Azərbaycan üç erməni hərbçini Ermənistana təhvil verib

Təyyarə

Şəklin mənbəyi, Yerevantoday

Azərbaycan üç erməni hərbçini Ermənistana təhvil verib, Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov vəzifədən azad olunub, Ermənistan səyyar vaksinasiya məntəqələri quracaq, G7-də Rusiya, İran və Çinlə bağlı mövzular müzakirə olunacaq, Ermənistan Prezidenti barəsində cinayət işi açılıb, Bill və Melinda Gates boşanırlar, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Azərbaycanın üç erməni hərbçini Ermənistana təhvil verib. Bu barədə məlumatı Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın ofisi təsdiqləyib.

Məlumata görə, azad olunan şəxslər - Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyan Yerevan aeroportuna gətirilib. Buradan onları hərbi hospitala aparıblar, Sputnik.am saytı xəbər verir.

Bundan əvvəl Azərbaycanın caliber.az saytı erməni hərbçilərinin Rusiya sülhməramlı kontingentinin komandanı, general Rüstəm Muradovun müşayiəti ilə Yerevana yola salındığı bildirib.

Məlumata əsasən, erməni hərbçiləri 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilərək tutulublar.

Qorxmaz Hüseynov

Şəklin mənbəyi, APA

Azərsu ASC-nin sədri tutduğu vəzifədən azad edilib

Müvafiq qərar Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunub.

"Qorxmaz Cavanşir oğlu Hüseynov "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin", - İlham Əliyevin imzaladığı sərəncamda deyilir.

Azərsu Açıq Səhmdar Cəmiyyəti istehlakçıları "mərkəzləşdirilmiş qaydada" içməli su ilə təchiz edən və onlara kanalizasiya "xidmətləri göstərən" qurumdur.

Həkimlər və xəstə

Şəklin mənbəyi, Moh.am

Ermənistanda "ləng vaksinasiyanın" səbəbləri açıqlanıb

Ermənistanda koronovirus infeksiyasına qarşı vaksinasiya çox ləng gedir, ümumən bu günədək təxminən 4500 nəfər peyvənd olunub, bu əhalinin sayının təxminən 0,1 faizidir, Yerevanda mətbuat konfransında Səhiyyə Nazirliyinin nümayəndəsi, həkim Şant Şxrtumyan deyib.

"Normal həyata qayıtmaq üçün yeganə üsul vaksinasiyadır. Təəssüf ki, Ermənistanda vaksinasiya prosesi zəif irəliləyir, lakin vaksinasiya keçmək istəyənlərin sayı tədricən artır", - o qeyd edib. Həkimin sözlərinə görə, bunun səbəbləri müxtəlifdir, lakin əsasən bu, vətəndaşların yeni vaksinlərə etimad etməməsidir. Buna vaksinlərin təsirindən, çox cüzi də olsa, səhhətin ağırlaşması və ölüm halları haqqında informasiya da səbəb olur.

Bu səbəbdən bəzi vətəndaşlar konkret vaksin növləri ilə peyvənddən imtina edir. Vaksinasiyanın populyarlaşdırılması məqsədilə ölkədə ictimai yerlərdə lazımi avadanlıqla təchiz olunmuş səyyar vaksinasiya məntəqələri fəaliyyət göstərəcək.

Baş nazir Paşinyanın həyat yoldaşı ilə bu bazar ertəsi günü vaksinasiya olması haqqında yayılan məlumat və videonu da vaksinasiyanın təbliği kimi nəzərdən keçirilə bilər. Səhiyyə naziri və digər rəsmilər də koronavirusa qarşı peyvənd olunduqlarını ictimailəşdirir.

Ermənistanda vaksinasiya könüllüdür. Hazırda Covid-19 virusuna yoluxma hallarının azalması müşahidə olunsa da, Səhiyyə Nazirliyinin nümayəndələri yeni yoluxma dalğasının gözlənildiyi haqqında xəbərdar edirlər.

Mayın 4-nə olan son məlumatlara görə, koronovirusa yoluxma hallarının ümumi sayı 217 407-yə çatıb.

Son sutka ərzində keçirilən 3343 test nəticəsində 399 yeni yoluxma halı təsdiqlənib. Gün ərzində Covid-19 səbəbindən 16 ölüm halı, 635 xəstənin sağalması qeyd olunub. Ölüm hallarının ümumi sayı 4165, sağalanların - 201107 nəfər təşkil edir, 11106 nəfər Covid-19 xəstəliyindən müalicə olunmaqdadır.

Ermənistanda koronavirusa qarşı vaksinasiya bu il aprelin 13-dən başlanıb və ilin sonunadək 700 min nəfərin peyvənd olunacağı nəzərdə tutulur.

Vaksinasiyanı qeydiyyat yerindən asılı olmayaraq və istənilən poliklinikada etmək olar. Səhiyyə Nazirliyinin məlumatına görə, Ermənistan ərazisində olan xarici vətəndaşlar da peyvənd oluna bilər. Hazırda üç növ vaksindən istifadə edilir.

Londonda G7 görüşü keçirilir

Dominic Raab və Toshimitsu Motegi

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Britaniya və Yaponiyanın xarici işlər nazirləri bazar ertəsi ticarət, təhlükəsizlik və iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə ediblər

Londonda son 2 ildə ilk dəfə olaraq, G7 qrupunun XİN başçıları bir araya gəlirlər və bu, koronavirus pandemiyasının əvvəlindən bəri, Böyük Yeddilərin üz-üzə formatda keçirilən ilk görüşüdür.

Britaniya Xarici İşlər Naziri Dominic Raab, Myanmadakı böhranla yanaşı Rusiya, Çin və İranla əlaqələrə aid müzakirələrdə iştirak edəcək.

Məlumata görə, nazirlər o cümlədən Rusiya dezinformasiyasına qarşı mübarizə yollarını müzakirə etməlidirlər. Londonda keçirilən Britaniya-ABŞ birgə mətbuat konfransında Dominic Raab deyib ki, yaxın mövqedə duran ölkələrdə Rusiya və Çin kimi dövlətlərə qarşı daha sıx əməkdaşlığa təmayül müşahidə olunur.

İclasda G7 ölkələri - İngiltərə, ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyanın nazirlərindən əlavə Avstraliya, Hindistan, Cənubi Koreya və Cənubi Afrikanın nümayəndələri də iştirak edəcəklər. Onlar qonaq qismində dəvət olunublar. Görüşə həmçinin Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Cənub-Şərqi Asiya Ölkələri Asosiasiyasının (ASEAN) Baş Katibi qatılıb.

Gələn ay Britaniyanın Cornwall bölgəsində Böyük Yeddilik qrupuna daxil ölkə liderlərinin zirvə görüşü keçiriləcək.

Ermənistan Prezidenti barəsində cinayət işi açılıb

Armen Sarkisyan

Şəklin mənbəyi, President.am

Ermənistan Baş Prokurorluğu Ermənistan Prezidenti Armen Sarkisyana qarşı ikili vətəndaşlıq haqqında faktı gizlətmək əlamətləri ilə cinayət işi açıb. Bu barədə öz Facebook hesabında Ermənistan Vəkillər Palatasının sədri Ara Zohrabyan məlumat yazıb. Ermənistan Baş Prokurorluğu cinayət işinin açıldığını təsdiq edib.

Baş prokurorun müşaviri Qor Abrahamyan mətbuat üçün məlumatında deyib ki, məsələ ilə bağlı əlavə hərtərəfli araşdırma aparılmalıdır. Onun sözlərinə görə, hazırda qəti hüquqi qənaət çıxarmaq, yaxud hər hansı şəxsi ittiham etmək olmaz.

"Bütün suallara sözügedən cinayət işi üzrə araşdırma çərçivəsində cavab vermək olar", - o deyib.

Ermənistan informasiya agentliklərinin məlumatına görə, martın 30-da 53 vəkil tərəfindən Ermənistan Xüsusi İstintaq Xidmətinə (XİX) Ermənistan Prezidenti Armen Sarkisyanın ikili vətəndaşlığına dair faktın gizlədilətməsi ilə bağlı cinayət haqqında məlumat təqdim edilib.

Lakin XİX cinayət işini açmağa etiraz edib, vəkillər isə bu qərara qarşı şikayət veriblər. Vəkil Zohrabyanın Facebook-da qeydinə görə, Baş Prokurorluq, şikayətə əsasən, XİX-nin qərarını ləğv edib və Cinayət Məcəlləsinin "sənədlərin saxtalaşdırılması və onlardan istifadə etməsinə dair" müvafiq maddələr üzrə cinayət işini açıb.

Prokurorluğun açıqlamasında bu barədə məlumat verilmir. Gün ərzində Ermənistan Prezident Administrasiyasından məsələ ilə bağlı izahat almaq mümkün olmayıb.

Yerevan müxbirimizin açıqlamasına görə, Armen Sarkisyan 1990-cı illərin əvvəlindən diplomatik vəzifələrdə çalışıb. O, çox qısamüddətli fasilələrlə Ermənistanın Böyük Britaniyada səfiri olub.

Armen Sarkisyanın prezident vəzifəsinə namizədliyi Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyası tərəfindən irəli sürülüb. Serj Sarkisyan yeni Konstitusiya üzrə Baş nazir qismində ölkə başçısı vəzifəsində qalmaq istəyirdi, Armen Sarkisyanı isə səlahiyyətləri xeyli məhdudlaşdırılmış prezident vəzifəsinə təklif edirdi.

O zaman çoxları, o cümlədən "Serj Sarkisyan rejiminin devrilməsinə qarşı" etiraz hərəkatına rəhbərlik edən Nikol Paşinyan, deyirdi ki, Armen Sarkisyanın Ermənistan prezidenti olmaq üçün "ölkədə yaşamaq stajı kifayət etmir". Ondan Britaniya vətəndaşlığı olmadığı və ya ən azı altı il bundan əvvəl imtina etdiyini sübut edən sənəd təqdim etməyi tələb edirdilər.

Konstitusiyaya görə, Ermənistan prezidenti ən azı son altı ili Ermənistan vətəndaşı olan və Ermənistanda yaşamış vətəndaş ola bilər.

Nikol Paşinyanın rəhbərliyi ilə "məxməri inqilab" qalib gəldi, Paşinyan Baş nazir vəzifəsini tutdu, Armen Sarkisyan Prezident vəzifəsində qaldı.

Lakin onun Ermənistan vətəndaşlığına dair şübhələr də qaldı. Şikayət edən advokatlar deyirlər ki, Armen Sarkisyanın Britaniya vətəndaşlığı 2012-ci ilin noyabr ayına kimi qüvvədə olub, Armen Sarkisyan isə 2018-ci il martın 2-də Ermənistan prezidenti seçilib.

İndi, iyunun 20-də keçiriləcəyi gözlənilən erkən parlament seçkiləri ilə bağlı gərgin kampaniya ərəfəsində, ehtimal olunan rəqiblərin "zərərsizləşdirilməsi" baş verir, təhlilçilər qeyd edir.

Armen Sarkisyan hələ seçkilərə qatılacağı və hansı qüvvəni dəstəkləyəcəyini deməyib, lakin daha əvvəl Paşinyanın istefasından sonra erkən seçkilər keçirmək ideyasını dəstəkləyib. Digər tərəfdən isə, qeyd olunur ki, Ermənistan Vəkillər Palatası da Baş nazir Nikol Paşinyana loyallığı ilə seçilmir, əksinə, onun fəaliyyətini sərt tənqid edənlərə aiddir.

Bill və Melinda Gates 27 illik evlilikdən sonra boşanırlar

Bill və Melinda Gates 27 illik evlilikdən sonra boşanırlar

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Dünyanın dördüncü ən zəngin adamı 27 illik evlilikdən sonra boşanır

Bill və Melinda Gates 27 illik evlilikdən sonra boşanmalarını elan edərək "Artıq cütlük olaraq birlikdə böyüyəcəyimizə inanmırıq" deyiblər.

Cütlük "Çox düşündükdən və münasibətlərimiz üzərində çox çalışdıqdan sonra evliliyimizə son qoymaq qərarını verdik" deyib.

Onlar 1987-ci ildə, Melinda Microsoft firmasında işə başlayan zaman tanış olublar.

Milyarder cütlüyün üç övladı var və birlikdə Bill & Melinda Gates Fondunu idarə edirlər.

Təşkilat infeksion xəstəliklər və uşaqlarda peyvəndlərin təşviq edilməsi kimi məsələlərə görə milyardlarla pul xərcləyib.

Gates investor Warren Buffett-lə birlikdə milyarderləri sərvətlərinin böyük hissəsini xeyirxah işlərə verməyə borclu olmağa çağıran Giving Pledge-in təşəbbüsünün müəlliflərindəndir.

Forbes-in məlumatına görə, Bill Gates dünyanın ən zəngin dördüncü adamıdır və onun sərvəti 124 milyard dollar dəyərindədir.

O, pullarını 1970-ci illərdə qurduğu dünyanın ən böyük proqram təminatı şirkəti olan Microsoft sayəsində qazanıb.

Cütlük boşanma xəbərini Twitter-də paylaşıb.

"Son 27 ildə üç inanılmaz uşaq böyütdük və bütün insanların sağlam, məhsuldar həyat sürmələrini təmin etmək üçün bütün dünyada işləyən bir təməl qurduq", - onların yazısında qeyd edilib.

"Bu missiyaya inamımızı bölüşməyə davam edirik və işimizi təməldə birlikdə davam etdirəcəyik, amma artıq həyatımızın sonrakı mərhələsində cütlük olaraq böyüyəcəyimizə inanmırıq".