Şahzadə Lətifəyə "evdə qayğı" göstərilir - Dubayın hakim ailəsi

Videonun alt yazısı, Şahzadə Lətifə: Dubayda atam məni həbs edib

Dubayın kral ailəsi bildirir, şahzadə Lətifəyə "evdə qayğı" göstərilir. Bu bəyanatdan əvvəl BBC-nin əldə etdiyi videoda Dubay əmirinin qızı Şahzadə Lətifə Əl-Məktum 2018-ci ildə qaçmağa cəhd edəndən sonra, ailəsi tərəfindən girov saxlanıldığını bildirib.

"O, getdikcə yaxşılaşır və ümid edirik ki, mütənasib bir vaxtda yenidən ictimai həyata qayıdacaq," - onun ailəsi tərəfindən yayılan bəyanatda deyilir.

Ailəsi təsdiqləyib ki, əlahəzrətə evdə "qayğı göstərilir" o, tibb işçiləri və ailəsi tərəfindən dəstəklənir, - BƏƏ-nin Londondakı səfirliyi bildirib.

Ailədən gələn açıqlama şahzadənin sağ olduğunu təsdiqləyən video və ya fotoşəkillə müşayiət olunmayıb. Səfirlik onun vəziyyəti barədə də məlumat verməyib.

Bundan əvvəl gizli çəkilən videolarda şahzadə həyatı üçün qorxduğunu bildirib. Bundan əvvəl Lətifədən gizli mesajların gəlməsi kəsildiyindən onun dostları BMT-ni işə qarışmağa çağırıblar.

BBC-nin Panorama proqramı ilə paylaşılan videolarda Şahzadə Lətifə deyir ki, o, qayıqda qaçmağa cəhd edərkən xüsusi təyinatlılar ona uyuşdurucu vuraraq hava nəqliyyatı ilə onu yenidən saxlandığı yerə gətiriblər.

Human Rights Watch təşkilatının rəhbəri Kenneth Roth, deyib ki, onun ailəsinin açıqlaması "ört-basdır etmək hekayəsidir" və Lətifəyə "öz sözünü demək azadlığı" verilməyənə kimi heç kim belə bəyanatlara inanmayacaq.

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları ofisi Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Dubay əmirinin qızı Şahzadə Lətifənin sağ olduğuna dair sübut istəyib.

BMT-dən başqa, Böyük Britaniya da hadisələrin inkişafını "yaxından izləyidiyini" açıqlayıb.

"Bizi narahat edir", - ölkənin xarici işlər katibi Dominic Raab bu həftənin əvvəli bildirib.

BƏƏ ABŞ və Britaniya da daxil olmaqla, bir sıra qərb ölkələri ilə yaxşı əlaqələrə malikdir.

Dubay və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bundan əvvəl onun təhlükəsiz şəraitdə və ailəsinin qayğısı altında olduğunu bildirmişdi.

Lətifənin atası Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum, dünyanın ən varlı dövlət başçılarından biri, Dubay əmiri və BƏƏ-nin vitse-prezidentidir.

Videolar bir neçə ay ərzində telefona çəkilib. Həmin telefon Lətifəyə o tutulduqdan və Dubaya qayıtdıqdan təxminən bir il sonra gizli şəkildə verilib.

O, videolarını hamam otağında çəkib, çünki qaldığı yerdə açarla qapısını bağlaya bilən yeganə otaq həmin hamam otağıdır.

Lətifənin tutulması və saxlanması barədə məlumatı Panoramaya onun yaxın dostu Tiina Jauhiainen, ana tərəfindən qohumu Marcus Essabri və kampaniya fəalı David Haigh açıqlayıblar. Onların hamısı Latifəyə Azadlıq kampaniyasının iştirakçılarıdırlar.

Onlar deyirlər ki, Lətifənin təhlükəsizliyindən narahat olaraq onun mesajlarını indi açıqlamaq barədə çətin bir qərar qəbul ediblər.

Polis tərəfindən mühafizə olunan, pəncərələri qapadılmış Dubay villasında saxlanılan Lətifə ilə məhz onlar əlaqə qurmağı bacarıblar.

Panorama Latifanın saxlandığı yerin harada yerləşdiyinin detallarını müstəqil qaydada yoxlayıb.

Dubay və BƏƏ hökumətləri BBC-nin Lətifənin hazırkı vəziyyəti ilə bağlı şərh verilməsi barədə müraciətlərə cavab verməyib.2018-ci ildə ölkədən qaçmağa cəhd etmiş Dubay əmirinin qızı, Şahzadə Lətifə Əl-Məktum bir müddət sonra dostlarına gizli video mesajlar göndərərək atasını onu "girov" saxlamaqda günahlandıraraq həyatı üçün qorxduğunu bildirib.