Sevgi adası şousunun iştirakçısı “Qisas pornosu indi də mənə təsir edir”

Zara McDermott
Şəklin alt yazısı, Britaniya televiziyasnın "reality show" ulduzu deyir ki, keçmiş sevgilisi onun intim şəkillərini ondan icazəsiz sosial mediada yaydıqdan sonra o, intihar həddinə yaxınlaşmışdı.
    • Müəllif, Hannah Price & Thea de Gallier
    • Vəzifə, BBC Three

Xəbərdarlıq: Məqalədə intihar mövzusuna toxunulur.

Love Island (Sevgi Adası) şousunun seçim mərhələsinin keçmiş iştirakçısı Zara McDermott-un intim görüntüləri onun razılığı olmadan iki dəfə paylaşılıb. O, bu hadisənin onun psixikasına necə dağıdıcı təsir göstərdiyini təsvir edir və bu cür hərəkətin qurbanlarına daha çox dəstək verməyə çağırır.

"İstədiyim tək şey bəyənilməyim idi"

"Özümü daha populyar etmək və sınamaq istəyirdim, amma bunun tamamilə mənfi nəticəsi oldu."

Love Island şousunun keçmiş ulduzu Zara McDermott, həyatının xüsusilə travmatik bir dövrü haqqında danışır - 14 yaşında, məktəbdə bir oğlanın ona intim təsvirlərini göndərmək məqsədi ilə təzyiq göstərdiyini hiss etdi.

Məktəb illəri Zara üçün xoşbəxt bir dövr deyildi. Ona sataşırdılar və o, özünü tənha hiss edirdi. Ona elə gəlirdi ki, oğlan onu bəyənsə, bu, onun sinif yoldaşları arasında sosial mövqeyini möhkəmlədə bilər. Ancaq həmin oğlan onun şəkillərini məktəbdə yaydı və vəziyyət daha da pisləşdi.

"Mən, həqiqətən, bunu anlaya bilmədim, - Zoom bağlantısı ilə verdiyi müsahibədə o deyib. - Bu, həyatımın həqiqətən vacib bir dövründə baş verib. Kim olduğunuzu anlamağa çalışırsınız və bir qədər yetkinləşməyə başlayırsınız."

"O qədər qaranlıq bir vaxt idi, çox sayda bloklamalar etdim. Şəkil yayılmağa başladıqdan bir neçə gün sonra çox tükənmiş hiss edirdim özümü. Yeməyim, yuxum pozulmuşdu, əhval-ruhiyyəm pisləşmişdi."

"İntihar etmək həddinə yaxınlaşmışdım. O dərəcədə pis vəziyyətdə idim. [Görüntülər] yayıldıqdan sonra daha çox təhqir olunacağımı bilmək - buna tab gətirə bilmirdim. Bu, indiyədək mənə təsir edir."

Zara üçün yeniyetmə olduğu və məktəbdə oxuduğu dövr çətin keçib

Şəklin mənbəyi, BBC Three

Şəklin alt yazısı, Zara üçün yeniyetmə olduğu və məktəbdə oxuduğu dövr çətin keçib

Bu, Zarann öz intim fotoşəkillərini kiməsə etibar etdiyi, lakin bu etibarlılığa xəyanət edildiyi yeganə hadisə olmadı. 21 yaşında, 2018-ci ildə Love Island şousunun çəkildiyi villada bu cür hal yenidən baş verdi.

Şəkillər bir neçə WhatsApp qrupuna göndərilmişdi. Ancaq Love Island adasında telefonsuz qalan Zara bunları bilmirdi.

Şounu tərk etdikdən sonra Love Island-dan olan publisist sürətlə yayılan şəkillərindən onu xəbərdar etmək üçün qaldığı otelə gəldi. O ərəfədə bu əhvalat artıq mətbuata da ayaq açmışdı.

Sənədli filmdə baş vermiş insidenti xatırlayan Zara göz yaşları içində deyir: "Valideyinlərinin səndən utandığı hissini çatdıra bilmirəm. Onlar mənə əvvəlki kimi necə baxa bilərlər ki? Bu, elə utanc verici idi ki. Mən sadəcə ölmək istəyirdim."

Zara iddia edir ki, Love Island şousundan əvvəl qarşılaşdığı bir kişi onun şəkillərini yaymağa başlayan adamlardan biri olub. Həmin adam bunu inkar edib.

Açıqlıq

BBC-nin "Zara McDermott: Qisas pornosu" sənədli filmində Zara intim şəkillərin razılıq olmadan yayılmasının - porno qisasının - bu cür hadisənin qurbanlarına təsirini araşdırır və onlara mümkün yardım mexanizmlərini nəzərdən keçirir.

İntim şəkillərinin bir deyil, iki dəfə yayılması səbəbindən Zara başa düşülən dərəcədə qəzəblidir.

Onu qəzəbləndirən yalnız şəkilləri paylaşan insanlar deyil, həm də hadisələrə verilən reaksiyadır: internetdə trolların qısnaması və şəkillərin icazəsiz yayılması halını yox, qurbanın ittiham olunmasıdır.

O əlavə edir ki, insanlar birgə şəkillərin paylaşımının geniş yayıldığını bilsələr, şoka düşə bilərlər, çünki bu, "belə bir qadağan olunmuş mövzudur."

Zara və onun sevgilisi Sam

Şəklin mənbəyi, BBC Three

Şəklin alt yazısı, Zara və onun sevgilisi Sam

"Problem ondadır ki, insanlar "O bunu niyə etdi" sualını verib hadisəyə hərtərəfli yanaşmırlar.

"Bir məqalə altında bəzi onlayn şərhləri oxudum, yazırdılar ki, İnstaqramda bikinidə çəkildiyini nəzərə alaraq, [qisas pornosu haqqında məlumatlandırma kampaniyasını] apardığı başa düşülən deyil".

"Belə yazanlar tamamilə unudurlar ki, mənim hüquqlarım pozulub, inamım qırılıb, kimsə qanunu pozub - İnstagram-a bikini şəkillərini yerləşdirmək qanuna zidd deyil."

"Keçmiş sevgilim İnstagram postlarıma mənim çılpaq görüntülərimi yerləşdirib."

Belə vəziyyətə düşən tək Zara deyil. Safeline cinsi istismar qurbanlarına yardım göstərən xeyriyyə təşkilatına görə, qisas pornolarının qurbanlarına ən çox yeniyetmələr və iyirmi yaşlarında olanlar arasında gəlinir.

Yeniyetmə yaşlarında olduğu vaxt Chloe işdən evə onu aparan avtobusda hərəkət edərkən Snapchat-da tanımadığı bir hesabdan mesaj alır.

Həmin mesajın özünün çılpaq fotosundan ibarət olduğunu görəndə çoka düşür. Mesajın məzmunu isə belə idi ki, həmin gün saat 20:00-dək növbəti intim şəkillərini göndərməsə, onun intim fotoları "hər yerə yerləşdiriləcək".

Özünün intim şəkillərini isə o, yalnız keçmiş sevgilisi ilə bölüşmüşdü.

Snapchat

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Chloe üçün hər şey Snapchat-da tanımadığı bir hesabdan gəldiyi mesajdan başladı

Bir neçə saatdan sonra bir dostundan zəng gəldi.

"Chloe, İnstaqram səhifənə nə qoymusan, dəlisən?" - o soruşdu.

Chloe deyir ki, keçmiş sevgilisi onun hesabının parolunu, görünür, necəsə tapa bilib və çılpaq təsvirlərini onun elə öz səhifəsinə də yerləşdirib.

"Ağlıma gələn ilk fikir "Ailəm bunu görsə nə olacaq? Dostlarım bunu görsələr nə olacaq? Bu şəkillər yayılsa ...işdə bunu görsələr, mən işdən qovula bilərəm."

"Beynimdə milyon fikir dolaşırdı."

Chloe, göz yaşları içərisində ilk vahimə hissini xatırladır, çünki valideynlərinə nə baş verdiyini necə izah edəcəyini bilmirdi.

"Həmin gün necə evə qayıtdığımı xatırlayıram - tək idim. Düşünürdüm ki, yaşamağın mənası nədir? Çıxış yolu tapmağa çalışırdım, bundan sonra kiməsə necə etibar etmək olardı? " o deyir.

"Bu mənim üçün həqiqətən qaranlıq bir dövr idi, hətta özümü çox dəyərsiz hiss etdiyimdən özümə bir xətər də yetirməyi düşünürdüm."

Bir neçə həftə ərzində Chloe evdən bayıra çıxmağa cürət etmirdi. Nəhayət dostu onu paba getməyə dilə tutdu. Həmin gecə onlara özündən bir neçə yaş böyük bir qrup oğlan yaxınlaşdı. Fotoşəkillərinin WhatsApp qrupuna göndərildiyini söylədikdən sonra onlar onun "cazibədar döşlərini" şərh etdilər.

Chloe intim görüntülərdən sui-istifadə qurbanının ruhi sağlamlığına bu cür hadisələrin nə qədər ciddi təsir göstərə biləcəyini insanların anlamalarını istəyir.

"Sözün əsl mənasında həyatımda bu qədər alçalmış, özümü hiss etməmişdim, çünki tanımadığım oğlanlar həmin fotoşəklimi görmüşdülər və şəbəkədə onun yayılmasının normal olduğunu düşünürdülər."

İnsanın razılığı olmadan onun intim seksual foto və ya videolarının paylaşılması Britaniyada cinayət sayılır, lakin yalnız o halda ki, onu paylaşan şəxsin bunu qərəz məqsədi ilə etdiyi sübut olunsun. Bu qanunvericilik 2015-ci ildə qüvvəyə minib və qanunda iki ilə qədər həbs cəzası nəzərdə tutulur.

"Ancaq bu qanunu tətbiq etmək həqiqətən çətindir, - daha yaxşı qanunun qəbul olunmasına çağıran Not Your Porn kampaniya qrupundan olan Kate Isaacs izah edir. - Görüntülərin paylaşılmasının düşmənçi hərəkət olduğunu sübut etdirmək lazımdır - bunu məhkəmədə sübut etmək isə çox çətindir."

"Zaranın əhvalatında olduğu kimi, şəkillər məktəbdə yayıldığı halda uşaqlar bilməlidirlər ki, görüntü zəminində cinsi istismar qurbanı olduqları təqdirdə onlar fotoşəkillərini çəkdiklərinə görə ittiham olunmamalıdırlar. Onlar əmin olmalıdırlar ki, məktəbə və ya polisə bu barədə xəbər verdikdə, özlərini rahat hiss edəcəklər və buna görə çətin anlar yaşamayacaqlar."

Qisas pornosuna qarşı kampaniya

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Dünya boyu qisas pornosuna qarşı maarifçilik kampaniyaları aparılır və müvafiq qanunvericiliyin qəbul olunmasna dair çağırışlar edilir

"Özümü cinayətkar kimi hiss etdim"

Qisas pornosu qurbanın həyatının hər sahəsini dağıda bilər və günahı olmasa da, həmin adam utanc hissi keçirir. Zərərçəkənlər intim görüntülərindən sui-istifadə hallarından sonra yaşadıqları hislərini belə təsvir edirlər: onları əhatə edən xarici aləm sanki bir anda kəskin daralır, hər yoldan keçən onların şəkillərini görüb. Bir çox hallarda bu cür hadisələr, qurbanların ruhi sağlamlığına üçün uzun müddət çəkən zərərli təsir kimi bir iz buraxır.

BBC ilə paylaşılan məlumatlara görə, 2020-ci ildə Qisas Pornosu Qaynar Xəttinə intim görüntülərinin qərəzli məqsədlə yayıldığı barədə şikayətlə müraciət edənlərin sayında 87 faiz artım olub: bu cür hadisələrlə bağlı 3136 iş açılıb və bu, indiyədək həmin Qaynaq xətt üçün ən yüksək göstəricidir.

Bu insanların yarıdan çoxuna psixoloji yardım xidməti təklif olunmuşdu, qisas pornosu halları ilə üzləşən 45 nəfər isə intihar barədə düşündüklərini bildirmişdi.

Qaynar xəttin meneceri Sophie Mortimer BBC-yə deyib ki, intim görüntülərin qərəzli məqsədlə yayılması halları qorxulu dərəcədə artmağda davam edir. "Yardım üçün bizimlə əlaqə yaradanların sayı həftədən-həftəyə artmağda davam edir," - o deyir. "Pandemiyadan əvvəl də bu cür halların sayı artmaqda idi."

Chloe keçmiş segilisindən polisə şikayət etdi, ancaq əməkdaşlar onu xəbərdar ediblər ki, o bu məsələdə dərinə getmək istəsə, özünə qarşı da ittiham irəli sürülə bilər, çünki 18 yaşınadək, hətta özünün çılpaq şəkillərini çəkib kiməsə göndərmək, uşaq seksual görüntüsünün yayılması kimi yozularaq cinayət sayıla bilər.

"O zaman düşündüm ki, bu, birmənalı olaraq, mənim günahımdır, çünki şəkli özüm göndərmişdim və bu da cinayət idi," - Chloe deyir.

Chloe deyir ki, özünü günahlandırmanın onun psixoloji sağlamlığına uzun çəkən fəsadı olub və bu təsir indi zəifləməyə başlayıb.

Chloe kimi, Zara da 14 yaşında baş vermiş hadisəyə görə özünü günahkar sayıb. O, fotoşəkillərini yaydığına görə yox, həmin fotoşəkillərini çəkdiyinə görə məktəbdən uzaqlaşdırılıb.

Zara və onun anası

Şəklin mənbəyi, BBC THREE

Şəklin alt yazısı, Zara ümid edir ki, onun sənədli filmi qisas pornosu qurbanlarına psixoloji cəhətdən fayda verəcək

"Yardım axtarmaq barədə heç düçünmürdüm də, , çünki 14 yaşımda bu hadisədə "kriminal" mən idim, - o deyir. - İnsanlar başlarına gələnlərdə özlərini günahlandırır və özlərini günahlandırdıqları üçün sonradan başına gələnlərə görə də kömək istəməyəcəklər."

İngiltərə Prokurorluq Xidmətinin sözçüsü bu məsələ ilə bağlı bunları bildirib: "Yaşları yaxın olan iki uşaq arasında qarşılıqlı razılıq əsasında görüntülərin paylaşılmasına görə məhkəmə işinin açılması adətən ictimai marağa uyğun olmasa da, bəzi hallarda məsələnin məhkəmə yolu ilə araşdırılması məqbul ola bilər."

Zara deyir ki, qisas pornosunun onun ruhi sağlamlığına təsirindən danışmaq üçün heç bir müalicə kursu keçməsə də, bu barədə kiminləsə söhbətləşməyin onun üçün faydası ola bilərdi.

"Qisas pornosu seksual istismarın bir növü qismində ciddiyə alınmır, - Not Your Porn kampaniyasının fəalı Kate deyir. - Buna son qoyulmalıdır: şəkli çəkən insan məsuliyyət yükündən azad olunmalıdır, qanunu pozan (şəkli paylaşan) isə hərəkətinin qanunsuz olduğu və çox böyük psixoloji və mənəvi zərər vura biləcəyi barədə xəbərdarlıq almalıdır."

Yaşadığı hadisənin üstündən 10 il keçdikdən sonra Zara ümid edir ki, onun sənədli filmi qisas pornosu və onun fəsadları barədə maariflənməyə kömək edəcək.

"İstəyirəm ki, insanlar bilsinlər ki, tək deyillər, çoxları bu cür vəziyyətdə olub," - o deyir və misal kimi qisas pornosunun qurbanı olmuş digər qadınlardan sosial media vasitəsilə aldığı mesajları qeyd edir.

"İstəyirəm ki, insanlar bu mövzuda açıq danışmağa başlaya bilsinlər və belə hadisənin qurbanın üzərinə düşən yük yüngülləşsin."