Suriya hökuməti xaricdə yaşayan vətəndaşları "hədələyir"

Şəklin mənbəyi, BBC World Service
Amnesty İnternational insan haqları qrupu Suriya hakimiyyətinin xaricdə yaşayan fəallara qarşı qorxutma kampaniyası apardığını bildirib.
Qrup fəallardan sitat gətirərək Suriya səfirlikləri işçilərinin onları hədələdiyinə dair hesabat yazıb.
Hakimiyyətin, fəalların Suriyada yaşayan qohumlarına təzyiqlər kampaniyası barədə də iddialar var.
Öz hesabatında Amnesty İnternational 30 Suriya fəalının Avropa, şimali və cənubi Amerikadakı 8 ölkədə üzləşdiyi təzyiqlərdən yazır. Hesabatda deyilir ki, Suriya səfirliyinin işçiləri və Suriya rejiminə işlədikləri bildirilən şəxslər həmin fəalları daimi olaraq izləyib və təzyiqlərə məruz qoyub.
Hesabatda deyilir ki, dissidentlərin Suriyada yaşayan qohumları da bəzi hallarda təzyiqlərə, həbslərə və hətta işgəncəyə məruz qalıb.
Bəzi fəallar onların səfirlik rəsmiləri tərəfindən birbaşa hədələndiyini deyib.
Facebook səhifəsi
Çilidə, Santyaqo şəhərində yerləşən Suriya səfirliyi qarşısında etiraz mitinqinə çağırmaq üçün Facebook səhifəsi yaratmış Naima Darwish Amnesty İnternational-a deyib ki, səfirliyin yüksək rütbəli rəsmisi onunla əlaqə saxlayıb və onunla şəxsən görüşmək istədiyini deyib.
"O, mənə dedi ki, belə şeylər etməməliyəm. O, dedi ki, davam etsəm Suriyaya qayıtmaq hüququmu itirəcəyəm".
Amnesty qorxutma kampaniyası aparmaq suçlanan Suriya səfirliklərinin mövcud olduğu ölkələri onlara qarşı ciddi tədbirlər görməyə çağırıb.
Bu arada ABŞ-ın Dəməşqdəki səfiri Robert Ford Suriya hökumətini yenidən tənqid edib və siyasi proseslərə qarşı "ağlasığmaz repressiyanı" dayandırmağa çağırıb. O, həmçinin müxalifəti öz hərəkatına dinc yolla davam etməyə səsləyib.
BMT rəqəmlərinə görə, Suriya prezidenti Bəşər əl-Əsədin istefasını tələb edən nümayişçilərə qarşı hücumlar başlayandan bəri 2700 adam ölüb.




