Neftin qiyməti:18 ilin ən aşağı səviyyəsinə eniş ardınca cüzi artım

Koronavirus

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Yanacaq doldurma stansyasında işçi

İlin əvvəlindən WTI markasının dəyəri 60 faiz, Brent markası isə 30 faizədək aşağı düşüb.

Bazar ertəsi Londonda keçirilən hərracda neftin qiyməti 2002-ci ildən bəri ilk dəfə ən aşağı səviyyəyə düşəndən sonra bir qədər bahalaşıb.

Koronavirus pandemiyasına görə xam neftə tələbat azaldığından bazar ertəsi Brent markalı xam neftin bir bareli 22,58 dollara satılıb.

Bu, 2002-ci ilin noyabrından bəri neftin qiymətində müşahidə edilən ən aşağı səviyyə idi. Lakin bundan bir gün sonra, çərşənbə axşamı günü London əmtəə birjasında qiymətlər bir qədər artaraq 23.37 dollara çatıb.

ABŞ West Texas Intermediate (WTI) neftinin qiymətində də eyni dəyişkənlik müşahidə olunur.

Ötən gün onun qiyməti 20 dollardan aşağı düşərək 18 illin ən aşağı nöqtəsinə enib. Lakin çərşənbə axşamı günü 20 dollar səviyyəsini aşan WTI markalı xam neftin qiyməti 21,64 dollar civarlarında sabitləşib.

Qiymət müharibəsi

Reuters agentliyinin məlumatına əsasən, artım enerji bazarlarının sabitləşdirilməsilə bağlı ABŞ və Rusiya prezidentləri arasnda telefon müzakirələrindən sonra müşahidə olunur.

Şirkətlər hasilatı azaltdığı və ya kəsdiyi üçün bir neçə aydır ki, neftin qiymətində yarıdan çox ucuzlaşma baş verirdi.

Tələbatın azalması ilə yanaşı Səudiyyə Ərəbistanı ilə Rusiya arasında bu ayın əvvəlindən qiymət müharibəsi başladı.

Rusiya OPEC neft istehsalçıları qrupunun digər üzvləri ilə razılaşaraq hasilatı azaltmaqdan imtina edəndən sonra sabitlik pozulub.

Tələbat azalıb

Amma bu qərar neftə tələbatın azaldığı bir vaxta təsadüf etdi: koronavirus epidemiyası ilə mübarizə aparan ölkələr uçuşları azaldıb, yollarda avtomobillərin sayı azalıb.

Ekspertlər hesab edirlər ki, qiymətlərin aşağı düşməsində həlledici amil koronavirusla bağlı mübarizə tədbirləri nəticəsində tələbatın azalmasıdır.

“Koronavirusun yayılması ilə bağlı karantin tədbirləri nəticəsində neftin qiyməti öz sürətini saxlaya bilmədi və bu, qlobal tələbatın 20 faiz azalmasına səbəb olaraq, dünyanı [nefti] saxlama qabiliyyətindən məhrum edə bilər”, - Morgan Stanley-nin eksperti Devin McDermott Parisdə yerləşən Beynəlxalq Energetika Agentliyinə bildirib.

Şişt neftinin hasilatına təhlükə

Martn əvvəlindən bəri qiymətin düşməsi ABŞ-da şist neft istehsalçılarını da zərərlə üzləşdirib.

Cənab McDermott-un sözlərinə görə, indi ABŞ-da ya qazmaçılara ödənişi dayandırıb daha çox neft almaqla ölkənin Strateji Neft Ehtiyatlarını doldurmağa, ya da Texas kimi ştatlarda neft hasilatını azaltmağa yönəlik çağırışlar artır.

ABŞ dünyanın ən iri neft istehsalçısıdır.

“1930-cu ildən bəri ABŞ neft qiymətlərinə dəstək üçün neft və qaz istehsalına limit tətbiq edib,” - cənab McDermott bildirib.

"Bu təcrübə bu gün geniş yayılmasa da, həm federal, həm də dövlət tənzimləyiciləri hələ də istehsal səviyyələrinə məhdudiyyət qoymaq imkanına malikdirlər".