You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Joe Biden ABŞ prezident seçkilərində qalib gəlir - BBC-nin proqnozu
Joe Biden öz rəqibi Donald Trump-ı məğlub edərək ABŞ prezidentliyi uğrunda yarışın qalibi olub, BBC-nin proqnozu göstərir.
Son məlumata əsasən, demokratların namizədi əsas döyüş meydanı sayılan Pennsylvania ştatında səslərin çoxunu qazanaraq qələbə üçün tələb olunan 270 səs həddini keçməyə müvəffəq olub.
Joe Biden həlledici ştatların əksəriyyətində üstünlük qazansa da, bu, hələlik rəsmi qələbə demək deyil: seçki kollegiyası ABŞ prezidentini 14 dekabrda seçəcək.
Bidenin qələbəsinin proqnozlaşdırılması, səslərin hesablanması başa çatan ştatlara aid qeyri-rəsmi nəticələrə və hesablanmanın davam etdiyi Wisconsin kimi ştatlardan gözlənilən nəticələrə əsaslanır.
Kamala Harris-lə birgə seçkilərə qatılan Joe Biden-in qələbəsi təsdiqlənərsə, ABŞ-da ilk dəfə olaraq qadın vitse-prezident olacaq.
Bir neçə gündür davam edən bülletenlərin sayılmasına görə rəqibini qabaqlayan Joe Biden bir neçə dəfə deyib ki, prezident seçkilərində qalib gələcəyinə şübhə etmir. Hərçənd ki, o, səslərin sayılmasını gözləyəcəyini vurğulayıb.
Donald Trump, bəzi yerlərdə öz liderliyinin "möcüzəvi şəkildə" yoxa çıxdığını deyərək məhkəmədə iddia qaldıracağı ilə hədələyib.
O, cənab Biden-in "özünü qalib kimi göstərdiyini" söyləyərək seçkinin "bitməmiş" olduğuna inandığını bildirib.
Trump kampaniyası əsas ştatlar olan Wisconsin, Georgia, Pennsylvania və Michigan-dakı səs sayımlarından narazı olduğunu deyib.
Koronavirus pandemiyasına görə, poçtla daxil olan rekord sayda səslərin sayılması hələ də davam edir.
2016-cı ildə ABŞ Prezidenti seçilmiş cənab Trump "saxtakarlıq" iddiaları ilə çıxış edib və milyonlarla səsin hesablanmasına baxmayaraq Ali Məhkəməyə müraciət edəcəyini söyləyir.
Seçkilərdən sonra cənab Biden Delaware-də tərəfdarlarına seçkilərin "hər bülleten sayılana qədər bitmədiyini" söyləyib və "qələbə qazanmağın yolundayıq" deyə israr edib.
Bu dəfəki seçkilərdə iştirakçılıq faizi də bir əsrdən çox müddət ərzində yüksək hesab olunur. Bəzi ştatlarda səslərin sayılması günlərlə davam edə bilər.
Bu dəfəki seçkilərə milyardlarla dollar xərclənib və o, ən bahalı ABŞ prezident seçkiləri hesab olunur.