Tərtərdə bir şəxsin minaya düşməsilə bağlı cinayət işi, ABŞ nüvə silahı ilə bağlı İranla müzakirələrə "kritik məqamda" qoşulmağa "hazırdır"

Azərbaycan Mina təhlükəsi vətəndaş

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Tərtərdə bir nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb, ABŞ nüvə silahı ilə bağlı İranla müzakirələrə "kritik məqamda" qoşulmağa hazır olduğunu açıqlayıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Tərtərdə bir nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb, Baş Prokurorluq bununla bağlı məlumat yayıb.

Qurum bildirib ki, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə meyit fraqmentləri aşkar edilib, həmin fraqmentlərin Bəxtiyar Mahmudova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə və digər maddələri ilə cinayət işi başlanılıb.

Fevralın 18-də axşam saatlarında vətəndaşlar Bəxtiyar Mahmudov və qohumu Elşən Abbasovun "Niva" markalı dövlət nömrə nişanı məlum olmayan avtomobillə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndi ərazisində tank əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılan istintaqla qeyd edilən şəxslərin işğaldan azad olunmuş əraziyə gələrək avtomobildən enmələri, Bəxtiyar Mahmudovun avtomobilin ön hissəsinə keçərək minaya düşməsi müəyyən edilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan hökuməti dəfələrlə vətəndaşları "qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə" çağırıb.

ABŞ nüvə silahı ilə bağlı İranla müzakirələrə "kritik məqamda" qoşulmağa hazır olduğunu açıqlayıb

İran ABŞ nüvə anlaşması nüvə silahı region ölkəsi sanksiyalar

Şəklin mənbəyi, EPA

ABŞ-dan administrasiya dəyişikliyindən sonra ilk dəfə İran və dünya güclərinin iştirak edəcəyi nüvə silahı ilə bağlı danışıqlara "kritik məqamda" qoşulmağa hazır olduğu mesajı gəlib.

Donald Trump Çin, Almaniya, Fransa, Rusiya və İngiltərənin də tərəfdaş olduğu müqavilədən "utanc verici" deyərək 2018-ci ildə geri çəkilib və İrana qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Prezident Joe Biden rəhbərliyi ilə yeni yanaşmaya keçiddə İngiltərə, Almaniya və Fransa ilə iki günlük danışıqların rol oynadığı bildirilir.

İran 2015-ci il müqaviləsi çərçivəsində iqtisadi sanksiyaların ləğvi müqabilində nüvə proqramını məhdudlaşdıracağına söz verib.

Prezident Joe Biden administrasiyası da İranla gərginliyi azaltmaq üçün bir sıra xoşməramlı addımlar atıb. Birləşmiş Millətlər Təşkilatında çalışan İran diplomatları üçün Trump administrasiyası tərəfindən qoyulan səyahət qadağaları yüngülləşdirilib.

Trump administrasiyasının BMT qarşısında sanksiyaları bərpa etmək üçün başlatdığı proses də sona çatıb.