You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
ABŞ-da koronavirusa qarşı peyvənd sınaqdan keçirilib
- Müəllif, Michelle Roberts
- Vəzifə, BBC
ABŞ-da koronavirusa qarşı peyvəndin ilk klinik təcrübəsinə başlanılıb.
AP agentliyi xəbər verir ki, Seattle-dəki Kaiser Permanente araşdırma mərkəzinin mütəxəssisləri dörd könüllüyə peyvəndin eksperimental dozasını vurublar.
Peyvənddə virusdan götürülmüş genetik kod var. Preparat insana "Covid-19" yoluxdurmur.
Ekspertlər deyirlər ki, onun və hazırlanmaqda olan digər peyvəndlərin effekti bir neçə aya məlum olacaq.
Peyvənd vurulan ilk şəxs 43 yaşlı Seattle sakini Jennifer Haller-dir.
"Bu, vacib bir iş görmək üçün heyrətamiz fürsətdir" - Jennifer AP-ə açıqlamasında belə deyib.
Dünya alimləri bu araşdırmanı diqqətlə izləyirlər.
Milli Səhiyyə İnstitutunun maliyyələşdirdiyi, heyvanlar üzərində təcrübə mərhələsi edilməyən bu sınağa eyni vaxtda bir neçə şəxs cəlb edilib. Məqsəd peyvənd nəticəsində immun sisteminin aktivləşdiyinə əmin olmaqdır.
Peyvəndin istehsalçısı Moderna Therapeutics şirkəti bəyan edib ki, preparat yaxşı yoxlanılmış və müsbət nəticələr vermiş proses vasitəsilə hazırlanıb.
İmperial College London-un əməkdaşı, infeksion xəstəliklər üzrə mütəxəssis, Dr. John Tregoning peyvəndin mövcud texnologiyalar üzrə hazırlandığını təsdiq edib:
"İnsanlara tətbiqi təhlükə törətməyən yüksək texnologiyalardan istifadə edilib. Bütün könüllülər ciddi nəzarət altında olacaq. Bəli, proses sürətlidir. Ancaq bu, alim həmkarlarla yox, virusla yarışdır, insanlıq naminə görülən işdir".
Adətən, peyvəndlər (məsələn, qızılcaya qarşı peyvənd) ya zəifləmiş, ya da ölü viruslardan hazırlanır. Ancaq "mRNA-1273" adlandırılmış yeni peyvənd "Covid-19" xəstəliyini əmələ gətirən "SARS-CoV-2" virusundan hazırlanmayıb.
Alimlərin laboratoriya şəraitində hazırladığı koronavirus peyvəndində virusdan götürülmüş genetik kodun bir hissəsi var.
Araşdırmaçılar ümid edirlər ki, yeni peyvənd sayəsində insan orqanizmini virusla mübarizəyə hazır vəziyyətə gətirə biləcəklər.
Eksperimental peyvənd könüllülərin bədəninə fərqli dozalarda daxil edilib.
28 günlük fasiləylə hər birinin qoluna iki dəfə peyvənd vurulacaq.
Ancaq təcrübə uğurla nəticələnsə belə, peyvəndin kütləvi tətbiqi 18 ay sonra baş tuta bilər.