You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rolling Stones Trump-a mahnılarından istifadə etməmək barədə xəbərdarlıq edib
Rolling Stones qrupu ABŞ prezidenti Donald Trump-ı xəbərdar edib ki, apardığı seçkiqabağı kampaniyası çərçivəsində təşkil edilən mitinqlərdə qrupun mahnılarından istifadə etməyə davam edərsə, o zaman ona qarşı qanunvericilkdə nəzərdə tutulmuş tədbirlər görülə bilər.
Rolling Stones qrupunun hüquqşünaslar komandası mahnılardan icazəsiz istifadəni dayandırmaq üçü musiqi ifaçılığı sahəsində hüquqların qorunması ilə məşğul olan BMI təşkilatı ilə birlikdə çalışdıqlarını söyləyib.
Donald Trump-ın ABŞ-da bu ilin prezident seçkilərinə hazırlıq kampaniyası çərçivəsində Oklahoma ştatının Tulsa şəhərindəki ötən həftə təşkil olunmuş mitinqdə Rolling Stones qrupunun mahnılarından biri səsləndirilib.
Eyni mahnıdan Trump kampaniyası tərəfindən ABŞ-da 2016-cı il prezident seçkiləri zamanı da istifadə olunmuşdu.
O zaman, 2016-cı ildə qrup öz Twitter səhifəsində bildirmişdi ki, "The Rolling Stones Donald Trump-a dəstək vermir".
Şənbə günü yayılmış açıqlamada qrupun nümayəndələri bildiriblər ki, əvvəlki xəbərdarlıqlar nəzərə alınmadığına görə cənab Trump-ın gələcək prezident seçkiləri ilə bağlı təbliğat kampaniyasında Rolling Stones qrupunun materiallarından istifadə etməsinin qarşısını almaq üçün "növbəti addımların atılmasına ehtiyac var".
Xəbərlərə görə, BMI Trump kampaniyasını xəbərdar edib ki, Rolling Stones-un mahnılarından icazəsiz istifadə qrupun lisenziya müqaviləsini pozduğundan belə hərəkətlərə qarşı qanuni tədbirlər görüləcək.