Diametri 1,5 km olan asteroid Yerə yaxınlaşır. Deyəsən, o da maska taxıb

Şəklin mənbəyi, EPA
Diametri 1,5 km olan "1998 OR2" asteroidi Yerə yaxınlaşır. Alimlər zarafatla deyirlər ki, planetdə koronavirus olduğu üçün o da maskalıdır.
NASA 1998-ci ildə kəşf edilmiş və mütəmadi olaraq Yerə yaxınlaşan bu asteroidin potensial təhlükə mənbəyi olduğunu bildirir. Qurumun xəbərinə görə, bu dəfə o, Yerin yaxınlığından 29 apreldə, 6,2 milyon km məsafədən keçəcək.
Puerto-Rikodakı Aresibo rəsədxanasının astronomları kosmosda uçan bu göy cisminin şəklini çəkə biliblər. Onlar zarafatla qeyd edirlər ki, pandemiyadan xəbər tutan asteroid qoruyucu maska taxıb.

Şəklin mənbəyi, EPA
"Asteroidin bir tərəfində təpələr və silsilələr var və onlar bizi çox maraqlandırır. Ancaq bu gün bütün diqqətimiz "Covid-19"-a yönəlib və deyəsən, asteroid də özünə maska tədarük edib" - rəsədxananın mütəxəssisi Anni Virkki yaydığı pres-relizdə belə yazıb.
Rəsədxananın ekspertləri Yerə yaxın məsafədən keçən asteroidləri müşahidə edir və topladıqları məlumatlar sayəsində planetimiz üçün təhlükəli olan göy cisimlərinin trayektoriyalarını modelləşdirirlər.
"1998 OR2" bu dəfə Yer üçün təhlükəsiz məsafədən keçib gedəcək, ancaq alimlər gələn dəfə bu "görüşün" daha yaxından baş tutacağını deyirlər. Belə təhlükələri neytrallaşdıra biləcək texnologiyaların hazırlanması üçün göy cisimlərini öyrənmək lazımdır.
"2079-cu ildə "1998 OR2" asteroidi indikindən 3,5 dəfə yaxın məsafədən keçəcək, ona görə də onun dəqiq orbitini bilmək vacibdir" - rəsədxananın mütəxəssisi Flaviana Vendetti "Huffington Post" nəşrinə açıqlamasında belə deyib.






