Kraliça həkim nəzarəti altındadır. Həkimlər onun səhhətindən narahatdırlar

Barmoral, Kraliça

Şəklin mənbəyi, EPA

"Bu səhər əlavə müayinədən sonra Kraliçanın həkimləri Ülyahəzrətin səhhətindən narahat olublar və ona həkim nəzarəti altında qalmağı tövsiyə ediblər", - Buckingham Sarayı bildirib.

"Kraliça özünü rahat hiss edir və Balmoraldadır", - məlumatda deyilir.

Kraliçanın bütün övladları - Şahzadə Charles, Şahzadə Andrew, Şahzadə Anne və Şahzadə Edward, nəvəsi Cambridge hersoqu William və Şahzadə Charles-in həyat yoldaşı Cornwall hersoginyası Camilla Şotlandiyadadırlar.

96 yaşlı Kraliça bir gün əvvəl hökumətin onlayn keçirilən iclasında iştirakdan imtina edib və həkimlər ona istirahət etməyi məsləhət görüblər.

BBC Kraliyyət müxbiri Sean Coughlan xəbər verir ki, Kraliçanın səhhəti ilə bağl əvvəlkindən daha açıq və mobillik məsələrinə aid olmayan narahatlıqlar var.

Baş nazir Liz Truss bildirib ki, bütün ölkə bu xəbərdən dərin narahatdır.

"Mənim və Birləşmiş Krallıqdakı bütün insanların düşüncələri indi Ülyahəzrət Kraliça və ailəsi ilədir", - o, tvitində yazıb.

Leyboristlərin lideri Ser Keir Starmer və Şotlandiyanın birinci naziri Nicola Sturgeon Ülyahəzrətin səhhəti ilə bağlı xəbərdən dərin narahat olduqlarını bildiriblər.

Uelsin birinci naziri Mark Drakeford uels xalqı adından ona ən xoş diləklərini yollayıb.

Çərşənbə axşamı Kraliça Liz Truss-ı ənənəvi olaraq, Buckingham sarayında deyil, Balmoralda Baş nazir təyin edib.

Ülyahəzrət iyul ayından Balmoraldakı iqamətgahındadır - o, yay tətilini orada keçirir.