ABŞ neftinin faciəsi: Alan yoxdur, satıcı alana pul ödəyir

Şəklin mənbəyi, Getty Images
ABŞ neftinin qiyməti tarixdə ilk dəfə "mənfi həddə" düşüb.
Bu o deməkdir ki, neft istehsalçıları may ayında neft depolarının saxlama qabiliyyətinin tükənə biləcəyi qorxusuna görə alıcılara nefti almaları üçün pul ödəyirlər.
Bütün dünya üzrə karantin tətbiqləri insanları evdə qalmağa məcbur etdiyinə görə neftə təlabat da azalıb.
ABŞ-ın bençmark markası olan West Texas Intermediate (WTI) markalı neftin bir barrelinin qiyməti mənfi 37,63 dollara qədər enib.
Texas ştatının Cushing şəhərində yerləşən depolar neftlə doludur və oraya gələcək olan nefti qoymağa yer yoxdur. Nefti almaq istəyən tapılmadığı üçün satıcı, neftinin alınması üçün onun üstündə pul da ödəyir.
BBC-nin iqtisadi məsələlər üzrə müxbiri Andrew Walker deyir ki, ABŞ-da və dünyanın digər yerlərində neft istehsal edən şirkətlər istehsalı azaltmaq qərarı veriblər. "Amma dünyada istehsal edə biləcəyimizdən daha çox çıxarılmış xam neft var", o deyir.
"Məsələ bu neftdən istifadə edib-etməyəcəyimiz deyil. Məsələ həm də onu karantin vəziyyəti aradan qalxana qədər harada saxlayacağımızdır", Andrew Walker əlavə edir.
Bazar ertəsi günü neftin qiymətindəki kəskin azalma qismən də olsa, qlobal neft bazarının texniki cəhətləri ilə əlaqələndirilib.
WTI markalı neftin iyun üçün qiyməti elə çox düşməsə də, 20 dollar civarında qalıb. Avropanın və bütün dünyanın istifadə etdiyi Brent markalı xam neftin qiyməti də iyun üçün 8.9 faiz azalaraq barreli 26 dollardan aşağı düşüb.

Bu ayın əvvəlində OPEC üzvləri və müttəfiqləri nəhayət ki, qlobal neft hasilatını 10 faiz azaltmaq barədə rekord razılaşma əldə ediblər. Bu, indiyədək neft hasilatında razılaşdırılan ən böyük azalma idi.
Lakin bir çox təhlilçilər deyir ki, bu azalma dəyişikliyə gətirib çıxaracaq qədər böyük deyildi.
ABŞ prezidenti Donald Trump hökumətin ölkənin milli ehtiyatı üçün neft alacağını açıqlayıb.










