You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qırmızı işıqlar ukraynalıları niyə narahat edir?
- Müəllif, Andrew Harding
- Vəzifə, BBC News, Odessa, Ukrayna
Ukraynada artıq bir aydır ki, müharibə gedir və bu şəraitdə Rusiya diversantlarının hərəkətə gələ biləcəyi ilə bağlı xof daha konkret əminliyə çevrilir.
Bəs, görəsən, bu məsələyə dair kəşfiyyat məlumatı və həbslərlə əsaslanan fakt varmı, və bu hiss belə bir şəraitdə, sosial mediada müəmmalı işıqlar və işarələrə dair şayiələrin dolaşdığı bir vaxtda paranoyaya bənzər bir şey deyilmi?
Odessanın şimal kənarındakı bir binadakı mənzilə yaşayan 22 yaşlı mühəndis Bohdan Mylko, deyir ki, bu yaxınlarda qonşuları ona baş çəkmişdi: "Məni görməyə gəlmişdilər. Təhlükəsizliklə bağlı narahatlıqları var idi".
On beş dəqiqə sonra onun qapısını polis əməkdaşları döydü. Onları yataq otağının pəncərəsində görünənan qırmızı işıq maraqlandırırdı.
"Bu, qırmızı işığın rusiyalılar üçün bir işarə olduğu barədə saxta xəbərlərə əsaslalanan bir paranoya idi.
Polis bölməsinə getməli oldum, sənədlərim yoxlanıldı, ifadə verdim və şəklimi çəkdilər".
"Polis anladı ki, mən adi bir adamam və məni evə buraxdı. Mən rusiyalılara kömək etməyə çalışmıram", polisin müdaxiləsinə səbəb yanıb-sönən lampaları əlində tutan Bohdan Mylko deyib.
Onu ziyarət etdikdən bir neçə dəqiqə sonra, küçədə, komendant saatına az qalmış, bir qrup yerli sakin sənədlərimizi yoxlamaq istədi.
Valya kimi özünü təqdim edən yaşlı bir qadın dedi: "Siz rusiyalı ola bilərdiniz."
"Burada nə edirsiniz? Bizim kiçik uşaqlarımız var. Onlara bir şey olmasını istəmirik. Bəlkə sabah kimsə bura bomba atacaq", - yaşayış kompleksinin üzərindən hava hücumu siqnalı səslənərkən başqa bir qadın dedi.
Rusiyanın işğalının doğurduğu sarsıntıdan hələ də özünə gələ bilməyən bir şəhərdə və ölkədə belə narahatlıqlar olması başa düşüləndir. Oxşar davranış Suriyadan tutmuş Çeçenistanadək və onların xaricində baş vermiş bir çox münaqişələrdə də müşahidə olunub.
"Bu, paranoyya deyil. Bizim əleyhimizə işləyən Rusiya agentləri və Ukrayna vətəndaşları var. Bu, faktdır", - Odessa polisindən kapitan Volodimir Kalina bildirib.
Lakin o, bu məsələdə dezinformasiyanın da güclü təsir göstərdiyini etiraf edib və Rusiyanı qəsdən ictimai xof yaratmağa çalışmaqda ittiham edib.
"Onlar diqqətimizi yayındırmağa, diqqətimizi yanlış yerlərə yönəltməyə - bizi şəhərin bir hissəsindən təmizləməyə çalışırlar ki, öz işlərini həyata keçirə bilsinlər", - o deyib.
Odessanın mərkəzindən bir neçə kilometr cənubda, gecə klubları və barları ilə tanınan ərazidə, 71 yaşlı təqaüdçü biznesmen Dmitro Novak səhər növbətçiliyini ətraf əraziyə baxış keçirməklə başlayıb.
O, divara qara rənglə çəkilmiş ox işarəsini göstərərək və izah edib ki, bunun Rusiya qoşunları üçün qoyulmuş işarə ola bilməsindən şübhələnərək həmin işarənin üstünü qara boya ilə örtüb.
Bir neçə dəqiqədən sonra o, üzü dənizə baxan böyük, boş bir ofis binasının qarşısındakı pilləkənlərdə dayandı.
"Oradan çıxan işıq gözümə dəydi. Həmin işıq gecə səmasına yönəlmişdi. Qonşular da bunu gördü. Çox ehtimal ki, bu, Rusiya donanmasına bir işarə idi."
"Rəsmi qurumlara zəng etdik, onlar dərhal gəldilər və işıq söndürüldü. Odur ki, indi hamı ayıq-sayıqdır. Hər iki saatdan bir növbətçiliyimiz dəyişirik", - Novak söyləyib.
Keçən həftə Rusiya hərbi dəniz artilleriyası bu ərazini atəşə tutub, bir neçə raket çimərlik yaxınlığına düşüb, digər bir neçəsi isə yaşayış evlərin dəyib, ölüm-itki olmayıb.
Odessadan olan tanınmış analitik, Ukrayna parlamentinə təhlükəsizlik məsələləri ilə bağlı məsləhət verən Hanna Şelest ukraynalıların və ya rusların Rusiya ordusuna məlumat ötürə bilmələri ilə bağlı bağlı narahatlığı bölüşüb.
"Birinci hədəf, burada küçə döyüşləri başlayacağı təqdirdə şəhərdə silah və sursatın saxlanmasıdır, - o deyib. - İkincisi dezinformasiya və şayiələr yaymaqdır."
"Üçüncü məqsəd, ruslar desant atacağı təqdirdə onlara hansı tərəfə getməyi işarələrlə göstərməkdir. Dördüncüsü isə artilleriya və ya hava zərbələri üçün vizual və ya da elektron siqnallarla hədəfləri işarələməkdir."
Ukrayna mediası polisin Rusiya təxribatçılarını necə həbs etdiyini göstərən çoxsaylı videolar yayımlayıb. Prezident Vladimir Zelenskinin də, iddia olunduğu kimi, Rusiya təxribatçıları və kəşfiyyat qruplarını aşkar etmiş bir qrup polis əməkdaşına medallar təqdim etməsi görüntüləri nümayiş olunub.
Ancaq qeyd etmək lazımdır ki, bu cür xəbərlərin doğurduğu bütün qorxu və şübhələrə baxmayaraq, indiyə qədər olan məlumatlar göstərir ki, bir neçə təcrid olunmuş Rusiya şəbəkəsi hələlik təəccüblü dərəcədə uğursuz olub və Rusiyanın təbliğatının əksinə olaraq Ukrayna ictimai rəyi Kremlin işğalına qarşı sərt və vahid mövqedən çıxış edir.
Ukraynada partizanların və ya "beşinci kolon üzvlərinin" effektiv şəkildə fəallaşa biləcəyi fikri tamamilə sərsəm görünərdi.
"Ukraynanın təhlükəsizlik xidmətləri şübhə altında olanları nəzarətdə saxlayır. Bəzilərinin həbs olunduğunu bilirik. Amma daha ciddi nəyəsə gəlincə - yəqin ki, bunun vaxtı hələ yetişməyib", - doktor Şelest deyib.