BMT: İsraildəki avtomobildə cinsi əlaqə videosu "şok və narahatlıq" doğurub

BMT binası

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, BMT hadisə ilə bağlı araşdırmanın sürətlə irəlilədiyini bildirir

Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirir ki, üzərində BMT simvolları olan avtomobildə qadınla kişi arasında "cinsi əlaqəni" əks etdirən video "şok və dərin narahatlıq" doğurub.

Cümə günü Twitter-də paylaşılan 18 saniyəlik klip sosial şəbəkələrdə yayılıb.

Videoda BMT nişanlı avtomobilin arxasında kişi və qırmızı donlu qadını görmək olar.

Belə görünür ki, video Təl-Əvivin əsas sahilyanı prospektinin yaxınlığında çəkilib.

Avtomobilin önündə daha bir nəfər oturur, amma sürücünü görmək mümkün deyil.

BMT hadisənin araşdırıldığını və videoda göstərilən şəxslərin kimliyini müəyyənləşdirməyə yaxın olduğunu bildirir.

Güman olunur ki, videoda görünən şəxslər İsraildə fəaliyyət göstərən sülhməramlı təşkilatın işçiləri ola bilər.

BMT nə deyib?

BMT baş katibinin sözçüsü deyib ki, təşkilatda bu cür davranışı "iyrənc" hesab edirlər.

Bu, "BMT işçilərinin yersiz davranışa qarşı mübarizə baxımından əldə etdiyimiz hər şeyə ziddir," - Stephane Dujarric BBC-yə bildirib.

O, videoda görünənlərin "şok və dərin narahatlıq" doğurduğunu deyib.

Bu, "ödənişli seks ola bilərmi?" sualına cavab verən Dujarric məsələnin araşdırma mövzusu olduğunu qeyd edib.

BMT, işçiləri tərəfindən cinsi istismara qarşı sərt siyasət aparır. Təşkilatın baş katibi Antonio Guterres, cinsi istismara "sıfır dözümlülük" yanaşmasını elan edib.

BMT nümayəndəsinə görə, araşdırma "çox sürətlə" irəliləyir.

2019-cu ildə BMT işçilərinə qarşı cinsi istismar və zorakılıq iddiaları ilə bağlı 175 şikayət qeydə alınıb. Bu iddialardan 16-sı təsdiqlənib, 15-i əsassız tanınıb, qalanları ilə bağlı araşdırma davam edir.