22.00-da yatmaq infarkt riskini azaldır

Şəklin mənbəyi, Getty Images
İngiltərə alimlərinin araşdırmasına görə, 22:00-23:00 aralığında yatmaq ürək-damar sisteminin sağlamlığı üçün faydalıdır.
"UK Biobank" biotibbi məlumatlar və araşdırmalar mərkəzinin mütəxəssisləri 88 000 nəfərin həyat tərzini analiz edərək bu nəticəyə gəliblər ki, orqanizmin bioloji saatına uyğun vaxtda yatmaq infarkt və insult riskini azaldır.
Bədənin sutkalıq bioloji ritminə uyğun davranmaq sağlamlıq üçün çox vacibdir. Bu, qan təzyiqinə də müsbət təsir edir.
Tədqiqat zamanı könüllülərin yuxu və oyanma saatları haqqında məlumatlar toplanıb. Həftənin bütün günlərini əhatə edə edən bu proses altı il davam edib.
Bu müddət ərzində iştirakçıların ürək-damar sisteminin vəziyyəti qeydə alınıb.
Tədqiqatın nəticələri Avropa Kardiologiya Cəmiyyətinin akademik nəşri "European Heart Journal"-ında dərc olunub.
Araşdırma zamanı cəmi 3 min nəfərdə ürək-damar xəstəlikləri aşkar edilib. Bu şəxslərin əksəriyyəti yuxu üçün ideal sayılan 22:00-23:00 aralığından ya əvvəl, ya da sonra yatanlar olub.
Ürək xəstəliklərinə təsir edə biləcək yaş, çəki və xolesterin göstəriciləri kimi faktorları da nəzərə alan alimlər qəti səbəb-nəticə qənaətiylə çıxış etmədiklərini vurğulayıblar.
"Səbəb-nəticə əlaqəsi barədə qəti fikir söyləyə bilməsək də, araşdırma göstərir ki, tez və ya gec yatmaq bədən saatına ürəyi zəiflədəcək qədər mənfi təsir edir. Ən riskli variant gecə yarısından sonra yatmaqdır. Çünki bu zaman bədən saatını yenidən işə salan səhər işıqlarını görmək mümkün olmur" - "European Heart Journal"-ındakı məqalənin müəllifi, Exeter Universitetinin eksperti David Plans belə yazır.
Ürək-damar xəstəlikləriylə məşğul olan "British Heart Foundation" xeyriyyə təşkilatının əməkdaşı kardioloq-tibb bacısı Regina Giblin araşdırmanın nəticələri haqda bunları deyib:
"Bu hərtərəfli araşdırma göstərir ki, saat 22-23 aralığında yatmaq ürəyinin sağlamlığını qorumaq istəyənlər üçün yaxşı vaxtıdır. Bununla belə, unutmamalıyıq ki, nəticələrdə birbaşa səbəb-nəticə əlaqəsi göstərilmir. Yuxunun vaxtı və müddətiylə bağlı daha geniş araşdırmalara ehtiyac var".
Düzgün yuxu rejiminin təkcə ürək-damar sisteminə yox, bütün orqanizmə faydasını qeyd edən Giblin yetkin yaşlı insanların hər gün 7-9 saat yatmalı olduğunu xatırladıb.
Ürəyin sağlamlığı üçün yuxunun yeganə amil olmadığını əlavə edən Giblin qan təzyiqi, xolesterin və çəki göstəricilərini nəzarətdə saxlamağın, idmanla məşğul olmağın, spirtli içkiləri və duzu azaltmağın, balanslı qidalanmanın da əhəmiyyətini vurğulayıb.








