İsrail-Qəzza: Sakinlər sığınacaq tapmağa çalışır, bəziləri dolaba sığınır

Fələstinlilərin yası, cəsədin yanında ağlayan oğlan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İsrailin həmlələri nəticəsində ölənlərin dəfn mərasimləri keçirilir

Fələstinli silahlılar və İsrail qüvvələri qarşılıqlı atışmanı davam etdirərkən, İsraildə və Qəzzada sakinlər uzun sürən münaqişəyə hazırlaşdıqlarını deyirlər.

Silahlılar bazar ertəsi axşamdan İsrailə yüzlərlə raket buraxıblar, İsrail də Qəzzadakı hədəflərə zərbələr endirilib. İndiki zorakılıq son illərin ən kəskinidir və hər iki tərəfdən itkilərə səbəb olub.

BBC yerli sakinlərlə onların nədən qorxduqları haqqında danışıb.

"Uzunmüddətli atışmaya hazırlıq"

Yolande Knell, Yaxın Şərq müxbiri, Qüds (Yerusəlim)

Qəzza raketlərinin son ağır dalğasının yükü İsrailin cənubundakı Aşkelon şəhərinin üzərinə düşüb.

Həmasın hərbiləşdirilmiş qanadı buradakı həyatı "cəhənnəmə" döndərəcəyi barədə xəbərdarlıq edib və yerli sakinlər elə buna da uyğun hiss keçirirlər.

Davamlı olaraq xəbərdarlıq sirenalarının çalınması onları sığınmaq üçün yer axtarmağa məcbur edir..

İki kişi ağlayan qadını sakitləşdirir

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Raket hücumları dalğasının əsas ağırlıq mərkəzi Aşkelon şəhərinə təsadüf edib

İsrailin Dəmir Günbəz raketdən müdafiə sistemi Qəzzadan atılan raketlərin əksəriyyətinin qarşısını alıb.

Lakin bəzi binalara raket zərbəsi birbaşa dəyib. İki qadın ölüb. Onlarla insan təcili olaraq xəstəxanaya çatdırılıb.

Buradakı köhnə binaların bir çoxunda indi İsrail standartlarında nəzərdə tutulan bombadan qoruyan sığınacaqlar yoxdur.

Səmada raketlər

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İsraillilərin çoxu atışmaların davam edəcəyini düşünür

Bir qadın səhər saatlarında dəhşətli anlar yaşadığını söyləyib - o, qarderob dolabına sığınarkən evinə bir raket dəymişdi.

Buradakıların çoxu özünü ağır atışmaların günlərlə davam edəcəyinə hazırlayır.

"Bu dəfəki zorakılıq uzun sürəcək, - Yossi Asulin adlı bir kişi deyir - Bu dəfə ölənlərin olduğundan, buradakı camaat [Həmasla bağlı] problemin birdəfəlik həll edilməsini istəyir."

"Elə sürətlə baş verdi ki"

Hazırda fövqəladə vəziyyət rejimində olan İsrailin Lod şəhərində 52 yaşlı İsrail ərəbi və onun 16 yaşlı qızı, hərəkət etdikləri avtomobillə raket düşdüyündən həlak olublar, yeniyetmənin anası isə yaralanıb.

"Evdə idim, raketin səsini eşitdik. Hadisə ani baş verdi. Qaçmaq istəsək də, təhlükəsiz yerimiz yoxdur," - qızın əmisi oğlu Əhməd İsmayıl ictimai yayım şirkəti Kan-a bildirib.

Gecə vaxtı hava hücumu sirenaları səslənərkən, Jerusalem Post-un müdafiə və təhlükəsizlik müxbiri Anna Ahronheim də beş aylıq körpəsini götürüb minlərlə digər insanlar kimi bomba əleyhinə sığınacaqda gecələməli olur.

Onun sözlərinə görə, yüzlərlə raketin səsini eşitmək "dəhşətlidir."

Sahilyanı şəhər olan Aşkelonda bir İsrail qadını Kanal 11 televiziyasında deyib ki, "uşaqlar koronavirusdan xilas oluna biliblər, indi isə yeni bir travma baş verir."

Aşkelon şəhərində binalara dəymiş zərər

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Ötən gecə Qəzzadan açılan intensiv raket atəşindən sonra Aşkelon şəhərində binalara dəymiş zərər nəzərdən keçirilir.

"Ətrafımızda hər şey od içində idi"

Qəzzadahələ də havaya tüstü qalxır və küçələr dağıntılar içindədir. Fələstinlilər gecə zərbələri nəticəsində dəymiş ziyanı qiymətləndirirlər.

İsrailin hava zərbəsi nəticəsində Qəzzanın şimalında bir ailənin beş üzvü həlak olub, o cümlədən, ölənlər arasında iki kiçikyaşlı qardaş da var..

Onların 14 yaşlı əmisi oğlu İbrahim, AFP agentliyinə göz yaşları içində uşaqların necə həlak olduğunu danışıb: "Gülüb əylənirdik, birdən bizi bombalamağa başladılar. Ətrafımızda hər şey od tutub yanırdı."

Başqa bir hava hücumu nəticəsində üç mülki şəxsin içində olduğu maşın hücuma məruz qalıb, avtomobildə olanların hamısı həlak olub.

"Nə deyim? Bu bir cinayətdir," - Qəzza sakini, 54 yaşlı Abid Aldayah Reuters-ə bildirib. "Onlar mülki vətəndaşlar idi: bir qadın, uşaqları, bir bərbər və dükan sahibi. Bunlar hadisə yerində olan insanlardır. Biz evlərimizdə yatan mülki insanlarıq."

Qəzza sakini

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, "Bu bir cinayətdir", - Qəzzada İsrailin raket atəşindən mülki sakinlərin öldüyü barədə danışan Abid Aldayah deyir

"Görünür, eskalasiya davam edəcək"

Rushdi Abu Alouf, BBC News, Qəzza

Qəzzada illərdir, belə bir vəziyyət yaşanmayıb. Əhalisi həddən artıq sıx olan və acınacaqlı dövrünü yaşayan şəhər müharibənin nə olduğunu çox yaxşı bilir.

Şəhərin mərkəzindəki əsas ticarət obyektlərinin yerləşdiyi küçə hazırda bir neçə alıcı istisna olmaqla demək olar ki, boşdur. Müsəlmanların dini və ictimai baxımdan ən mühüm bayramı sayılan Ramazandan əvvəl əksər dükanlar bağlanıb.

Son günlər fələstin raketlərinin və İsrail hava hücumlarının səsi şəhər üzərindən kəsilmir.

Qəzzada yaşayış binası

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İsrailin hava hücumları nəticəsində Qəzzada bir neçə yaşayış binası dağıdılıb

Qəzzadakı ofisimizdən bir neçə metr aralıda, yüzlərlə sakinin yaşadığı bir yaşayış binasına İsrailin endirdiyi hava hücumundan sonra güclü bir partlayış səsi gəldi və nəhəng qara tüstü göyə qalxdı.

Binanın içərisində gizlənən İslami Cihad təşkilatının iki hərbi lideri bu zərbə nəticəsində öldürüldü.

"Bu, İsrail tərəfdən terrordur, biz günahsız mülki insanlarıq. Uşaqlarım dəhşət içindədir, onlar hava hücumlarının yenidən baş verəcəyindən qorxurlar və bir daha evə geri dönmək istəmirlər," - əlində uşaq binadan çıxıb qaçan bir gənc qadın qışqıraraq deyib.

Döyüşlər başlayandan bəri yerli sakinlər havadan yağan bombalardan xilas olmaq üçün evlərinə sığınırlar. Qəzzada bombalama əleyhinə sığınacaqlar və hava hücumundan xəbərdar edən sirena olmadığından sakinlərin evlərində gizlənməkdən başqa çarəsi yoxdur.

"Bu dəfəki döyüşlərin nə qədər davam edəcəyini bilmirik. Görünür, eskalasiya davam edəcək, - yerli sakin Şirin İmadəddin deyir. - Dörd uşaq anasıyam, yeddi mərtəbəli binada bir mənzildə yaşayırıq. Binamızda zirzəmi yoxdur, evimiz bombalansa hara qaçacağımızı bilmirəm."

Şirin Qəzzanın qərbində yerləşən məhəllədə açıq olan yeganə ərzaq dükanından azuqə alarkən mənimlə telefonla danışıb.

"Ramazan bayramını qeyd etməyə hazırlaşırdıq, şokolad və şirniyyat almalı idim, amma indi bu gərginliyin nə qədər sürəcəyini bilmədiyimdən yalnız gündəlik ehtiyacı ödəmək üçün ərzaq alıram," - o deyib.