You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Britaniya naziri: "Məktəblərdə dərslər iyun ayında qismən bərpa oluna bilər"
Britaniya hökümətinin naziri Michael Gove hesab edir ki, İngiltərə məktəblərində dərslər iyunun 1-dən mərhələli qaydada bərpa edilə bilər və koronavirus təhlükəsizliyi baxımından məktəblərdə vəziyyət etibarlıdır, lakin etiraf edib ki, "risk amilini aradan tamamilə qaldırmaq mümkün deyil".
Nazir Michael Gove BBC-nin Andrew Marr Show proqramına bildirb ki, məktəblərdə koronavirusa qarşı əsas profilaktik tədbirlər siniflərdə şagirdlərin sayının azaldılmasından və dərslərin bərpasının mərhələli qaydada həyata keçirilməsindən ibarət olacaq.
Britaniya höküməti İngiltərə məktəblərində iyun ayından etibarən aşağı sinif şagirdləri üçün mərhələli qaydada dərslərin bərpa edilməsini planlaşdırıb.
Müxalifətçi Leyboristlər partiyasının nümayəndəsi Angela Rayner bu planlarla bağlı höküməti alimlərin rəyini dərc etməyə çağırıb.
Britaniya Tibb Assosiasiyası tərəfindən dəstəklənən tədris sektorunun həmkarlar ittifaqı təhlükəsizliklə bağlı narahatlıq bildirib.
Andrew Marr-ın proqramına danışan nazir Michael Gove müəllimlərin və şagirdlərin koronavirusa yoluxmayacaqlarına zəmanət verməyib.
Həm də keçmiş Təhsil naziri olan Michael Gove qeyd edib ki, Britaniya digər Avropa ölkələrində uşaqların məktəblərə qayıtması təcrübəsindən faydalana bilər.
"Koronavirusa heç vaxt tutulmamağın yeganə yolu evdə qalmaqdır. Ancaq bu məhdudiyyət zəiflədikcə insanların koronavirusa tutulma riski həmişə olacaq, - o deyib. - Riski yox etmək mümkün deyil. Hər hansı bir məktəbin Covid epidemiyasının mənbəyi olması ehtimalı çox azdır".
Kölgə hökümətinin Təhsil naziri Angela Rayner isə həmin məsələylə əlaqədar Andrew Marr-a bunları deyib: "Mən höküməti elmi rəyi dərc etməyə çağırıram, təhlükəsizliyi təmin etmək üçün testdən keçirilmə və monitorinq təmin edilməlidir. Yerli bələdiyyələr sakinlərin təhlükəsizliyinin təmin olunmasını istəyirlər. Mən onların bu istiqamətdə səylərini dəstəkləyirəm".
İngiltərənin şimalındakı bəzi yerli rəsmilər hökumətin bu planı ilə razılaşmayıb - belə ki, Liverpool və Hartlepool bələdiyyələri koronavirusa yoluxma hallarının həmin bölgələrdə artdığını əsas gətirərək məktəblərin gələn ayın əvvəlində açılmayacağını bildiriblər.
Eləcə də məlumdur ki, Uelsdə iyunun 1-dən məktəblər açılmayacaq, Şotlandiya və Şimali İrlandiyada isə məktəblərin yay tətilindən əvvəl açılmayacağı ehtimal olunur.