Britaniyada Covid-19 əleyhinə ilk həb təsdiqləndi

Covid əleyhinə ilk həb təsdiqləndi, ABŞ Azərbaycanın da adı keçən "Pegasus" casus proqramı istehsalçısı ilə bağlı qərar verib - BBC News Azərbaycancanın icmalında oxuyun.

Britaniyada Covid simptomlarını müalicə edən ilk dərman təsdiqlənib.

Molnupiravir adlı həb koronavirus diaqnozu qoyulmuş həssas səhhətə malik şəxslərə gündə iki dəfə veriləcək.

Qrip əleyhinə istifadə olunan dərman kliniki sınaqlarda xəstəxanaya düşmək və ya ölüm halları riskini yarıbayarı azaltdığı məlum olub.

"Bu gün ölkəmiz üçün tarixi bir gündür, çünki indi Böyük Britaniya dünyada Covid üçün evdə qəbul edilə bilən antiviral dərmanı təsdiqləyən ilk ölkədir", səhiyyə naziri Sajid Javid deyib.

Merck, Sharp və Dohme (MSD) və Ridgeback Biotherapeutics adlı ABŞ şirkətləri tərəfindən hazırlanmış Molnupiravir virusun fermetlərini elə hədəfləyir ki, virusun özünün surətlərini çıxarır və virusun genetik kodunda yalnışlar yaradır.

Bu, virusun çoxalmasının qarşısını almaqla, bədəndə virus səviyyəsini aşağı tutmağa və xəstəliyin şiddətini azaltmağa kömək etməlidir.

Merck bildirir ki, həb virusun gələcəkdə yarana biləcək yeni variantlarına qarşı da effektiv ola bilər.

Britaniyanın dərman tənzimləyici qurumu - MHRA həbin yüngül və orta Covid simptomları olanlara, piylənmə, diabet və ürək xəstəlikləri oan şəxslərə və yaşlılara veriləcəyini açıqlayıb.

"Pegasus" casus proqramı istehsalçısı ilə bağlı qərar verildi

ABŞ Azərbaycanda da istifadəsi iddia olunan "Pegasus" casus proqramı istehsal edən şirkətlə ticarəti dayandırıb.

Birləşmiş Ştatlar mobil telefonlar üçün olan "Pegasus" casus proqramlarını istehsal edən İsrail NSO Group şirkətini qara siyahıya salıb.

Bu ilin iyulunda "Pegaus" proqram təminatı vasitəsilə bəzi ölkələrin fəalları və jurnalistlərin izlənməsi üçün istifadə edildiyi üzə çıxıb.

Azərbaycanda da onlarla jurnalist, hüquq müdafiəçisi, vəkil və siyasi fəallara qarşı casus proqramından - "Pegasus"dan istifadə olunduğu iddia edilir.

Azərbaycan hakimiyyəti indiyə kimi bu məsələni şərh etməyib, hakim partiya mənsubu Aydın Mirzəzadə BBC News Azərbaycancaya açıqlamasında bu iddianı şübhə altına alıb.

ABŞ-ın NSO Group-un qara siyahısına salınması o deməkdir ki, bu şirkətlə hər hansı işgüzar əlaqə qadağan edilir.

NSO Group isə verdiyi açıqlamada bu qərardan "dəhşətə gıldiklərini" bildirib və onların texnologiyasının "ABŞ-ın milli təhlükəsizliyini terror və cinayətdən qoruduğunu" vurğulayıb.

Şirkət uzun müddətdir ki, öz proqram təminatını dünyada insan haqları sahəsində yaxşı təcrübəsi olan ölkələrlə əməkdaşlıq etdiyini açıqlayıb.

Buna baxmayaraq, bu ilin əvvəlində mediada yayılan xəbərlərdə şirkət öz texnologiyasını avtoritar hökumətlərə satmaqda ittiham olunub.

ABŞ Ticarət Departamenti bildirib ki, onların bu qadağa qərarı şirkət tərəfindən istehsal edilən casus proqram təminatının xarici hökumətlərin rəsmilər, jurnalistlər, iş adamları, fəallar, elm adamları və səfirlik əməkdaşlarına qarşı istifadə edildiyinə dair sübutlara əsaslandıb.

Pegasus iPhone və Android cihazlarına yoluxur və operatorlara mesajlar, fotoşəkillər və e-poçtlar çıxarmaq, zəngləri qeyd etmək və mikrofonları gizlicə aktivləşdirmək imkanı verir.

Casus proqramı telefonla necə sizi izləyir? BBC müxbiri bunu təcrübədən keçirib: