İran: müxalifət liderinin vebsaytı ABŞ sanksiyalarına görə bağlanıb

Iran fasebook-u

İranın internetində ötən gün axşamüstü yaranmış texniki problem qısa müddətə olsa da iranlılar üçün sosial mediaya birbaşa çıxışın açılmasına səbəb olub.

İranda yaşayan xarici vətəndaşlar son illər ərzində ilk dəfə olaraq bazar ertəsi günü axşam vaxtı Facebook və Tvitter şəbəkələrinə birbaşa çıxış əldə edə biliblər.

Sosial mediaya birbaşa çıxış İranda 2009-cu ildən kəsilib.

Hökümət bu addımı sosial şəbəkələr vasitəsilə təşkil olunan etirazlardan sonra atıb.

Bazar ertəsi günü həmin şəbəkələrdə tətbiq edilən tənzimləmə sistemində qısa müddət ərzində boşluqlar yaranıb.

Buna səbəb Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar olub.

İnternet saytlarına blok və filterlərin tətbiq edilməsini nəzərdə tutan rəsmi tənzimləmə sisteminin müəyyən müddətə sıradan çıxmasının kökündə İran rəsmilərinin təbirincə, "texniki problemlər" durub.

İran hökümətinin rəsmi nümayəndəsi dövlətin bu sahədə siyasətinin dəyişmədiyini bildirib.

Gözlənilməz və qısamüddətli

İranda işləyən Qərb jurnalistləri bazar ertəsi günü gözlənilmədən Tvitter və Facebook-a birbaşa çıxışın əldə etdikləri barədə xəbər veriblər.

New York Times qəzetinin Tehran təmsilçisi Thomas Erdbrink mobil telefonu vasitəsilə birbaşa bir neçə tvit ismarıcı göndərə bilib.

Iran

O qeyd edir ki, bu zaman rəsmi qurumlar tərəfindən şəbəkəyə qoyulmuş filtri yaran kompüter proqramından istifadə etməyə ehtiyac qalmayıb.

İranlıların əksəriyyəti adətən sosial medianın imkanlarından istifadə etmək üçün hökümətin rəsmi qurumu tərəfindən tətbiq edilən "firewall" proqramına bənzər filtr və blokları yara bilən proqramlardan istifadə edirlər.

Blok və filtr problemi

Ötən günün axşamı İran internetini tənzimləyən sistemdə boşluqların yaranması, sosial mediyaya, o cümlədən Facebook və Tvitter-ə maneəsiz birbaşa çıxış iranlılar üçün gözlənilməz olub.

Məlumatlara görə, hətta istifadəçilərin bir qismi bunu ölkədə sosial mediayaya qadağa və məhdudiyyətlərin, sərt nəzarətin aradan götürülməsi, hökümətin sosial şəbəkələrə münasibətinin dəyişməsi kimi də qiymətləndiriblər.

Lakin bu sevinc çox çəkməyib və bir müddətdən sonra bunun rəsmilərin iradəsi yox, sadəcə texniki qüsur nəticəsində baş verdiyi məlum olub.

Sosial şəbəkələr vasitəsilə ailə üzvləri və dost-tanışla ünsiyyət yaratmağa ilk növbədə xaricdə yaşayan İran vətəndaşlarının ehtiyacı böyükdür.

Londonda yaşayan və əslən İrandan olan azərbaycanlı Məhəmməd Ənsarinin sözlərinə görə, ilk əvvəl İranda güya Facebook və Tvitterə birbaşa çıxışın açılması barədə Qərbdə yayılmış xəbərlərə baxmayaraq, vəziyyət əvvəlkitək qalmaqdadır. Onun qeyd etdiyi kimi, İranda istifadəçilər sosial şəbəkələr vasitəsilə ünsiyyət yaratmağa çalışsaılarda, hökümətin nəzarət sistemi nəticəsində bunu etməkdə əksəriyyət çətinlik çəkir.

"Iranda internetin sürəti Avropadakı kimi deyil, çox zəifdir. Filtri qırıb şəbəkəyə daxil olanda isə, internetin sürəti daha da aşağı enir, nəticədə sıravi vətəndaşlar üçün şəbəkələrdən istifadə olduqca çətinləşir", Məhəmməd Ənsari deyir.

Sanksiya müxalifətə də zərər vurdu

Son dövrdə İranda hökümət rəsmiləri, nazirlər və siyasilər də Facebook və Tvitter-də hesablar açıb.

Reuters agentliyinin verdiyi xəbərə görə, sonuncu gözlənilməz hadisəyə baxmayaraq İran hökümətinin internet sahəsində rəsmi siyasət dəyişməyib, sadəcə "texniki qüsur" sosial mediaya tətbiq edilən tənzimləmə mexanizmində boşluqlar yaradıb.

İran dövlət mediası ölkədə internetin sosial şəbəkələrinin fəaliyyətini tənzimləyən komitənin rəhbəri Abdolsamad Khoramabadi-nin bəyanatını yayıb.

Həmin bəyanatda internetdə texniki problemlərin yaranması səbəblərinin araşdırıldığını bildirib.

Onun təbirincə, bunun hansı şirkətlər tərəfindən törədildiyi araşdırırlır.

Bu arada İranın müxalifət lideri Mehdi Karoubi-nin internet səhifəsi, ona xostinq xidməti göstərən ABŞ şirkəti tərəfindən bağlanıb.

Bu addımın ABŞ Maliyyə Nazirliyinin tələbilə atıldığı bildirilir.

Sanksiyalar İran vətəndaşlarına ABŞ şirkətləri tərəfindən göstərilən xidmətlərə qadağa qoyur, bu qadağa, o cümlədən, ölkənin .ir domenində yaradılan vebsaytlara da şamil olunur.

Karoubinin koməkçisi ABŞ tərəfindsən atılan addımı "məyusedici" adlandırırb.