Livan hökuməti niyə istefa verib?

Videonun alt yazısı, Livan paytaxtı Beyrutda dəhşətli partlayış: çoxlu yaralı var

Livan hökuməti ötən həftə Beyrutda 200-dən çox insanın ölümü ilə nəticələnmiş partlayışa görə istefa verib.

Bunu Baş nazir Hassan Diab bazar ertəsi axşamı dövlət televiziyası vasitəsilə bəyan edib.

Ötən çərşənbə axşamı baş vermis partlayışa görə livanlılar hökuməti laqeyd olmaqda və korrupsiyada ittiham edirlər.

Bundan əvvəl Livanın Prezidenti Mişel Aun partlayışa səbəb olmuş 2,750 ton ammonium nitratın 6 il ərzində şəhərdəki bir anbarda təhlükəli vəziyyətdə saxlanıldığını deyib.

Bazar ertəsi günü səhəri ədliyyə, informasiya və ətraf mühit nazirləri də istefa veriblər.

Lakin bütün kabinet üzvlərinin istefasına dair çağırışlar olub.

Həftəsonu hökumətə qarşı etirazlar davam edib, bu nümayişlər polislə qarşıdurma ilə müşayiət olunub.

Beyrutda baş verən böyük partlayış nəticəsində azı 200 nəfərin ölməsindən və 4000-dən çox insanın yaralanmasından sonra Livan matəm içindədir. 110 nəfər itkin düşüb.

Hökumət niyə istefa verdi?

Livanda narazılıq illərdir davam edir.

2019-cu ilin sonlarında Whatsapp zənglərinə vergi qoymaq planı iqtisadi xaos və korrupsiyaya qarşı kütləvi etirazlara gətirib çıxardı və nəticədə hökumətin istefasına səbəb oldu.

Koronavirus etirazları dayandırdı, lakin maddi durum pisləşməkdə davam etdi və ötən çərşənbə axşamı baş verən partlayış illərlə davam edən korrupsiya və pis idarəetmənin ölümcül nəticəsi kimi qiymətləndirildi.

Hökümətin istintaq aparmaq planları siyasi elitaya olan bütün inamını itirmiş bir çox insan üçün kifayət etmədi.

Nazirlər Kabinetinin istefasından əvvəl bir sıra nazirlər istefa vermək niyyətində olduqlarını bildirmişdilər.

Lakin bu hökumətin istefası qəzəbin mütləq bitəcəyi demək deyil.

Hökümətin tərkibi keçən ilki etirazların nəticəsində formalaşdırılmışdı və indi həmin hökümət eyni korrupsiya ittihamlarına görə istefa verməyə məcbur edilib.

Beyrutda xilasetmə işləri

Şəklin mənbəyi, Reuters

Livan hökumətinin verdiyi məlumata görə, Beyrut limanının bir sıra vəzifəli şəxsləri çərşənbə axşamı baş verən böyük partlayışla əlaqədar istintaqa qədər ev dustaqlığına götürülüblər.

Yerli gömrük rəisi Badri Daher deyib ki, onun agentliyi kimyəvi maddələrin götürülməsinə çağırış etsə də "bu baş verməyib".

"Səbəbləri müəyyən etmək üçün bunu mütəxəssislərə buraxırıq," - o söyləyib.

Ammonium nitrat kənd təsərrüfatında gübrə və partlayıcı kimi istifadə olunur.

Çərşənbə günü Livan Prezidenti Mişel Aun Kabinetin fövqəladə görüşündə "Heç bir söz dünən gecə Beyrutda baş verən və onu fəlakətə məruz qalan şəhərə çevirən dəhşəti təsvir edə bilməz" deyib.

Böyük Britaniyanın Sheffield Universitetinin mütəxəssisləri partlayışın gücünün II Dünya müharibəsi dövründə Yaponiyanın Hiroşima adasına atılan atom bombasının gücünün 1/10-nə bərabər olduğunu və "şübhəsiz ki, tarixdəki ən böyük qeyri-nüvə partlayışlardan biri" olduğunu deyir.

Beyrut limanı partlayışdan sonra

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Beyrut limanı partlayışdan sonra

Partlayışa nə səbəb olub?

Ammonium nitratının 2013-cü ildə gəmidən boşaldılmasından 6 il sonra Beyrut limanındakı bir anbarda saxlandığı bildirilir.

Beyrut limanının və gömrük orqanının rəhbərləri yerli mediaya deyiblər ki, onlar limanın təhlükəsizliyini təmin etmək üçün kimyəvi maddələrin oradan ixrac edilməsi və ya satılması barədə bir neçə dəfə ədliyyə orqanlarına yazıblar.

Liman Baş direktoru Hassan Koraytem OTV-yə açıqlamasında məhkəmənin materialın anbarda saxlanmasına göstəriş verdiyində onun təhlükəli olduğunu bildiklərini, "lakin bu dərəcədə təhlükəli olduğunu bilmədiklərini" deyib.

Livan Ali Müdafiə Şurası hadisəyə cavabdeh olanların mümkün "maksimum cəza" alacaqlarını vəd edib.

Hadisə yerində təhlükəsizlik qüvvələri geniş ərazidə axtarışları davam etdirir. Onlarla insan hələ də itkindir.

Beyrut

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, 300 min insanın evinin pis vəziyyətə düşdüyü deyilir

Livanın səhiyyə naziri Hamad Hassan ölkənin səhiyyə sektorunda çarpayıların az olduğunu və yaralıların müalicəsi və ağır vəziyyətdə xəstələrə qulluq üçün lazımi avadanlıqların olmadığını söyləyib.

O, "çox sayda uşağın" xilas edildiyini, lakin ölü sayının daha da artacağından qorxduğunu əlavə edib.

Ammonium nitrat partlayışı zəhərli qaz buraxa bilir.

Yayılmış videolarda böyük tüstü buludu və dağılmış binalar görünür.

Livan, Avqust 4, 2020

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Partlayış uzaqda yerləşən otelin pəncərələrini qırıb

Bu, Livan üçün həssas zamanlardır - BMT tribunalı şənbə günü keçmiş Baş nazir Rafik Haririnin 2005-ci ildə qətlə yetirilməsilə bağlı dörd şübhəli barədə hökm çıxaracaq.

Azərbaycanın Xarici İşlər Nazirliyindən BBC News Azərbaycancaya "Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmadığı" bildirilib.

Azərbaycan Livana faciənin nəticələrinin aradan qaldırılması üçün 1 milyon ABŞ dolları məbləğində yardım edəcək.

Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Livan Prezidenti çərşənbə günü kabinetin təcili iclasını çağırıb və iki həftəlik fövqəladə vəziyyət elan edilməli olduğunu bəyan edib.

Livan, Avqust 4, 2020

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Ammonium nitrat partlayışı zəhərli qaz buraxa bilir

Ammonium nitrat nədir?

Ammonium nitrat bir sıra fərqli sahələrdə - daha çox kənd təsərrüfatı gübrəsi və partlayıcı maddə kimi istifadə olunur.

Yanğınla təmasda olduqda yüksək partlayıcıdır - və partladığı zaman ammonium nitrat azot oksidləri və ammonyak qazı da daxil olmaqla zəhərli qazları buraxa bilər.