Əfqanıstan: Taliban qadınlara universitetə getməyi qadağan edib

Şəklin mənbəyi, Getty Images
Əfqanıstanda Talibanın Ali Təhsil Naziri yazılı açıqlama ilə qadınların universitetə getməsini qadağan edib.
Nazir bəyan edib ki, qadağa bir "sonrakı xəbərdarlığa qədər" qüvvədə qalacaq.
Qadağanın dərhal qüvvəyə minməsi gözlənilir.
Bu qərarla ölkədə qadınların formal təhsil alması demək olar ki, tamamilə qadağan edilib.
Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirdiyi vaxtdan - 2021-ci ilin avqustundan indiyədək bir çox lisey qapılarını qız şagirdlərin üzünə bağlayıb.
Bu ölkədə minlərlə qadın cəmi üç ay əvvəl universitet imtahanlarına girmişdi. Lakin onların seçib, oxuya biləcəkləri fakültələrin seçimi ciddi şəkildə məhdudlaşdırılmışdı.
Baytarlıq, mühəndislik, iqtisadiyyat, kənd təsərrüfatı və jurnalistika qadınlara qadağan edilmiş fakültələr idi.
"Gələcəyimlə aramdakı yeganə körpünü məhv etdilər"
Bundan başqa, universitetlərdə qadın və kişi tələbələrin olduğu sahələr ciddi qaydalarla ayrılmış, qadın tələbələrə yalnız qadın müəllimlər və ya yaşlı kişi müəllimlər dərs deyə bilirdi.
Kabil-də BBC-yə müsahibə verən qadın tələbələr öz iztirablarından danışıblar.
"Gələcəyimlə aramdakı yeganə körpünü məhv etdilər", - Kabil Universitetinin bir tələbəsi deyib.
"Mən necə reaksiya verə bilərəm? İnanırdım ki, öyrənib gələcəyimi dəyişə bilərəm, amma onlar onu məhv etdilər", - o əlavə edib.
Bir qadın BBC-yə Talibanın hakimiyyəti ələ keçirməsindən sonra təhsilini davam etdirməyə çalışarkən "çox çox çətinliklərlə" üzləşdiyini deyib.
"Biz qardaşlarımızla, atalarımızla, cəmiyyətlə və hətta hökumətlə döyüşdük. Sadəcə təhsilimizi davam etdirmək üçün çətin vəziyyətdən keçdik. O vaxtlar heç olmasa universiteti bitirib arzularıma çata biləcəyim üçün sevinirdim. Bəs, indi özümü necə inandırım?", - o sual edib.
"Taliban üçün nəticələri" olacaq
Çərşənbə axşamı günü ABŞ Taliban-ın hərəkətlərini "ən sərt şəkildə" şəkildə pisləyib və belə bir addımın "Taliban üçün nəticələri" olacağını bildirib.
"Taliban Əfqanıstanda hamının hüquqlarına hörmət etmədikcə, beynəlxalq ictimaiyyətin qanuni üzvü olacağını gözləyə bilməz", - deyə dövlət katibi Antony Blinken bildirib.
"Heç bir ölkə əhalisinin yarısı inkişafdan saxlandıqda irəli gedə edə bilməz", - o vurğulayıb.
Qərb ölkələri bütün il ərzində Talibandan Əfqanıstan hökuməti kimi rəsmən tanınmaq istədikləri təqdirdə qadınlar üçün təhsili yaxşılaşdırmağı tələb ediblər.
Birləşmiş Millətlər Təşkilatı da bundan "dərin narahat" olduğunu bildirib.BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov deyib: "Təhsil fundamental insan hüququdur. Qadınların təhsilinə bağlanmış qapı Əfqanıstanın gələcəyinə bağlanan qapıdır".
Taliban lideri Hibatullah Axundzada və onun yaxın ətrafı müasir təhsilin, xüsusən də qızlar və qadınlar üçün təhsilin əleyhinədir.
Taliban keçən il ABŞ-ın ölkədən çıxmasından sonra hakimiyyəti ələ keçirdikdə daha yumşaq bir idarəetmə vəd etmişdi. Bununla belə, sərt islamçılar ölkədə qadın hüquq və azadlıqlarını geri almağa davam edirlər.

Talibanı ikiyə "bölən" məsələ
BBC-nin Cənubi Asiya müxbiri Yogita Limaye-nin təhlil
Artıq bir aydan çoxdur ki, Taliban hökumətinin qadınlar üçün universitet təhsilini qadağan edəcəyi ilə bağlı fərziyyələr vardı.
Bir qadın tələbə bunu bir neçə həftə əvvəl proqnozlaşdırmışdı: "Bir gün oyanacağıq və qızların universitetlərə qəbulu qadağan olunduğunu deyəcəklər".
Beləliklə, bir çox əfqan bu qərarın gec-tez qəbul ediləcəyini gözləsə də, qərar yenə də şok vəziyyəti yaratdı.
Keçən il ərzində Taliban liderləri ilə söhbətlərdən məlum olur ki, Taliban daxilində qızların təhsili məsələsində fikir ayrılığı var.
Qeyd edək ki, bəzi Taliban üzvləri dəfələrlə bu məsələdə ümidli olduqlarını və qızların təhsil almasını təmin etməyə çalışdıqlarını bildiriblər.
İki həftə əvvəl Əfqanıstanın 34 əyalətindən 31-də qızlar bir ildən artıqdır ki məktəbə buraxılmamalarına rəğmən orta məktəblərin buraxılış imtahanlarında iştirak edə bildilər.
Bu, o zaman bir ümid işığı vermişdi, hansı ki, artıq sönüb.

Şəklin mənbəyi, Getty Images
Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra qadınların sahib olduğu hüquq və azadlıqları bircə-bircə onların əlindən alır.
Ötən ay qadınların parklara, idman zallarına və hovuzlara girişi qadağan edilib. Mart ayında Taliban qızlar üçün bəzi liseyləri yenidən açacağını vəd etmişdi, lakin daha sonra qızların məktəbə geri qayıdacaqları gün hüquq müdafiəçilərinin bəhanə adlandırdığı maliyyə və tədris planı məsələlərini əsas gətirərək bu qərarı ləğv etdi.
Eyni zamanda, xarici investisiyadan asılı olan Əfqanıstan iqtisadiyyatının böyük bir zərbə almasına görə təhsil sektoru da çətinlik çəkməkdədir.
Bir çox təhsil işçisi aylardır maaş ala bilmir.
Bir çox təhsil mütəxəssisi ölkəni tərk edib və ya etmək üzrədir.









