Daha sonra MKİ və FTB günahlandırılır. Sui-qəsd nəzəriyyəçiləri deyirlər ki, Kennedy Kubaya qarşı Donuzlar körfəzindən desant çıxarılması əməliyyatının uğursuzluğuna görə məhz bu təhlükəsizlik orqanlanını ittiham edirmiş və hətta onları hərbi əməliyyatlar keçirmək funksiyasından məhrum etməyə hazırlaşırmış.
Müdafiə sənayesi də ittihamlanır. Guya sənayeçilər Vyetnam müharibəsinin dayandırılacağından və külli miqdarda sərvət itirəcəklərindən narahat imişlər. Belə düşünənlər də var ki, seçkiləri həm də qaradərili elektoratın hesabına qazanmış Kennedy irqçilərin qəzəbinə tuş gəlib.
Təzəlikcə, qətlin təşkilatçısı kimi Amerikada yaşayan Kuba mühacirləri göstərilib. Guya onlar Donuzlar körfəzi əməliyyatından sonra Kennedinin onlara xəyanət etdiyi qənaətində olublar. Kennedinin qətlindən dərhal sonra avtomatik şəkildə prezident olmuş vise-prezident Lyndon Johnsondan da şübhələnlər var.
Oswaldı çoxsaylı agentlərin gözü qarşısında qətlə yetirmiş və sonradan həbsxana kamerasında ölmüş Jack Ruby də şübhə obyektidir. Onun Çikaqo mafiyası ilə əlaqələri olduğu söylənir. Bəziləri isə iddia edirlər ki, mafiya Johnu yox, onun “dikbaş” prokuror qardaşını öldürmək istəyirmiş. Əslində az sonra Robert Kennedy də sui-qəsd nəticəsində öldürülüb.
Sui-qəsdlərin siyahısı
Burası da var ki, Amerika bünövrəsi qoyulan gündən prezidentlərin qətl edildiyi ölkə kimi kədərli tarixə malikdir: Abraham Lincoln, James A. Garfield, William McKinley də prezident olarkən qətlə yetiriliblər.
Baş tutmayan sui-qəsdlərin və sui-qəsd cəhdlərinin də uzun siyahısı var. Andrew Jackson, Theodore Roosevelt, Herbert Hoover, Franklin D. Roosevelt, Harry S Truman, Richard Nixon, Gerald Ford, Jimmy Carter, Ronald Reagan, George H. W. Bush, Bill Clinton, George W. Bush, Barack Obama.
Əlbəttə bunların əksəriyyəti baş tutmayan sui-qəsdlər barədə iddialardır.
Məsələn 2001-ci ilin 7 fevralında Robert Pickett adlı şəxs Ağ Evin hasarının arxasından prezident iqamətgahına atəş açmağa başlayıb. Məxfi xidmətlərlə atışma nəticəsində Pickett yaralanıb və xəstəxanaya aparılıb. Xəfiyyələr bildiriblər ki, Pickettin atəş bucağını maneələr kəsməsəydi, Ağ Evə qarşı ciddi təhlükə yarana bilərdi. Pickett üç il müddətinə azadlıqdan məhrum edilmişdi.
2005-ci ildə isə George W. Bush Tbilisidə çıxış edərkən, Vladimir Arutyunyan adlı birisi prezidentə sarı qumbara atıb, lakin qumbara partlamayıb.
Yəni hər dövrün öz Oswaldı olub...
Təsadüf
Mən sonralar, 1970-ci illərdə məktəbli olduğum vaxtlarda JFK-in öldürülməsi barədə William Manchesterin “Prezident Kennedy-nin qətli” kitabında oxumuşdum. Atamın kitabxanasından tapdığım bu kitab o vaxt rus dilinə tərcümə olunmuş və tez bir zamanda SSRİ-də bestsellerə çevrilmişdi.
O vaxtdan bəri mən də özümə suallar verirəm. “Oswald Kennedu-ni öldürür, Ruby Oswaldı öldürür, sonra özü müəmmalı şəkildə həbsxana xəstəxanasında dünyasını dəyişir, daha sonra isə prezidentin qardaşı Robert Kennedy də qətlə yetirilir. Bu boyda da təsadüf olar?”
Ən maraqlısı isə budur ki, Kennedynin qətlini dərin qazdıqca cavablar əvəzinə daha çox suallar çıxır. Məsələn, bu yaxınlarda məlum olub ki, özünü marksist elan etmiş Oswald Sovet İttifaqına qaçandan sonra onu Belarusiyaya göndəriblər və o bir müddət Minsk Radio Zavodunda işləyib.
Bunun özü də suallar doğurur. Mən uşaqkən Bakı Radio Zavodu evimizin yanında idi və bu “məxfi” obyektin üstündən quş da qanad çala bilmirdi. Elə isə necə olub ki, amerikalını belə bir zavoda buraxıblar. Lakin müəmma bununla da bitmir. Heç demə həmin zavodda Oswaldın “rus dili müəllimi” Stanislav Şuşkeviç olub.
Həmin Şuşkeviç ki, Rusiya prezidenti Yeltsin və Ukrayna lideri Leonid Kravçukla birlikdə 1991-ci ildə Belovejskaya ormanında SSRİ-nin ləğvi barədə sazişi imzalayıb.
Mən də jurnalist yox, bir insan kimi özüm-özümə “Kennedy ölməsəydi” sualını verirəm. Dərhal da özümdən soruşuram: 1963-cü ilin 22 noyabrında Dallasda yağış kəsməsəydi, nə olardı?




