You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Koronavirus: "Ölümcül "Omicron" mülayim adlandırılmamalıdır", ÜST xəbərdarlıq edir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "Omicron" variantını yüngül adlandırmaqdan çəkinməyə çağırıb, onun ölümcül olduğunu açıqlayıb.
Son araşdırmalar göstərir ki, "Omicron"-un əvvəlki Covid variantlarına nisbətən ağır xəstəliyə çevrilmək ehtimalı daha azdır.ÜST-ün rəhbəri Tedros Adhanom Ghebreyesus bu ştammla yoluxanların rekord sayda olmasının səhiyyə sistemini ciddi təzyiq altında qoyduğunu bildirib. Bazar ertəsi ABŞ-da 24 saat ərzində bir milyondan çox Covid-ə yoluxma qeydə alınıb.ÜST - BMT-nin səhiyyə agentliyi - son bir həftədə qlobal halların sayının 71 faiz, Amerika qitəsində isə 100 faiz artdığını bəyan edib. Bildirilib ki, dünyada ağır yoluxma hallarının 90 faizi peyvənd olunmayanlarda müşahidə olunub. Doktor Tedros cümə axşamı keçirilən mətbuat konfransında ""Omicron", xüsusilə peyvənd olunmuşlarda, "Delta" ilə müqayisədə daha az şiddətli görünsə də, bu, onun mülayim kateqoriyalara aid edilməsi demək deyil" deyib."Əvvəlki variantlar kimi, "Omicron" insanları xəstəxanaya yerləşdirilməsinə səbəb olur, öldürür. Əslində, yoluxmaların dalğası o qədər böyük və sürətlidir ki, bütün dünyada sağlamlıq sistemlərini sıxışdırır". "Omicron" çox yoluxucudur və insanlar tam peyvənd olunsalar belə yoluxa bilərlər. Bununla belə, vaksinlər hələ də mühüm əhəmiyyət kəsb edir, çünki onlar sizi xəstəxanaya yerləşdirə biləcək ağır xəstəliklərdən qorunmağa kömək edir.
Son çıxışlarında ÜST rəsmisi daha kasıb ölkələrin əhalisini peyvəndləməsinə kömək etmək üçün daha çox peyvənd paylanması çağırışlarını təkrarlayıb. Onun sözlərinə görə, hazırkı peyvəndin tətbiqinə əsaslanaraq, bu gedişlə 109 ölkə ÜST-ün iyul ayına qədər dünyanın 70 faizinin tam peyvənd olunması hədəfinə çatmasına imkan verməyəcək. Keçən il ÜST rəhbəri bildirmişdi ki, əgər Qərb ölkələri peyvəndi özləri üçün yığmasalar, 2022-ci ildə dünyanın bütün yetkin əhalisini peyvəndləmək üçün kifayət qədər peyvənd dozası mövcud olacaq.
Fransada bir gündə 100 min yoluxma
Fransada pandemiyanın başlanmasından bəri ilk dəfə olaraq gündə 100 mindən çox insanın koronavirusa yoluxması qeydə alınıb.
Bütün dünya boyu aviaşirkətlər işçi çatışmazlığı səbəbindən reysləri ləğv edir, Avropa ölkələri isə karantin məhdudiyyətlərini bərpa edir.
Koronavirusa yeni yoluxma hallarının gündəlik sayına görə indi dünyada öndə gedən ölkələr ABŞ, Britaniya, Fransa və İtaliyadır.
ABŞ-da gündə yeni yoluxma halları 184 minə çatıb, Britaniyada 120 mini keçib, Fransada - 104 min təşkil edib, İtaliya da isə təxminən 55 minə çatıb.
Fransada Omicron variantının yayılmasının qarşısının alınması istiqamətində görülən bütün səylərə və tətbiq olunmuş məhdudiyyətlərə baxmayaraq, yeni yoluxma hadisələrin sayı 100 mini ötüb.
John Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada koronavirusa 279 milyondan çox insan yoluxub, 5,4 milyon xəstə ölüb.
Koronavirus yenidən dünya boyu uçuşları dayandırıb
Ekipaj üzvləri koronavirusa yoluxduğundan aviaşirkətlər təyyarələrin idarə edilməsi üçün uçuş heyətlərinin işçi çatışmazlığı ilə üzləşdiyini bildirir.
Ümumilikdə, son iki gün ərzində altı minə yaxın reys ləğv edilib, onlardan 900-dən çoxu ABŞ-da və ya bu ölkə ilə bağlı uçuşların payına düşüb.
Milyonlarla insanın Milad tətili planları bütün dünyada minlərlə uçuşların ləğv edilməsi səbəbindən pozulub.
ABŞ-da Milad bayramı günlərinə adətən il ərzində uçuşların ən intensiv dövrü təsadüf edir.
Adətən, belə günlərdə ölkədə sutkada təxminən 4 min reys həyata keçirilir.
United aviaşirkəti həm cümə, həm də şənbə günü 200 uçuş ləğv edib - bu isə planlaşdırılmış uçuşların təxminən 10 faizini təşkil edir. Delta, şənbə günü 300 uçuşu ləğv edib, bazar günü də uçuşların bir qisminin ləğv olunacağı gözlənilir.
ABŞ Avtomobil Assosiasiyasının dəyərləndirməsinə görə, dekabrın 23-dən yanvarın 2-dək 109 milyondan çox amerikalı ABŞ daxilində təyyarə, qatar və ya avtomobillə səyahət etməyi planlaşdırıb, bu isə ötən ildəki göstəricidən 34 faiz çoxdur.
Bazar günü reyslərin ləğvi davam edib: günün əvvəlindən ABŞ hava limanlarında 450-dən çox uçuş ləğv olunub.