Yaxın Şərq münaqişəsi: İsrail Qəzzaya hava zərbələrini gücləndirir

İsrail ilə sərhədə yaxın ərazilərdəki fələstinli ailələr evlərini tərk edir

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İsrail ilə sərhədə yaxın ərazilərdəki fələstinli ailələr evlərini tərk edir

İsrail ordusu Qəzza zolağında hazırkı qarşıdurmanın başlanmasından bəri ən genişmiqyaslı əməliyyat həyata keçirib. İsrail hərbiyyəsi hücumlarda quru qüvvələrinin iştirak etdiyini, lakin əraziyə daxil olmadığını bildirir.

Qəzzadan yayılmış bir videoda hava, dəniz və qurudan açılan atəşlə gecə səmasının işıqlandığını görmək olar.

Bazar ertəsindən bəri davam edən qarşıdurma nəticəsində Qəzzada həlak olanların sayı 119-a çatıb. İsraildə səkkiz nəfər ölüb.

İsrail daxilində mübahisələr

Kəskinləşən münaqişə İsrailin daxili vəziyyətinə də təsirsiz ötüşməyib. Burada yəhudi və israilli ərəblər arasında kütləvi qarşıdurmalar ölkə Prezidentini vətəndaş müharibəsi barədə xəbərdarlığa vadar edib.

Müdafiə naziri Benny Gantz daxili iğtişaşları yatırmaq üçün təhlükəsizlik qüvvələrinin "əsaslı gücləndirilməsinə" əmr verib.

Quru qoşunları Qəzzaya "daxil olmayıb"

İsrail Müdafiə Nazirliyinin nümayəndəsi cümə günü Qəzzadakı hədəflər üzərinə zərbələrin endirildiyini deyib.

"160 təyyarə eyni vaxtda 150 hədəfin üzərinə 40 dəqiqə ərzində həmlələr həyata keçirib. Bu, qarşıdurmanın başlanmasından bəri ən böyük hərbi əməliyyat idi və əvvəlcədən müəyyən edilmiş hədəflərə qarşı quru qüvvələrin birlikləri də iştirak edib," - Jonathan Conricus deyib.

Onun sözlərinə görə, qoşunlar Qəzza zolağı ərazisinə daxil olmayıb, hərçənd ki, belə əməliyyatın keçirilməsinə dair müvafiq "planlar" mövcuddur.

Aşkelon şəhərində raketin dəydiyi evin qarşında kişi

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Qəzzadan atılan raketlərdən biri İsrailin Aşkelon şəhərindəki binaya dəyib

"Uşaqların hamısı qorxur"

İsrail hücumlarına cavab olaraq, fələstinli silahlı qruplar da İsrail ərazisini raket atəşinə tuturlar. Aşdod, Yavne və Aşkelon kimi cənubdakı İsrail şəhərləri istiqamətində onlarla raket atılıb.

Belə hücumlardan birində Aşdod şəhərindəki sığınacağa gedən 87 yaşlı qadın yıxılaraq ölüb, İsrail mediası bildirir.

Şahidlərin sözlərinə görə, İsraillə sərhəd yaxınlığında yaşayan fələstinli ailələr evlərini kütləvi şəkildə tərk edirlər, onlardan bəzilərinin BMT-nin idarə etdiyi məktəblərə sığındığı göstərilir.

"Atışmalar çoxdur və uşaqların hamısı qorxur. Biz, böyüklər də uşaqlıqdan bəri müharibə şəraitində olmuşuq. Biz qorxuruq və artıq bunlara dözə bilmirik," - AFP agentliyinə danışan yerli sakin Üm Rayed əl-Bağdadi deyib.

Səmada raketlər

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İsrail Qəzzadan atılan raketlərə qarşı Dəmir Günbəz havadan müdafiə sistemini istifadə edir

Qarşılıqlı ittihamlar

Cümə günü İsrailin Baş naziri fələstinli silahlılara qarşı hərbi əməliyyatın "lazım olduğu qədər" davam edəcəyini qeyd edib. Binyamin Netanyahu HƏMAS-ın başqa "terror qrupları" kimi "yüksək qiymət" ödəyəcəyini də əlavə edib.

Öz növbəsində, Həmas qrupunun nümayəndəsi İsrail qüvvələrinə "sərt dərs" verməyə hazır olduğunu söyləyib.

İsrail ordusu Qəzzaya 600-dən çox hücumu həyata keçirib, Qəzza zolağından İsrailə doğru 1750 raketin atıldığı bildirilir. Qəzza zolağından atılan raketlərin əksəriyyəti İsrailin Dəmir Günbəz havadan müdafiə sistemi tərəfindən dəf edilir.